İqtisadiyyat

“Baku Bus” niyə ziyanla işləyirdi? – şirkətin BNA-dan alınma səbəbi

“Baku Bus” MMC-nin İnvestisiya Holdinqinin idarəedilməsinə verilməsindən sonra avtobuslarda gediş-gəliş qiymətləri arta bilər.

Bunu Axar.az-a “Baku Bus”un İnvestisiya Holdinqinə verilməsinin səbəbləri və nəticələri barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, MMC ziyanla işlədiyi üçün İnvestisiya Holdinqinin idarəedilməsinə verilib:

“İnvestisiya Holdinqinin yaradılmasına səbəb dövlət şirkətlərinin rentabelli işləməsinə şərait yaradılmasıdır. Yəni izafi xərclərin azaldılması, ziyanla işləmənin qarşısının alınması və gəlir əldə edilməsini təmin etməkdir. Şirkətlərin İnvestisiya Holdinqinin idarəedilməsinə verilməsi o deməkdir ki, bu qurumlar ziyana işləyir. MMC-nin idarəetmə mexanizminin dəyişdirilməsi gələcəkdə qərarvermə mexanizmlərinin də İnvestisiya Holdinqi tərəfindən həyata keçiriləcəyindən xəbər verir. BNA bundan sonra yalnız əməliyyat idarəetməsini həyata keçirə bilər. Yəni gündəlik sürücülərin işə çıxmasına, davranışına və bu kimi məsələlərə ola bilsin ki, nəzarət etsin. Amma tender, satınalmalar, investisiya xərcləri ilə bağlı məsələ tamamilə İnvestisiya Holdinqinin əlində olacaq. İlkin monitorinqdən, yəni ziyanla işləmənin səbəbləri araşdırıldıqdan sonra izafi xərclər, dövlət büdcəsindən dotasiyalar da azaldılacaq”.

Ekspert Baku Bus MMC-nin ziyanla işləməsi səbəblərini də açıqlayıb:

“Hesablama qaydası dəyişməli, təmir və s. xərclərin şişirdilməsinin qarşısı alınmalı, tenderlər şəffaflaşmalıdır. Bütün bunlardan sonra “ziyanla işləmək” anlayışı olmayacaq. Yəni “Baku Bus”un ziyanla işləməsi mümkün deyil və bunu hamı gözəl bilir”.

Bənzər yazılar

Back to top button