Siyasət

Xeyli ərazi azad edilib və yeni qələbələr üçün son həmlələr edilir – Deputat

“İnanıram ki, belə təşəbbüslərin sayı yüz minlərlə olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanın cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq naminə Silahlı Qüvvələrə Yardım Fonduna köçürülən maliyyə vəsaitinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu günlər ayrı-ayrı biznes strukturlarının Silahlı Qüvvələrin Yardım fonduna vəsait köçürməsi, o cümlədən biznes sahələri də qələbyə öz töhvəsini verməkdədir:

“Əlbəttə ki, belə təşəbbüslər alqışa layiqdir. İnanıram ki, belə təşəbbüslərin sayı yüz minlərlə olacaq. Nəinki biznes sahələri, eyni zamanda ayrı-ayrı vətəndaşlardan da biz bunu görəcəyik. Azərbaycan Ordusu bu günlərdə cəbhə bölgəsində inamla irəliləyir. Xeyli ərazi azad edilib və daha strateji yaşayış məntəqələrinin alınması üçün son həmlələr edilir. Düşmən çaşqınlıq içərisindədir, erməni xalqı arasında böyük panika var. Bütün bunlar göstərir ki, Azərbaycan düzgün yoldadır”.

Aydın Mirzəzadənin fikrincə, ilk növbədə hər bir dövlətin, cəmiyyətin gücü xalqın ölkəyə dəstəyindədir:

“Orduya mənəvi dəstəyin olması onu güclü, inamlı edir, qarşısına qoyduğu vəzifələri yerinə yetirməsi üçün dəstək verir. Xalq öz ordusuna inanır və onu dəstəkləyir, hər an onun yanındadır. Azərbaycan əsgəri cəmiyyətdə böyuk nüfuza malikdir. Bu günlər Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarlarının qarşısını almaq üçün hücuma keçməsi fonunda yaranan vəziyyət xalqla ordu arasında birliyi bir daha nümayiş etdirir. Bütün bölgələrdə insanlar döyüşə getmək, səfərbər olmaq üçün aidiyyatı qurumlara müraciət edir. Hər bir bölgədə döyüş zonasından gələn şəhid tabutlarını xalq qəhrəman kimi qarşılayır və böyük ehtiramla son mənzilə yola salır”.

Bənzər yazılar

Back to top button