Hadisə

Bağırova etiraz etdiyi üçün işdən çıxarılan akademik – Gizli tarix

Müharibədən sonra Azərbaycanda Milli Elmlər Akademiyasının yaradılmasını Mərkəz çox vacib bir hadisə hesab edirdi. Çünki müharibə müddətində Azərbaycan neft-kimya elminin, sənaye sahəsinin necə dəyərli olduğunu anlamışdılar. Odur ki, SSRİ Elmlər Akademiyasının müstəqil Bakı filialının yaradılması zərurəti ortaya çıxdı. Bundan əlavə, artıq 1940-cı il üçün respublikada 60 elmi müəssisə fəaliyyət göstərirdi. 1936-cı ildən 1941-ci ilədək SSRİ EA Azərbaycan filialının elmi işçi və aspirantlarından 34 nəfəri dissertasiya (o cümlədən 5 doktorluq dissertasiyası) müdafiə etmişdi.
SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə 1935-ci ildə əsası qoyulan filial Azərbaycan Elmlər Akademiyasına çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-ya 15 həqiqi üzv seçilib: Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə. Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ.Şiroqorov.

1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında M.Mirqasımov prezident seçilib.

Amma Mirqasımovun prezidentlik fəaliyyəti o qədər də uzun olmayıb. İki ildən sonra zamanın xüsusi tələbləri və bu tələblərin qulu olan insanlar onu vəzifəsindən edirlər.
O zaman yüksək vəzifələrə çatmaq arzusunda olanlar Kommunist Partiyasının üzvü olmağa can atırdılar. Çünki bunsuz məqsədlərinə çatmaları çətin idi. Mirqasımov isə öz nüfuzu, savadı sayəsində vəzifələrə yüksəlir, ancaq Kommunist Partiyasına üzv olmurdu. Dostları, yaxınları onu qorumaq üçün məsləhət görürdülər ki, ərizə yazıb partiyaya keçsin. O isə bunu etmirdi.
Moderator.az xəbər verir ki, bir gün Mircəfər Bağırov Filarmoniyada keçirilən iclasda Azərbaycan Elmlər Akademiyasının təşkilatçısı və ilk prezidenti Mirəsədulla Mirqasımova deyir:

– Bitərəfliyiniz yetər, yoldaş Mirqasımov, Kommunist Partiyasına üzv olmalısınız.
– Bu, mümkün deyil, yoldaş Bağırov.
– Bu nə sözdür?
– Mən bir dəfə and içmişəm, o da Hippokrat andı. Həm də mən Allaha inanıram.

Salondakılar birinci katiblə alimin arasında gedən bu söhbətdən təşvişə düşüblər. Alim bu söhbətin onun üçün necə nəticələr verə biləcəyini söz yox ki, götür-qoy etmişdi. Mircəfər Bağırova o qədər adamın yanında kəskin şəkildə “yox” dediyinə görə azadlığına, bəlkə də həyatına “əlvida” deyə bilərdi. Sadəcə, öz prinsiplərindən, qürurundan əl çəkmək, güzəştə getmək ona yad idi. Bunu Bağırov da yaxşı bilirdi.
O, birinci katibin reaksiyasını çox gözləməli olmayıb. İclasdan çıxıb piyada işə gəlməsi on dəqiqə çəkib. İçəri girəndə görüb ki, nə katibəsi, nə də köməkçisi yerindədir. Kabineti isə möhürlənib. Kommunist Partiyasının üzvü olmaqdan imtina edən Mirəsədulla Mirqasımov akademiyanın prezidenti vəzifəsindən azad olunub.

Elmin Nuri

Moderator.az

Bənzər yazılar

Back to top button