Dünya

Hindistan Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarını genişləndirir

“Hindistan Çabahar birləşdirici dəhlizinin Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Orta Asiyaya birləşdirmək imkanlarını araşdırır”.

Bunu “Report”a açıqlamasında Mumbay Universitetinin Avrasiya məsələləri üzrə fəlsəfə doktoru Şoaib Xan deyib.

Onun sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizi enerji cəhətdən məhdud olan Hindistan kimi, həmçinin enerji istehsal edən ölkələrə və tranzit ölkərə də böyük fayda verəcək: “Şimal-Cənub nəqliyyat dəhlizi quru və dəniz yolu ilə çox multimodal nəqliyyat şəbəkəsidir. Bu şəbəkə Hinistan okeanını Fars körfəzi, Xəzər dənizini, Rusiyanı, Şimali Avropa ilə birləşdirəcək. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistanın Avrasiya regionunda strateji və iqtisadi məqsədlərində oyun dəyişdiricisi edəcək. Hindistan Çabahar birləşdirici dəhlizinin Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Orta Asiyayaya bağlantısını uzadılması ilə bağlı imkanları araşdırır”.

Ş.Xan deyib ki, Mumbaydan Rusiyaya bu dəhlizlə yükdaşıma müddəti başqa yolla sərf edilən vaxtın yarısına bərabər olacaq, həmçinin hər 15 ton karqoda 2 500 dollar qənaət etmək imkanı verəcək. Onun sözlərinə görə, dünyada bir sıra beynəlxalq layihələrdə yükdaşımalar tarifləri ilə bağlı narazılıqlar və mübahisələr müşahidə edilir: “Beynəlxalq sanksiyalar,iqtisadi ləngimə, dünyada və məhz Hindistanda cərayan edən qeyri-sabit siyasi vəziyyət bu layihə üçün böyük çağırışdır”.

Xatırladaq ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək “Şimal-Cənub” nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.

Azərbaycan “Şimal-Cənub” layihəsinə 2005-ci ildə qatılıb və dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlər artıq yekunlaşıb. Belə ki, Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. “Azərbaycan Dəmir Yolları” QSC həmçinin İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə – 3 milyon ton, ikinci mərhələdə – 5-8 milyon ton, üçüncü mərhələdə – 15 milyon ton təşkil edəcək.

Bənzər yazılar

Back to top button