GündəmHadisəSiyasət

“Mənim yerimdə başqaları olsaydı, eyni cavabı verərdi” – İcra başçısı

Müşfiq Ələsgərli: “Görüntüdən belə çıxır ki, özünü jurnalist kimi təqdim edən xanım informasiya əldə etməyə dair qayda və tələblərə əməl etmir”
Xalid Ağaliyev: “Jurnalistin qanuni peşə fəaliyyətini həyata keçirməsinə mane olma cinayətinin əlamətləri aşkar şəkildə görünür”
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev aprelin 12-də “Hacı Cavad” məscidi ərazisində ona sual verən jurnalist Fərqanə Novruzovaya əl qaldırması məsələsinə münasibət bildirib.
İbrahim Mehdiyev
İcra başçısı “olke.az”-a açıqlamasında jurnalisti vurmadığını və bu barədə yayılan xəbərlərin doğru olmadığını söyləyib:
“Həmin vaxtı yol gedirdim, rəhbərliyin göndərdiyi ismarışı bunlara demək üçün özümlə 5 nəfər icma üzvlərini də aparırdım. Bu vaxt bir jurnalist fotoaparatı ağzıma dirəmişdi ki, bu dəqiqə mənə müsahibə ver. Mən də ona bir neçə dəfə dedim ki, ay xanım, çəkil kənara, imkan ver bunları aparım. Hətta jurnalistə dedim ki, məscid nə indi, nə də sabah söküləcək. İcazə verin, rəhbərliyin tapşırıqlarını yerinə yetirim, sonra sizə də müsahibə verərəm. Elə də oldu. Ancaq həmin jurnalist təkid edirdi ki, bütün məsələləri saxlayıb, ona müsahibə verim. Axı belə olmaz! Hər bir insanın şəxsiyyəti var. Olmaz da, adamı bu qədər boğaza dirəmək. Mənim yerimdə başqaları olsaydı, onlar da eyni cavabı verərdi. Mən o jurnalistə nə deməli idim? Normal dillə dedim ki, xanımsan da, çəkil kənara, icazə ver bu adamlarla danışıq aparım, məsələyə aydınlıq gətirim. Görürdü ki, o insanlar narahatdırlar, məsələyə aydınlıq gətirilməsini istəyirdilər. Ancaq həmin jurnalist mənə imkan vermirdi ki, camaatla danışım. Belə olmaz! Bizim bəzi müxbirlər etik qaydaları kobud şəkildə pozur. Deyirlər ki, mən müxbirəm, mənə mütləq cavab verməlisən və sairə. Bu, doğru deyil. Dünən məscidin önündə olan bütün jurnalistlərin suallarını normal şəkildə cavablandırdım. Ancaq bir o qız jurnalist bizi başa düşmək istəmirdi, öz bildiyini etməyə çalışırdı, balaca boyu ilə adama hücum edirdi”.
İ.Mehdiyev bütün jurnalistlərə açıq adam olduğunu vurğulayıb:
“Mən bütün jurnalistlərə açıq adamam, mətbuatla hər zaman dostluq etmişəm, onların bütün suallarını cavab verirəm. Orada da ən azı 10 jurnalist var idi, onların hamısına cavab verdim, hər biri də razı qaldı. Ancaq mətbuat da qarşısında olan insanı saymayanda, ona hörmət etməyəndə, yaxşı olmur. Axı biz də insanıq, şəxsiyyətimiz var, özümüzə hörmət edən adamlarıq. Belə olmaz axı! Mən jurnalistə qarşı necə hörmət edirəmsə, o da mənə qarşı eyni münasibəti göstərməlidir”.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, Azərbaycan Respublikasında informasiya almaq və yaymaq sərbəstdir.
“Bu məsələ “Kütləvi İnformasiya haqqında” qanunla, eyni zamanda “İnformasiya əldə etmək haqqında” qanuna əsasən tənzimlənir. İnformasiya əldə etmək təkcə jurnalistin işi deyil, eyni zamanda, sadə vətəndaşların da istənilən hadisə ilə bağlı müraciət əsasında informasiya əldə etmək hüququ var. Heç kimə bu hüququ pozmaq ixtiyarı verilmir. İnformasiya istəyən şəxslərə informasiya vermək lazımdır, bu hüquqla təsbit olunmuş haldır. Nəinki informasiyanı verməmək, eyni zamanda, informasiya almaq istəyənə qarşı kobud davranmaq yolverilməz haldır”.
Mətbuat Şurası sədrinin müavini məsələni başqa tərəfdən də şərh edib:
“İstər “KİV haqqında” qanunda, istərsə də “İnformasiya əldə etmək haqqında” qanunda informasiya almağın və yaymağın qayda-qanunları çox açıq şəkildə göstərilib. İnformasiya almaq istəyən şəxs ilk növbədə informasiya verməkdən məsul olan şəxslərə müraciət etməlidir. Bildiyimiz kimi, hər bir dövlət qurumunda informasiya verilməsinə məsul olan şəxslər var. Onlar mətbuat xidmətləridir, ictimaiyyətlə əlaqələr şöbəsidir və s. Bunlara istənilən formada müraciət edib, istənilən hadisə barədə informasiya almaq olar və bunu vermək onların borcudur. Görüntüdən belə çıxır ki, özünü jurnalist kimi təqdim edən xanım informasiya əldə etməyə dair qayda və tələblərə əməl etmir və nəticədə də belə bir insident yaranır. Çünki iş üstündə olan, danışan vəziyyətdə olan vəzifəli şəxsi istənilən an dayandırıb, informasiya vermək üçün sona qədər təqib etmək doğru hal deyil. İcra hakimiyyətlərinin informasiya verməyə məsul olan orqanları var, jurnalistlər onlara müraciət edib, öz sorğularının cavablarını ala bilərlər.
Amma istənilən halda məsələ xoşagələn hal deyil. Azərbaycanda informasiya əldə etmək və yaymaq üçün kifayət qədər qanunvericilik bazası var, kifayət qədər mühit yaradılıb, dövlət səviyyəsində bu sahədə çox ciddi proqramlar həyata keçirilir”.
Hadisə icra başçısının “Sovetski”də tarixi “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı keçirilən etiraz aksiyaları zamanı əraziyə gəlişi zamanı olub. Fərqanə Novruzova İ.Mehdiyevdən açıqlama almaq istəyib. Lakin icra başçısı ona “açıqlama vermirəm” deyərək, getməyə başlayıb. Xanım jurnalist açıqlama almaq üçün İ.Mehdiyevin arxasınca gedib. Bu zaman icra başçı onun kamerasını sillə ilə vurub.
Xalid Ağaliyev
Baş verən hadisəni şəxsi “facebook” hesabında şərh edən media hüquqçusu Xalid Ağaliyev yazıb ki, “jurnalist Fərqanə Novruzovaya qarşı vəzifəli şəxsin qaba rəftarında jurnalistin qanuni peşə fəaliyyətini həyata keçirməsinə mane olma cinayətinin əlamətləri aşkar şəkildə görünür. Vəzifəli şəxs ictimai önəmli mövzuda bilgi tolayan jurnalistə (və ya jurnalistin peşə alətinə) zor-la reaksiya verir.
Milli qanunvericiliyimiz bunu cinayət sayır. Cinayət Məcəlləsinin 163-cü maddəsinə görə, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə cinayətdir.
Jurnalistin peşə fəaliyyətini yerinə yetirməsini əngəlləyən şəxs adi vətəndaş olduqda, onu 100-500 manat cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzası gözləyir. Belə durumlarda məmurlar daha ağır cəzalandırılır. Yenə Cinayət Məcəlləsinə görə, jurnalistin peşə fəaliyyətini əngəlləyən vəzifəli şəxslərin cəzası iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmədir. Bununla bərabər onlar üç ilədək müddətə müəyyən vəzifə tutma hüququndan məhrum da edilə bilərlər.
Sözügedən konkret olayda jurnalist məhkəməyə müraciət edə, peşə fəaliyyətini yerinə yetirməsini zor tətbiq etməklə əngəlləyən şəxsin məsuliyyətə cəlb olunmasını tələb edə bilər. Baş verən olayın araşdırılması üçün jurnalistin özünün hüquq mühafizə qurumlarına müraciət etməsi mütləq şərt də deyil. Bilgi toplayan jurnalistə qarşı qabalıq edilməsi, zor tətbiqi bütün mediada yayılıb. Prokurorluq bu məlumatlar əsasında özü araşdırmaya başlaya, jurnalistə zor tətbiq edən vəzifəli şəxsin məsuliyyət məsələsinə baxa bilər”.
Hüquqşünas həmçinin əlavə edib ki, “jurnalistin nəzakətlə davranmaması-filan-falan rəylərə heç toxunmaq istəmirəm. Bu etik məsələdir, hüquqa qatmaq doğru deyil. Jurnalistin bilgi topladığı ictimai məzmunlu olaya gəldikdə, vəzifəli şəxsin qanuni vəzifəsi idi ki, orda bütün mediya üçün brifinq keçirib, olayı bütün yönlərindən izah etsin”.

Bənzər yazılar

Back to top button