GündəmManşetSiyasət

Paşinyanın iddiaları əsassızdır və danışıqlar prosesini pozmağa yönəlib – XİN

Ermənistanın baş naziri Nikol Paşinyanın Laçın yolu ilə bağlı irəli sürdüyü iddialar bir daha Ermənistan tərəfinin bu məsələdən siyasi məqsədlər üçün istifadə etmək və sülh sazişi üzrə danışıqların gedişinə mane olmaq niyyətini nümayiş etdirir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Sənəddə xatırladılır ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistan Bakının buna son qoymaq çağırışlarına baxmayaraq, Laçın yolunda qanunsuz fəaliyyətlərini davam etdirib.

“Ermənistanın bu çağırışlara məhəl qoyulmaması nəticəsində, Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi çərçivəsində Laçın sərhəd buraxılış məntəqəsini yaradaraq son bir neçə ay ərzində həm yük maşınlarının, həm də erməni sakinlərin şəffaf və tənzimlənən qaydada keçidini təmin edib. Bu xüsusda, məntəqənin mövcudluğunun yolun bağlanması kimi təqdim edilməsi tamamilə yanlış yanaşmadır”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyində xatırladıblar ki, Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixli qərarı ilə Ermənistan tərəfinin məntəqənin aradan qaldırılması ilə bağlı müraciətini yekdilliklə rədd edərək, bu iddianın əsassız olduğunu təsdiq edib.

“Ermənistan tərəfinin 15 iyun tarixində məntəqəni atəşə tutması, Azərbaycan sərhədçisini yaralaması, qaçaqmalçılıq cəhdləri etməsi Ermənistanın son 30 ildə Azərbaycan ərazilərinə qarşı təcavüzü və qeyri-qanuni fəaliyyəti davam etdirmək niyyətini göstərib, bununla Laçın məntəqəsinin labüdlüyü bir daha təsdiqlənib.”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında vurğulanır.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan tərəfindən təklif olunan “Ağdam-Xankəndi” yolunun yüklərin daşınması üçün vacib olduğu fikrinə məhəl qoymayan Ermənistan tərəfinin hər vəchlə bu yoldan imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının əsassız olduğunu sübut edir.

Azərbaycanın bölgədə “etnik təmizləmə” həyata keçirmək istiqamətində addımlar atdığı barədə Ermənistan tərəfinin iddiası olduqca yanlış və təhlükəlidir.

“Azərbaycanlılara qarşı kütləvi qırğınlar və deportasiyalar həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan heç zaman erməni sakinlərə qarşı etnik təmizləmə siyasəti həyata keçirməyib. Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistan baş naziri, erməni sakinlərin Azərbaycana reinteqrasiyasını təşviq etmək əvəzinə, dialoqun hansı formada həyata keçirilməsinə dair şərtlər irəli sürməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı addım kimi qiymətləndirilir”, – deyə daha sonra Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Sənəddə bu da vurğulanır ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və sərhədin delimitasiyasına hazır olması ilə bağlı şifahi bəyanatları İrəvanın silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmaq üzrə öhdəliklərini yerinə yetirməməsi, qeyri-qanuni birləşmələrə maliyyə dəstəyini davam etdirməsi, ərazi iddialarının irəli sürülməsi ilə nivelirlənir və danışıqlar prosesinin uğursuzluğa düçar edir.

“Azərbaycan tərəfi yuxarıda qeyd edilən istiqamətlər üzrə Ermənistan ilə sülh prosesinin təşəbbüskarı kimi, bölgədə sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır və danışıqlar prosesində fəal tərəfdir. Ermənistan tərəfi sülhdə maraqlıdırsa, sülh prosesinə maneçilik törədən səylərdən əl çəkməlidir”, – bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatının yekununda deyilir.

Bənzər yazılar

Back to top button