Bizim seçimManşetSiyasət

İlham Əliyev kimə qəzəbləndi? – İcra başçıları rüşvəti kimə veriblər?

Prezident öz kadrları vasitəsilə ölkədə aparılan islahatlara və dövlətin siyasətinə xələl gətirmək istəyən şəxsə xəbərdarlıq etdi

Koronavirusa qarşı mübarizə aparıldığı bir dövrdə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının Buləsuvarın icra başçısına qarşı apardığı əməliyyatlar medianın əsas müzakirəsinə çevrilib. Əslində bu ilk deyil və dövlət başçısının məsələyə münasibətindən anlaşılan odur ki, heç son da deyil. Prezidentin yeni Baş prokuroru qəbul edərkən hadisəyə münasibətlə bağlı söylədikləri icra hakimiyyətlərində mövcud acınacaqlı vəziyyətin ölkənin birinci şəxsinə tam çılpaqlığı ilə məlum olduğu bilindi. Bu reallığın dövlət başçısı tərəfindən açıq şəkldə ortaya qoyulmasında bir incə məqam da var ki, ona toxunmamaq olmur.

Belə ki, dövlət başçısının səmimi şəkildə vəzifəli şəxslərin elan olunan islahatlar prosesinə etinasız yanaşması, edilən xəbərdarlıqları qulaqardına vurduqları, dövlət başçısının tapşırıqlarına əməl edə bilmədikləri və ya yerinə yetirmək istəmədikləri haqda reallıqları, ən nəhayət, icra hakimiyyətlərində çalışanların köhnə qaydada çalışmalarını şərtləndirən mühüm amili vurğulamağı lazm bilib.

Daha konkret desək, ölkə prezidenti Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevin əməlləri sırasında onun kimi bir çox icra başçısının fəaliyyətləri zamanı korrupsiya və rüşvətə yol verməsinin başlıca səbəbini açıq şəkildə qeyd edib. Bununla dövlət başçısı hələ ötən ilə qədər icra başçılarının külli miqdarda rüşvət verib vəzifəyə gəldikləri barədə həqiqəti gözlər önünə sərib.

AzToday.az xəbər verir ki, korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacağını söyləyən məqamda dövlət başçısının həmin halların təkcə yerli icra orqanlarında müşahidə edilmədiyi, mərkəzi icra orqanlarında da vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edildiyinə toxunması da mühüm önəm daşıyır. Fəqət, həbs olunan icra başçılarının törətdikləri əməllərdə cinayət tərkibini yüngülləşdirəcək dərəcədə olmasa da, Prezidentin onların pulunu alıb vəzifəyə təyin olunmasında rolu olan adamın daha böyük cinayətə yol verdiyini xatırlatmasını ciddi xəbərdarlıq hesab etmək olar. Dövlət başçısı açıq şəkildə deyib ki, rüşvət verib vəzifəyə gələn və o pulun əvəzini çıxmaq üçün ya dövlətin malını oğurlamaqla məşğul olacaq, ya da insanlardan pul tələb edəcək.

Təbii olaraq burada sual yaranır: keçmiş icra başçıları vəzifəyə gələrkən kimə rüşvət veriblər? Yaxud da dövlət başçısı burada kimə eyham vurur?

Belə bir qənaətə gəlmək olar ki, Prezident öz kadrları vasitəsilə ölkədə aparılan islahatlara və dövlətin siyasətinə xələl gətirmək istəyən keçmiş yüksək çinli məmura xəbərdarlıq etdi. Ona görə ki, hələ ötən ilə qədər icra başçısı təyin edilmək üçün yuxarılara külli miqdarda məbləğ çatdırılması ən azından icra hakimiyyətləri səviyyəsində bilinən qayda idi. Bu məbləği çatdıran şəxs də vəzifəyə başlayan kimi, borc-xərc tapdığı həmin pulu geri qaytarmaq üçün başına yığdığı özü kimi acgöz adamları ilə rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində çalışanlar vəzifəli şəxslərdən, məktəb direktorlarından, bələdiyyələrdən pul yığmağa başlayırdılar.

Ən nəhayət, Prezident bu rüşvət zəncirini quran və hələ də öz kadrları vasitəsilə ölkədə hakimiyyətə qarşı Azərbaycan vətəndaşında narazılıq yaradan həmin şəxsə xalqın dəstəyi ilə bu mübarizənin qətiyyətlə davam etdirilməsini bəyan etməklə daha bir xəbərdarlıq ünvanladı.

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button