CəmiyyətManşet

Tikinti şirkətlərinə sonuncu zərbə – Ali Məhkəmənin möhtəşəm qərarı

Xəbər verdiyim kimi, yaşadığım çöxmənzilli binanı qanunsuz (sakinlərin ümumi yığıncağının qərarı olmadan) idarə edən tikinti şirkətinə qarşı məhkəmələrdə mübarizə aparıram. Fevral ayında Bakı Apellyasiya Məhkəməsi qət etmişdi ki, şirkət binadan çıxarılmalı və idarəetmədən kənarlaşdırılmalıdır.

(https://www.facebook.com/akram.hasanov.5/posts/pfbid0UHCvJqR3ymLydUbtQZ97U4Et1gDzEYQMGfsCs7ade3Qjy1Eg2V9uLzLb7SzeuzEPl).

Bu yaxınlarda isə Bakı İnzibati Məhkəməsi qərar qəbul etdi ki, sakinlər ümumi yığıncağı keçirməyibsə, bunu bələdiyyə etməli, sakinlər idarəetmə üsulunu müəyyən etməyibsə, bələdiyyə müsabiqə keçirərək idarəedici təşkilatı seçməlidir. (https://www.facebook.com/akram.hasanov.5/posts/pfbid02MiwFMAAjobPiczkJHz6nRu7VMWY1gTgi63wUu7hekJYoVizSwsjkvC8kVkT7KEFql).

Paralel Ali Məhkəmə birinci iş üzrə kassasiya şikayətimə baxırdı. Çünki apellyasiya məhkəməsi tikinti şirkətini binadan çıxarsa da, faktiki göstərdiyi “xidmət”lərə görə ona ödəniş etməli olduğumuzu da qət etmişdi. Lakin Ali Məhkəmənin dərc etdiyim qərarına əsasən bu yanaşma yanlış hesab edilmişdir. Qərarda vurğulanmışdır ki, şirkətin “çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinə əsasən hüquqi əsasların olmadan həyata keçirilməsi faktı təsdiqini tapmışdır. Belə olduğu təqdirdə, MMC-nin iddiaçılardan kommunal borclarının tutulmasına dair tələbinin də hər hansı bir hüquqi əsası yoxdur… qanuni əsası olmayan
tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.”  Yəni tikinti şirkəti binanı sakinlərin (və ya bələdiyyənin) qərarı olmadan idarə edirsə, sakinlərdən heç bir ödəniş tələb edə bilməz.

Bu, mübarizəmizin pik nöqtəsidir. Bu presedentdən istifadə edin. Tikinti şirkətlərinə ödəniş etməyin, onları binanızdan qovun, idarəçiliyi öz əlinizə alın, o cümlədən peşəkar və sizə hesabatlı olan idarəçi təşkilatı müəyyən etmək yolu ilə! İrəli!

P.S. Ali Məhkəmənin bu qərarı ən savadlı və vicdanlı hakimlərimizdən olan hörmətli Ələsgər Əliyevin sədrliyi ilə qəbul edilmişdir. Bu həftənin əvvəlində Ələsgər müəllim təqaüdə yola salınmışdır. Əminəm ki, o, hüquq sistemimizin inkişafı istiqamətində töhfəsini verməyə davam edəcək. Hər bir halda uzun illər boyu çox çətin şəraitdə məhkəmə sistemimizin müsbət simalarından biri kimi qalmasına, insan hüquqlarını bacardığı qədər qoruduğuna görə ona təşəkkür edir və uğurlar arzulayıram. Son qərarlarından biri bizim iş üzrə oldu və çox möhtəşəm oldu! Qərar tarixə düşdü! Ələsgər müəllimin özü kimi!

Əkrəm Həsənov, hüquqşünas

Bənzər yazılar

Back to top button