Siyasət

Freedom Now Azərbaycandakı həbsləri pisləyir və Abzas Media rəhbərliyini azad etməyə çağırır

Freedom Now beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda jurnalistlər – Abzas Media-nın direktoru Ülvi Həsənlinin və bu nəşrin redaktoru Sevinc Vaqifqızının həbsini pisləyib.

Təşkilatın bəyanatında deyilir ki, Freedom Now mülki geyimli şəxslər tərəfindən saxlanılan və bir müddət harada saxlanıldığı məlum olmayan Məhəmməd Kekalovun vəziyyətindən də narahatdır.

“Azərbaycan hökumətini onları dərhal həbsdən azad etməyə və bütün ittihamları ləğv etməyə çağırırıq. Həsənli Abzas Media-nın təsisçisi və direktoru, Vaqifqızı nəşrin redaktoru, Kekalov isə layihə meneceridir”, deyə bəyanatda bildirilir.

Abzas Media Azərbaycanda azsaylı müstəqil KİV-lərdən biridir. Həsənli noyabrın 20-də səhər saatlarında hava limanına gedərkən həbs edilib. Hakimiyyət onun saxlanıldığını təsdiq edənə qədər o, bir neçə saat ətraf aləmlə ünsiyyətsiz saxlanılıb.

Vaqifqızı növbəti gün səhər xaricdən gələrkən Bakı aeroportunda saxlanılıb.

Kekalovun ailəsi onun həbsi zamanı polisin kompüter və digər əşyaları müsadirə etdiyini bildirib.

Polis Həsənlinin, Vaqifqızının və Kekalovun evlərində, habelə Abzas Media-nın ofisində axtarış aparıb. Ofisdə polisin 40 000 avro tapdığı bildirilir. Bundan Həsənli və Vaqifqızına qarşı valyuta qaçaqmalçılığı ittihamı irəli sürülməsi üçün istifadə olunub.

Kekalovun saxlanılmasından iki gün sonra DİN səbəb açıqlamadan bunu təsdiq edib. Kekalovun ailəsi bildirib ki, onların xəbəri olmadan ona başqa müdafiəçi təyin edilib. Ailənin tutduğu vəkil onunla əlaqə saxlaya bilməyib.

Həbslər, çox güman ki, Abzas Media-nın hökumətdə korrupsiya ilə bağlı jurnalist araşdırmaları ilə bağlıdır. Hökumət bundan əvvəl də Abzas Media-nın işinə müdaxiə etməyə çalışıb. Həsənli 2023-cü ilin iyulunda qadın fəalların fleşmobunu videoya çəkərkən saxlanılıb. Ötən ay o, Facebook-da ekoloji etiraz aksiyasını işıqlandıran jurnalistləri saxlayan iki polisin fotoşəklini yaydığına görə polis tərəfindən dindirilib.

Vaqifqızı da öz işinə görə təqiblərə məruz qalıb.

Fikri ifadə azadlığının Konstitusiya ilə qorunmasına baxmayaraq, Azərbaycanda media iqlimi həddindən artıq məhduddur, bu da müstəqil jurnalistləri və blogerləri özünüsenzuraya və ya başqa şəkildə hökumətin repressiyalarına məruz qoyur. Yerli qrupların məlumatlarına görə, 2023-cü ilin oktyabrına olan vəziyyətə görə, altı jurnalist siyasi motivlərlə həbsdədir.

Ənənəvi KİV tamamilə hakim elitanın nəzarəti altındadır. 2021-ci ilin dekabrında Azərbaycan KİV haqqında yeni Qanun qəbul edib, bu qanun hakimiyyətə KİV-ləri və jurnalistləri xüsusi əsas olmadan sərt cəzalara məruz qoymaq hüququ verib.

Həsənli, Vaqifqızı və Kekalovun həbsi Azərbaycanda bu yaxınlarda baş verən siyasi əsaslı həbslərin daha bir nümunəsidir. 2023-cü ilin iyulunda hökumətin korrupsiya siyasətini tənqid edən iqtisadçı alim və fəal doktor Qubad İbadoğlu həbs edilib.

Demokratiya fəalı Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrından həbsdə saxlanılır və uydurma xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə təhqiqatı gözləyir.

Bu yaxınlarda bir neçə müharibəyə qarşı olan dinc fəal da özbaşına həbs və məhkəmə təqibinə məruz qalıb, deyə bəyanatda qeyd edilir. (Turan)

Bənzər yazılar

Back to top button