“Ermənistan Azərbaycana hücum edəndə iki dəfə düşünməlidir”

by Aztoday Xəbər Portalı

“Türkiyənin təmin etdiyi pilotsuz uçuş aparatları bu əməliyyatlarda çox təsirli oldu. İyul ayında Tovuza edilən hücumdan sonra Azərbaycan ilə Türkiyə arasında birgə təlimlər başladı və sıfırdan müdafiə planlanması aparıldı. Atılan addımlar Azərbaycanın bu gün gəldiyi yeri göstərir. Ermənistan bundan sonra hücum etmədən əvvəl iki dəfə düşünməlidir”.

“MediaPost” xəbər verir ki, bunu Türkiyənin Baş Qərargah Kəşfiyyat Dairəsinin sabiq başçısı İsmayıl Haqqı Pekin deyib.

O, Ermənistan ordusunun iyul ayında baş tutan hücumlarının həm Azərbaycan, həm də Türkiyə üçün son damla olduğunu söyləyib:

“Tovuz hücumlarından sonra Azərbaycanın gücünü yoxlamaq istəyən İrəvan hökuməti ağır cavab aldı. Dağlıq Qarabağ bölgəsində bir neçə kənd işğaldan azad edilib. Bu eyni zamanda Azərbaycandakı xalqın özünə inamını gücləndirdi. Bölgədə uğur qazanmaq və bu uğuru masadakı müzakirələrdə davam etdirmək lazımdır. Bu əməliyyat Ermənistan üçün bundan sonra daha diqqətli davranmasına dair bir mesajdır”.

Pekin “ABŞ, Rusiya və Fransadan ibarət olan Minsk qrupu bölgədə baş verən hadisələri 30 ildir təxirə salır. Bu bölgədə insan hüquqları pozuntuları, bir millətin torpağını ələ keçirmək və demoqrafik quruluş dəyişikliyi var. Minsk bunlardan qaçmaqla məşğuldur .. ” – deyə qeyd edib.

O, Ermənistanın iqtisadi və hərbi gücünün zəif olduğunu vurğulayıb:

“Ermənistana indi Paşinyan rəhbərlik edir. Ermənistan əhalisi 3 milyon nəfərdir, iqtisadiyyatı çöküb, sağdan və soldan gələn yardımlarla nə isə etməyə çalışır. Sərhədlərini Rusiya qoruyur. Hava müdafiə sistemləri də Rusiya nəzarətindədir. Ermənistan eyni zamanda mafiya ölkəsidir. Ölkəni bir neçə mafiya ailəsi idarə edir. Digər tərəfdən Türkiyə bölgədə problem olaraq görülür. Türkiyə Şərqi Aralıq dənizi, Suriya, Liviya, İraqdakı faktiki fəaliyyətini davam etdirir. Aİ sanksiyaları və ABŞ-la qarşıdurma məsələsi var. Ermənistan bütün bunları nəzərə alaraq “istədiyimizi edə bilərik, heç kim müdaxilə edə bilməz” deyə düşündü”.

Bənzər Yazılar