GündəmSiyasət

Blinken Əliyev və Paşinyanla sülh müqaviləsini müzakirə etdi

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh müqaviləsinin bağlanması imkanlarını müzakirə edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatlarında bildirilib.

Bir bəyanata görə, Blinken Azərbaycan və Ermənistan arasında güclü və təmsilçi sülh sazişinə sadiqliyinə görə Prezident Əliyevə təşəkkür edib. ABŞ dövlət katibi uzun müddətdir davam edən münaqişənin həm Azərbaycana, həm də Ermənistana iztirablar gətirdiyini deyib və həmçinin qeyd edib ki, sülh sazişi regionda hər kəsə fayda verəcək. Bundan əlavə, Blinken Əliyevlə ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətləri müzakirə edib, həmçinin, əməkdaşlığın gücləndirilməsi imkanlarına toxunub.

Amerika xarici siyasət departamentinin mətbuat xidmətinin rəhbəri başqa bir bəyanatda qeyd edib ki, Blinken Paşinyanla söhbətində ABŞ-nin sülh müqaviləsinə nail olmaq səylərinə dəstəyini müzakirə edib. Eyni zamanda, dövlət katibi Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və Ermənistanla ikitərəfli əməkdaşlığı artırmaq üçün səylərini ifadə edib.

Qeyd edək ki, noyabrın 18-də Ermənistanın Baş naziri ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində bildirib ki, Yerevan və Bakı sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ biliblər. İki gün sonra Azərbaycan Prezidenti iraqlı həmkarı Əbdül Lətif Rəşidlə danışıqların yekunu üzrə mətbuat konfransında bildirib ki, o, iki aydan artıqdır ki, Bakının İrəvana təqdim etdiyi sülh müqaviləsi ilə bağlı təkliflərə Ermənistan tərəfinin cavabını gözləyir.

Bənzər yazılar

Back to top button