Dünya

Kərkükü azad edən Qasım Süleymani kimdir? – Bölgənin gizli qrosmeystri… – FOTOLAR

Son iki gündür Kərkükdə yaşanan hadisələr, bölgənin peşmərgələrdən azad edilməsi, kürdlərin Ərbilə doğru qaçması, Amerikanın kürd birləşmələrinə xəyanət etməsi bəzi məqamlar barədə düşünməyə vadar edib.

İndi də Şərqin əfsanəvi generallarından sayılan Qasım Süleymaninin görüntüləri üzə çıxdı.

Foto bu gün Kərkükdə çəkilib…
Kimdir bu general?

-İraq ordusunun və “Həşdi Şabi”nin Kərkük uğurunun memarı – İranın “Pasdaran” korpusundakı “Qüds” briqadasının komandiri…

-Hiyləgər və bic Süleymani…

– Vuruşmağı əla bilməsi ilə yanaşı, intriqaların da qrossmeysteri…

-Adı daha çox İslamın igid sərkərdəsi və ya ABŞ-ın “beyin mərkəzi” kimi qeyd edilir.

Qasim Süleymani quru döyüşlərini uğurla aparan əfsanəvi generallardan sayılır və onun bu özəlliyi hətta düşmənləri tərəfindən də etiraf olunur.

Pentaqonun nümayəndəsi onu belə təsvir edir: “Mərhəmətsizliyi və təsir gücüylə o, hər kəsi dəhşətə salır. Süleymani Yaxın Şərqin həm hər yerindədir, həm də heç bir yerində…”

Rəsmi Tehran öz ordu generalları haqqında hazırladığı virtual tanıtım səhifəsində Qasim Süleymanini bu cür təqdim edir – “Yaxın Şərqi barmağında fırladan general”.

Bunlar hələ dünyanın gözündə ən çox danışılan, möhürü qoyulan bilgilərdir. Bəs QASIM SÜLEYMANİ əslində kimdir?

-Üstün hərbi zəkaya sahib olan generalın ən maraqlı tərəfi onun bisavad olmasıdır.

Hərb sahəsində qarşılaşıb qələbə çaldığı generallardan fərqli olaraq, Qasım Süleymani, sadəcə, ibtidai sinfi qurtarıb.

1957-ci ildə Kirmanın Əfqanıstan sərhəddində yerləşən Rabord kəndində dünyaya göz açıb. Sadə bir əkinçi olan atasının dövlətə 9000 riyal borcunu ödəmək məqsədilə 13 yaşında təhsildən ayrılıb inşaatlarda fəhlə işləməyə başlayıb. Elə həmin il də kəndlərindən rayon mərkəzinə gəlib və burada İranın indiki dini lieri Xameneyinin tələbələriylə tanış olub. Bu tanışlıq onun və ölkəsinin gələcəyində mühüm rol oynayıb.

18 yaşında Kirmanda su müdirliyində sıravi işçi kimi əmək fəaliyyətinə başlayandan bir il sonra inqilabi fəaliyyətlə məşğul olan gizli təşkilata qoşulub. Bu zaman ərzində şəxsən tanış olduğu Xameneyi ilə yaxın münasibətləri yaranıb. İlk tanış olduğu illərdə Kirman əyalətinin Ciroft bölgəsinə sürgünə göndərilən Xameneyini heç vaxt tərk etməyib və bütün iqtidar uğrunda mübarizələrdə onu ən çox dəstəkləyən insana çevrilib. 3 ildən sonra İranda İslam inqilabı başlayıb və gənc Qasım da bu prosesdə aktivliyi ilə seçilib.

-Süleymani 20 yaşında inqilabın gətirdiyi siyasi sabitsizlikdən istifadə edib üsyana qalxan kürd separatçılarına qarşı mübarizə onun hərbi-kəşfiyyat zəkasını ortaya çıxarıb və rejimə sədaqətini isbatlayıb.

Savaşdan sonra rəhbərliyinə gətirildiyi 41-ci “Sarallah diviziyası” İranın Sistan-Bəlucistan bölgəsinin qaçaq-quldurdan təmizlənməsində önəmli rol oynayıb.

Qeyd edək ki, əsasən sünnilərin yaşadığı bu bölgə ölkənin Pakistan və Əfqanıstan sərhəddində və beynəlxalq norko-ticarətin keçdiyi əsas marşrutlardan biri üzərində yerləşir.

-Süleymani beynəlxalq norko-tacirlərin maliyyə dəstəyi ilə fəaliyyət göstərən qaçaqmalçılıqla mübarizədə də uğurlu əməliyyatlara imza atdıqdan sonra 1997-ci ildə İnqilab Keşikçilərinin rəhbərliyinə gətirilir.

-2001-ci ilin məşhur 11 sentyabr hadisələri Süleymaninin karyerasının ən mühüm mərhələsinin başlanğıcı hesab oluna bilər.

Dünya Ticarət Mərkəzinə edilmiş məlum terror hadisəsində “əl-Qaidə”ni günahlandıran ABŞ, Əfqanıstana qarşı müharibəyə qərar vermişdi. Yaranmış yeni situasiya İranın tam arzuladığı bir vəziyyət idi. Sərhəddindəki kiçik düşməni uzaqdakı güclü tərəfindən məhv oluna bilərdi. Bu fürsəti yaxşı dəyərləndirən İran diplomatlarının Cenevrede ABŞ hərbçiləriylə görüşdükləri bildirilir. Həmin görüşdə İran heyəti ABŞ yetkililərinin önünə Əfqanistanın hərbi xəritəsini qoyur və düşməni hansı nöqtələrdən başlayaraq daha tez məğlub ediləcəyini başa salırlar.

– ABŞ hərbçilərinin verdiyi məlumata görə, iranlı diplomatlar görüş zamanı tez-tez harasa zəng edib aldıqları məlumatları onlara deyirmişlər.

-İranın ABŞ-a verdiyi məlumatların dəqiqliyi və təqdim olunan taktiki hücum planı Pentaqon yetkililərini xeyli təəccübləndirir.

ABŞ tərəfi İran heyətinə xəritədəki məlumatlar barədə qeydlər tutmaq üçün icazə istəyirlər. Yenə telefonla harasa zəng edən İran diplomatlarının cavabı isə amerikalılar üçün xeyli gözlənilməz olur. Telefonun o biri başındakı adam həmin xəritəni ABŞ yetkililərinə hədiyyə etdiyini bildiribmiş.

Sonradan məlum olur ki, Əfqanıstanın hərbi-strateji xəritəsini onlara hədiyyə edən şəxs general Süleymani imiş.

Beləcə, Əfqanıstanda “Taliban” və “əl-Qaidə” qüvvələrinə qarşı vuruşan ABŞ gücünün İran ağlıyla hərəkət etdiyi ortaya çıxır.

O da bildirilir ki, ABŞ ordusunun Əfqanıstanda ciddi müqavimətlə qarşılaşmamasının səbəbi hücum strategiyasının Süleymani tərəfindən hazırlanması olub.

ABŞ-ın, Əfqanıstandan fərqli olaraq, İraqda böyük itkilər verməsinin səbəbi də Süleymani zəkasının onların əleyhinə işləməsiylə əlaqələndirilir.

-Bilindiyi kimi, Əfqanıstanın işğalından sonra ABŞ prezdenti Corc Buş növbəti hədəf olaraq İranı göstərmişdi. Bu ölkəni “şeytan üçbucağı”na aid edən Buş bundan əvvəl isə İraqda öz mövqeyini möhkəmlətməyə qərar verir. ABŞ-ın İraqa girməsindən əvvəlsə İran orada özünə bağlı qüvvələri formalaşdırmış, bir neçə böyük şiə sialhlı dəstəsi yaratmışdı. “Bədr Tuğayları”, “Mehdi Ordusu”, “Hizbullah Tuğayı” və “Əsaib əhl el-Həqq” adlanan bu şiə silahlıları İraqın işğalı prosesində əvvəl ABŞ-a kömək göstərsələr də, daha sonra ona qarşı partizan müharibələrini davam etdirmiş və super gücə Vyetnamdan sonra ən böyük itkiləri yaşatmışlar. Bütün bu hadisələrin arxasında isə yenə haqqında söhbət açdığımız əfsanəvi general dayanırdı. Bunu yenə ABŞ qaynaqlarının özləri etiraf edirlər.

-İranın bu əfsanəvi generalının əli yalnız İraqda deyil, həmçinin Suriya və Livanda da kifayət qədər uzundur.

-ABŞ və Qərb ölkələrinin dəstəklədiyi müxalifət güclərinin Suriyada irəliləyişlərini dayandıran və hər şeyi tərsinə çevirən qüvvənin məhz Süleymani zəkasının olduğu bildirilir.

Xatırlayırsınızsa, 2011-ci ildən 2013-cü ilə qədər hərbi uğurlar əldə edən “Azad Suriya Ordusu”nun önü Qüseyr qəsəbəsində kəsilmişdir. İrandan Livana uzanan “Şiə hilalı”nın ən kilid nöqtəsində yerləşən bu qəsəbənin müdafiəsi üçün Livandakı “Hızbullah” silahlıları fəaliyyətə keçmiş, iki min könüllüylə müxalif güclər geri oturdulmuşdur. Qeyd edək ki, Livandakı “Hizbullah”ın da Süleymaniyə bağlı olduğu sirr deyil.

-Hazırda zərərsizləşdirilməsi Suriyanın öhəsinə qalan “Azad Suriya Ordusu” isə olduqca zəif qüvvədir və Bəşər Əsədin istənilən vaxt onu məhv etməsinin yolu açılmışdır. Suriyada bütün proseslərin Əsədin leyhinə çevrilməsi də Süleymaninin düşünülmüş hərbi taktikalarıyla əlaqələndirilir.

-Onun təsiri və lazımi anda lazımi yerdə olma bacarığı İranda və bütün Yaxın Şərqdə Q.Süleymaniyə əfsanəvi qəhrəman statusu qazandırıb.

-Regionun geosiyasətinin formalaşmasında Süleymaninin rolu artıq kölgədə deyil. Xameneyinin “yaşayan şəhid” adlandırdığı Qasım Süleymani hazırda İranın ünlü sərkərdəsidir.

A24.az

Bənzər yazılar

Back to top button