GündəmHadisəManşet

Ekologiya Nazirliyində həbslər başladı: Meşələri qıran nazirlik işçiləri ilə bağlı araşdırmalar başlanılıb

Cənub rayonlarında baş verən “yaşıl soyqırım”la bağlı AzToday.az-ın hazırladığı yazılarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yoxlamalar aparmaqdadir. İlkin araşdırmalar nəticəsində Yardımlı meşələrində kütləvi şəkildə ağacların qırılması faktı təsdiqini tapıb. Artıq Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Elsevər İmamyarov tutduğu vəzifəsindən çıxarılıb.

AzToday.az-a daxil olan məlumatlara görə, artıq meşə qırıntıları səbəbindən Elsevər İmamyarov saxlanılıb. Regional Mərkəzin başqa səlahiyyətli şəxsləri ilə bağlı da araşdırmalar başlanılıb.

Elsevər İmamyarov

Məlumatda iddia olunur ki, ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Ağaqardaş Qaraşov da tutulub. Gecə saatları olduğu üçün məlumatı dəqiqləşdirə bilmədik.

Ağaqardaş Qaraşov

Qeyd edək ki, bir qədər əvvəl Meşələrin İnkişafı Departamentinin derektoru vəzifəsindən çıxarılaraq yenicə yaradılan Meşələrin İnkişafı Xidmətində müavin təyin edilən Ağaqardaş Qaraşovun adı mediada daha çox meşə qırıntılarında əsas günahkar kimi hallanırdı.

Bu gün Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov da açıqlama verərək bildirmişdi ki, ağac kəsintiləri ilə bağlı polisə müraciət olunub:

“Meşələrdə ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə daxil olan şikayət araşdırılan zaman Yardımlı rayonunun meşə ərazisində 15 palıd ağacının kəsildiyi və təbiətə 1117 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Təqsirkarların müəyyənləşdirilərək cəzalandırılması məqsədilə rayon polis şöbəsinə müraciət olunub”.

Xidmət rəisi onu da əlavə etmişdi ki, kəsinti hallarının qarşısını ala bilmədiyi üçün sahəyə məsul işçilər cəzalandırılıb, həmçinin ərazisində yol verilən qanunsuz ağac kəsintisi faktlarına və vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyinə görə, Yardımlı meşə sahəsinin də daxil olduğu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru da vəzifəsindən azad edilib: “Daxil olan məlumatlar əsasında araşdırmalarımız bütün regional meşə mərkəzlərində davam etdirilir”.

Bənzər yazılar

Back to top button