Siyasət

Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər? (AÇIQLAMA)

“Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Naftalana və Azərbaycanın mülki əhalinin yaşadığı digər regionlarına atdığı kaset bombaları ilə ballistik raketlər atılması Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəslinə (“Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər”) əsasən xüsusi sanksiyalar qəbul edilməsinə zəmin yarada bilər”.

AzToday.az xəbər verir ki, bunu hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov deyib.

Onun sözlərinə görə, bunun üçün beynəlxalq təhlükəsizliyin və sülhün qorunması məqsədilə BMT-nin Təhlükəsizlik Şurasının Cənubi Afrikaya, keçmiş Yuqoslaviyaya, İraqa, Ruandaya, Somaliyə, Syere-Lionaya, Liviyaya və digər ölkələrə qarşı qəbul edilən sanksiyaları qeyd etmək olar:

“Sanksiyalardan danışanda biz daha çox BMT-nin Nizamnaməsinin 39-51-ci maddələrini qeyd etməliyik. Həmin sanksiyalar ölkələrin, hökumətlərin və ya hərbi qüvvələrin beynəlxalq hüquq və humanitar normaları pozmasına, insanlığa qarşı cinayətlərin törədilməsinə (soyqırım) yönələn qərarların verilməsinə görə tətbiq edilir.

BMT-nin Təhlükısizlik Şurası ədalətin bərqərar olması məqsədilə iqtisadi və diplomatik əlaqələrin pozulmasına, dəmiryol və nəqliyyət əlaqələrin dayandırılmasına, xaricdə bank hesablarının dondurulması, beynəlxalq məhkəmənin (tribunal) yaradılması və digər sanksiyaları qəbul edib.

Ümumiyyətlə, Yuqoslaviya, Ruanda və digər tribunallar BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə yaradılaraq, məhkəmə qərarları verilib. Tribunal – beynəlxalq statusa malik olan müstəqil məhkəmə orqanıdır.

1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin, Laçının, Ağdamın mülki əhalisinə qarşı baktereoloji və zəhərli silahlardan istifadə etməsi faktı ilə bağlı dəfələrlə Azərbaycan hökuməti tərəfindən BMT-nin TŞ-yə müraciət edilib. Bu günlərdə də Gəncənin və digər rayonların mülki əhalisinə qarşı istifadə edilən kaset bombaları və raketlər beynəlxalq humanitar normalar və 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyalarının müəyyənləşdirdiyi əsasları pozur”.

“Ermənistan hökumətinin və silahlı qüvvələri idarə edən şəxslərin məsuliyyətə cəlb edilməsi, Ermənistana qarşı iqtisadi və diplomatik məhdudiyyətlərin qəbul edilməsi BMT-nin TŞ-nin gündəliyində baxılması məqsədilə ətraflı hesabatlar hazırlanaraq təqdim edilə bilər.

Eyni zamanda, Avropa Şurasının Ermənistana qarşı siyasi və iqtisadi xarakterli məhdudiyyətlər qəbul etməsi mümkündür.

Hansı məhdudiyyətlərdən söhbət gedir? Nümunə üçün, Ermənistanın Avropa Şurası ölkələri ilə nəqliyyat, rabitə, maliyyə əlaqələrinin pozulması, Ermənistan hökumətinin rəhbərlərinin xarici ölkələrdə olan bank hesablarının dondurulması, Avropa Şurasınının Parlament Assambleyasında iştirakının dayandırılması bu qəbildən ola bilər.

Beynəlxalq təşkilatların Ermənistana qarşı yuxarıda sadalanan qərarların qəbulu üçün Azərbaycan hökuməti tərəfindən artıq vacib dəlillər və faktlar toplanıb. Beynəlxalq hüquq prinsiplərinin, humanitar hüquq normalarının və insan hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası tərəfindən lazımi tədbirlər görülür.

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərə BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməlidir.

Biz əminik, ki yaxın zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa ediləcək və mülki əhaliyə qarşı insanlığa qarşı cinayətlər törədən şəxslər məsuliyyətə cəlb ediləcək. Bunun üçün bütün hüquqi və siyasi əsaslar var”, – deyə E.Səfərov qeyd edib.

Bənzər yazılar

Back to top button