Siyasət

Rusiyalı ekspert: Azərbaycan ordusu qüdrətinə görə regionda ən yaxşı ordudur

Azərbaycan bu gün beynəlxalq hüquq normalarına, özünümüdafiə hüququna müvafiq surətdə hərəkət edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Moskva-Bakı” portalına hərbi ekspert, “Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalının baş redaktoru İqor Korotçenko söyləyib.

O qeyd edib ki, erməni ordusu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təxribatlar həyata keçirir və Azərbaycan, beynəlxalq hüquq normaları baxımından, cavab əməliyyatları üçün bütün hüquqlara malikdir. İ.Korotçenko deyib: “Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması – regionda gələcəkdə böyük müharibəyə əsasdır. Üstəlik, Ermənistan tərəfindən şüurlu hərəkətlərin olmamasını da nəzərə almaq lazımdır. Biz daim Yerevanın hərbi təxribatlarını, qorxunc informasiya yaymaqla məşğul olduğunu görürük. Nikol Paşinyanın səbatsız siyasi vəziyyəti hərbi təxribat yolunu onun üçün salamat qalmağın yeganə variantı edir. Nikol Paşinyan Qarabağ istiqamətində təxribatla əhalinin diqqətini daxili siyasət sahəsində müvəffəqiyyətsizlikdən, ölkədə fəlakətli iqtisadi vəziyyətdən, koronavirusla mübarizədə iflasa uğramadan yayındırmağa çalışır. Bunların hesabını ondan soruşmasınlar deyə o, qəsdən hərbi münaqişə törədir və Azərbaycanı təqsirləndirir. Paşinyanın hərəkətlərinin məntiqi bax budur – bu, siyasi fırıldaqçının və hakimiyyət xatirinə hər cür təxribata, o cümlədən hərbi təxribatlara hazır olan insanın hərəkətlərinin məntiqidir”.

İ.Korotçenko xatırladıb: “Bu gün Azərbaycan işğal edilmiş Füzuli və Cəbrayıl rayonlarında özünün 7 kəndini döyüş nəticəsində geri alıb, strateji yüksəkliklərini qaytarıb. Bu, nədən xəbər verir? Bu, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinə görə regionda ən yaxşı ordu olmasını bir daha sübut edir. Azərbaycan ordusu yaxşı motivasiya olunub, axı, onun hərbi qulluqçuları haqq işi uğrunda vuruşurlar, onlar öz Vətənlərinin işğal olunmuş ərazilərini geri qaytarırlar. Bu səbəbdən onlar yüksək vətənpərvərlik ruhu ilə seçilirlər. Erməni hərbi qulluqçuları isə hətta nə uğrunda vuruşduqlarını bilmirlər – onlar özlərinin olmayan ərazilər uğrunda vuruşurlar. Azərbaycan ordusu səriştəlilik səviyyəsinə, Silahlı Qüvvələrin texniki təchizatına, azərbaycanlı komanda kadrlarının səviyyəsinə, generalların, zabitlərin hazırlığına görə yalnız əla qiymətə layiqdir”.

Ekspertin sözlərinə görə, Azərbaycan öz ərazilərinin erməni tapdağı altında olduğu şəraitdə milli maraqlarını müdafiə edir. Belə şəraitdə bundan sonrakı təmkinlilik mövqeyi sadəcə mümkün deyildi, Azərbaycan cavab verməli idi.

“Tam qətiyyətlə bircə onu deyə bilərəm ki, Azərbaycan beynəlxalq hüquq normalarına, özünümüdafiə hüququna müvafiq surətdə hərəkət edir. O, on illər ərzində erməni işğalçılarının tutduqları Azərbaycan kəndlərini azad edir”, – deyə ekspert sonda bildirib.

Bənzər yazılar

Back to top button