Siyasət

Ekspertdən Türkiyənin 9+2 formatıyla bağlı təklifinə münasibət

“Format mütləq dəyişməlidir. Bu formatda heç nəyə nail olmaq olmaz”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun toplantıların Minsk Qrupu olaraq 9+2 formatında keçirilməsi ilə bağlı təklifinə aydınlıq gətirərkən deyib. Politoloq qeyd edib ki, əslində Türkiyənin istədiyi də məhz bu formatdır:

“Bu formatın əslində elə də fəaliyyəti yoxdur. Çünki orada elə ölkələr var ki, Dağlıq Qarabağ məsələsi onları maraqlandırmır. Finlandiya, Portuqaliya, Hollandiya kimi ölkələr bu günə kimi Qarabağ münaqişəsi ilə maraqlanmayıb. Çavuşoğlunun təklifi müzakirə oluna bilər. Müzakirə zamanı onların heç bir iş görmədiyi ortaya çıxacaq. Minsk Qrupu nə iş görüb? Türkiyənin də istədiyi budur”.

Politoloq qeyd edib ki, münaqişənin həllinin sürətlənməsi üçün Türkiyə masada olmalıdır:

“Türkiyə Minsk Qrupunun üzvüdur, amma həmsədr deyil. Ermənistan istəmir, digər 3 dövlət də onun əleyhinədir. Ancaq onların istəyib-istəməsindən asılı deyil. Azərbaycan qarşı duran tərəflərdən biridir. Vacib deyil bu ATƏT formatında olsun, başqa formatlarda da danışıqları aparmaq olar. Azərbaycan artıq tələbini ortaya qoyub, Türkiyə danışıqlar masasında olmalıdır. Çox təəssüf ki, Türkiyə Moskva danışığında olmadı. Rusiya özü də anlayır ki, artıq Türkiyəsiz mümkün deyil. Rusiyanın Xarici İşlər naziri və Müdafiə naziri Qarabağla bağlı son günlər mütəmadi Ankaraya zəng edir, hesablaşırlar. Sadəcə, çalışmaq lazımdır ki, Türkiyə masada otursun, danışıqlarda fəal iştirak eləsin”.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib: “Minsk Qrupu olaraq 9+2 formatında toplantı keçirmək daha faydalı olar. Bu təklifi bu gün gündəmə gətirdik. Xüsusilə də həmsədrlər Minsk Qrupuna hesabat verməlidirlər. Bu günə qədər hansı işlər görülüb, nəyi edə bilməyiblər, münaqişə niyə həllini tapmayıb və s. məsələlərə aydınlıq gətirilməlidir”.

Bənzər yazılar

Back to top button