İqtisadiyyat

Məhdud internet şəraitində aylıq abunə haqqı necə tənzimlənməlidir?

“Provayderlər biznes etikasına zidd hərəkət edirlər. Onların etdiyi bir növ tərbiəysizlikdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında “Sahil” İnformasiya Texnologiyaları şirkətinin direktoru Vahid Qasımov məhdudlaşdırılmış internet şəraitində alyıq abunə haqqı necə tənzimlənməlidir sualına cavabında deyib.

Vahid Qasımov hesab edir ki, internetə məhdudiyyətin qoyulması doğru qərar deyil:

“Məhdudiyyət bu şəkildə qoyulmamalı idi. Konkret müəyyənləşməli idi ki, problem nədir, nəyin qarşısını almaq istəyirlər? Bütün bunlar müəyyənləşəndən sonra məhdudiyyət qoyula bilərdi.

Məsələn, foto və videoların yayılmasının qarşısını almaq lazım idisə, sırf buna qarşı məhdudiyyət ola bilərdi. Bununla da belə informasiyaların internet vasitəsi ilə yayılmasının qarşısını almaq olardı. İlk günlər isə biz onu müşahidə elədik ki, ümumiyyətlə, hər şeyə məhdudiyyət qoyulub. Bu, qəti şəkildə düzgün deyil”.

Ekspert bildirib ki, hazırda məhdudiyyətlər davam edir:

“Amma insanlar öz məqsədlərinə çata bilirlər və müxtəlif yollarla da olsa, internə girirlər. Bu vəziyyətdə məhdudiyyətin davam etməsinin mənasını anlaya bilmirəm. Burada təzadlar çoxdur və şəxsən mənə elə gəlir ki, məhdudlaşdırma əmri verənlərlə onu icra edənlər arasında böyük bir qopuqluq var. İkincilər ən asan yolu seçiblər: hər şeyi bağlamaq. Birincilər isə onun icrasına baxmırlar”.

Məhdudiyyətlərin qoyulduğu bir vaxtda provayderlərin aylıq abunə haqqı tələb etməsinə gəlincə isə Vahid Qasımov qeyd edib ki, bu, artıq biznes etikası məsələsidir:

“Provayder özəl təşkilatdırsa, o, xidmətin verilməsi üçün aylıq haqqını tələb edəcək. Onun tələbinə biz heç nə edə bilmərik. Amma başqa bir məsələ var. Əgər məhdudiyyətlər qoyulubsa, bu, artıq biznes etika məsələsidir. Provayderlər deməli idi ki, siz iki həftədir məhdudlaşdırılmış internetdən istifadə edirsinizsə, biz də sizdən ödənişin yarı məğləğini ala bilərik. Əgər müharibə şəraitidirsə, bu, hamıya – vətəndaş, əsgər, şirkət, bir sözlə, hamıya aid edilməlidir. Burada da şirkətlər öz gəlir payından keçmək istəmir. Bu, yenə də dövlət tərəfindən tənzimlənə bilərdi. Məsələn, deyilə bilərdi ki, biz məhdudiyyətlər qoyuruq, amma onun sayəsində əsas provayderə yük daha az düşəcək. Onun xərcləri daha az olacağına görə bütün provayderlərə endirimlər olacaq. Onun üçün də Azərbaycan xalqından bir ay ərzində internet pulu alınmasın. Bu, dövlət tərəfindən olunmayıb. Xalqdan səs çıxmır deyə, kim hardan istəyir onu sıxır. Hər zaman haqsız olan istehlakçıdır. Camaat dişini sıxır, cəbhədən xəbərlər gözləyir. Provayderlər də biznes etikasına zidd hərəkət edirlər. Onların etdiyi bir növ tərbiyyəsizlikdir”.

Bənzər yazılar

Back to top button