Əri müəmmalı şəkildə ölən Türkan sakini Prezidentə üz tutdu: “Çarəsizlikdən Sizə müraciət edirəm”

Print Friendly, PDF & Email

Bakı şəhəri, Türkan qəsəbəsi, Poçt küçəsi, döngə 1, ev 9 “A” ünvanında yaşayan Nəsirova Esmira Səftər qızı ölkə rəhbərlərinə məktub yazıb.

Ovqat.com xəbər verir ki, məktub ölkə başçısı cənab İlham Əliyevə, I vitse-prezident xanım Mehriban Əliyevaya, Daxili İşlər naziri cənab Ramil Usubova, Baş prokuror Zakir Qaralova ünvanlanıb.

Şikayətçi məktubunda bildirib ki, bu ilin sentyabr ayının 9-da axşam saat 20.00-da bir nəfər tərəfindən söhbətə dəvət olunan həyat yoldaşı Nəsirov Valeh Davud oğlunun bir saatdan sonra qara xəbəri gəlib. Ailəsinə mərhumun ürək çatışmazlığından öldüyü deyilib. Ailə isə buna inanmır.

Niyə? Səbəbini ölkə rəhbərliyinə yazılmış məktubda oxuya bilərsiniz:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Bakı şəhəri, Türkan qəs.Poçt küç. Dön.1, ev 9 ”A” ünvanında qeydiyyatda olan və yaşayan Nəsirova Esmira Səftər qızı tərəfindən

Ə R İ Z Ə

Cənab Prezident!

Bildirirəm ki, bu gün bəzi öz başına məmurlar harınlayaraq, Sizin iqtisadi, sosial və hüquq sahəsində apardığınız əvəzolunmaz siyasətə kölgə salmağa çalışırlar. Sizin öz sözlərinizlə desək, “sanki bəzi məmurlar düşünürlər ki, istədikləri hər şeyi edə bilərlər”.

Görünür, ölkəmizdə yuxarı vəzifələrdə oturan “cənab”lar özlərini dövlət hesab edirlər. Düşünürlər ki, dövlət sektorunda çalışırlarsa, deməli, elə dövlətdirlər və istədiyi hər şeyi edə bilərlər.

Cənab Prezidentimiz!

Qeyd edim ki, 30 noyabr 1994 – cü il tarixində Nəsirov Valeh Davud oğlu ilə birgə nigaha daxil olmuşam və birgə nigahımızdan 1997-ci il tarixində Nəsirova Məsumə Valeh qızı, 1999-cu il tarixində Nəsirova Günel Valeh qızı və 2001-ci ildə isə Nəsirov Yusif Valeh oğlu dünyaya gəlmişdir. 09 sentyabr 2017-ci il tarixinə kimi istər ailəmizdə, istərsə də qonum-qonşu ilə heç bir problemimiz olmadan fəhləliklə mehriban bir şəkildə ailəmiz yaşayırdı.

Mərhum həyat yoldaşım məni heç bir yerdə işləməyə icazə verməmişdir, mən də ev işləri və övladlarımın təlim-tərbiyyəsi ilə məşğul olmuşam. Lakin 09 sentyabr 2017-ci il tarixində axşam saat 22.00 radələrində mərhum həyat yoldaşımı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə eyni zamanda Xəzər Rayon Prokurorluğuna adlarını verdiyimiz şəxslərdən biri harasa getmək adı ilə evdən çağırıb. Təqribən, həmin gün bir saat sonra yenə eyni dəstə üzvlərinin biri ilə mərhum həyat yoldaşımın ürək çatışmamazlığından dünyasını dəyişməsi xəbəri gəlmişdir.

Biz isə öz növbəmizdə təcili tibbi yardım briqadasına, eyni zamanda polis idarəsinə məlumat verdik və həkimlər də, polislər də, eyni zamanda prokurorluq orqanlarının əməkdaşları da gəlib meyiti müayinə etdikdən sonra ekspertiza üçün morqa götürdülər. Lakin bildirmək istəyirəm ki, mərhum həyat yoldaşım ürək çatışmamazlığından deyil, adlarını istintaqa verdiyimiz dırnaq arası dostlarının sifarişi əsasında döyülərək öldürüldüyü hamımıza açıq şəkildə məlumdur. Təsadüfi deyil ki, ekspertizanın cavabı bizə verilməyib.

Cənab Prezident, mərhum həyat yoldaşımın cəsədi üzərindəki bəzi əlamətlər də onun ürək çatışmazlığından yox, işgəncələrə məruz qalaraq, öldürüldüyünü təsdiqləyir. Nəzərinizə çatdırım ki, mərhumun gözlərinin içi qanla dolu idi. Ürək çatışmamazlığından yıxılaraq ölən şəxsin niyə bir gözünün içi qanla dolu olsun?? Və ya ağzındaki dişləri niyə sınır? Əlinin üst nahiyəsi, yəni barmaqların oynağa birləşən hissələri niyə partlaq-partlaq olur?

Bu kimi bir neçə xüsusatlardan məlum idi ki, mərhum həyat yoldaşım zorla güc tətbiq olunaraq bir neçə nəfərin iştirakı ilə öldürülmüşdür. Fəqət bu günə kimi onun öldürülməsi və ya doğurdan da ürək çatışmamazlığından ölməsi barədə hüquq mühafizə orqanları bizə dəqiq məlumat vermir və cinayətkarların axtarılıb tapılması barədə heç bir iş görmürlər. Bu cinayət işinin nə səbəbə belə zəif aparılması məni, övladlarımı və digər ailə üzvlərimizi çox narahat etdiyi üçün bu ərizəni Sizə yazmaq məcburiyyətində qaldım.

Möhtərəm Prezident!

Özüm heç bir yerdə işləmirəm. Üç övladı necə saxlayacağımı düşündükcə, çox pis həyəcan və streslər yaşayıram. Lakin yuxarıda qeyd etdiyim kimi, bəzi özbaşına məmurlar tutduqları vəzifənin mahiyyətini ya dərk etmir, ya da Sizin mətbuat nümayəndələri ilə son görüşünüzdə səsləndirdiyiniz məmur özbaşınalıqları, ölkədə sosial ədalətsizliklər, korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var.

Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm ki, özbaşınalıqlarla mübarizə sahəsində öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz. Sizin ortaya qoyduğunuz iradə nəticəsində “həm ictimaiyyət, həm də o pozuntulara əl atan məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq” fikrinizə əsaslanaraq bu müraciəti Sizə mətbuat vasitəsi ilə ünvanlamağa məcbur oldum.

Cənab Prezident!

Yuxarıda qeyd etdiyim problemimizin, yəni həm mərhum həyat yoldaşımı öldürən, daha sonra bəzi özbaşına məmurların himayədarlığına sığınan və adlarını hüquq mühafizə orqanlarına bildirdiyimiz insanların öz layiqli cəzalarını almaları üçün bütün hüquq mühafizə orqanlarına müvafiq göstəriş verməyinizə və bu cinayət işinin şəxsən öz nəzarətinizdə saxlayacağınıza inanaraq, son çarə kimi Sizi bu ağır iş rejimində işləməyinizə baxmayaraq, narahat edirəm. Əminəm ki, Sizlərin sayəsində mən də ailəmlə birlikdə öz düşmənlərimizin layiqli cəza alacağının şahidi olacağıq.

Əvvəlcədən Sizlərə dərin minnətdarlığımı bildirirəm.

İmza: Nəsirova E. S.”

Bir daha xatırladaq ki, eyni məzmunlu məktub müxtəlif dövlər qurumlarına da göndərilib.