İqtisadiyyat

Avtomobillərin addan-ada keçirilməsi bu qayda üzrə olacaq

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, avtomobillərin özgəninkiləşdirilməsi üçün dövlət rüsumunun müəyyənləşdirilməsi qaydası dəyişir.

Belə ki, nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə dövlət rüsumunun dərəcəsinin 10 manat olduğu halın əhatə dairəsi konkretləşdirilir.

Qüvvədə olan qanuna əsasən, hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu hal istisna ilə avtonəqliyyat vasitələri üçün dövlət rüsumunun məbləği 10 manat olub.

Layihəyə əsasən, yaxın qohumlara (ər, arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlarvə bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Minik avtomobillərinin yaxın qohumlara (ər,arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlarvə bacılar) bağışlanması halı ilə əlaqədar, habelə bu qanunda nəzərdə tutulmayan digər hallarda isə avtonəqliyyat vasitələri üçün dövlət rüsumunun məbləği 10 manat olacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bənzər yazılar

Back to top button