ManşetSiyasət

Azərbaycana qarşı “muzdlu döyüşçülər” təxribatı ifşa edildi! – Araşdırma

Sentyabrın sonunda Azərbaycanla Ermənistan arasında təmas xəttində əməliyyatlar başlayanı Qərb mediasında suriyalı muzdlular haqda iddialar səslənib. Ancaq Bakı və Ankara əməliyyatlarda suriyalı muzdlulardan istifadəylə bağlı deyilənləri qətiyyətlə rədd edirlər.

“Azad Avropa” radiosunun əməkdaşı Ron Sinovits yazır ki, suriyalı muzdlular məsələsi münaqişənin informasiya müharibəsinin tərkib hissəsinə çevrilib.

İlk dəfə oxşar iddiaları “Reuters”, BBC kimi media orqanları ortaya atıb. Daha sonra Britaniyanın “The Guardian”, “The Independent” qəzetləri öz mənbələrinə istinadən mövzunu davam etdiriblər.

Onlar Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun veteranlarından müsahibə aldıqlarını yazıblar, həmin şəxslər Türkiyədə özəl şirkət tərəfindən Azərbaycana göndərildiklərini, hətta buna görə onlara 1200-2000 dollar maaş vəd olunduğunu deyiblər. Amma guya məsələnin həssaslığından dolayı adlarının çəkilməsini istəməyiblər.

Fransa Prezident Emmanuel Makron, İran Prezidenti Həsən Ruhani, Rusiyanın kəşfiyyat rəsmiləri də suriyalı muzdluların Azərbaycanda döyüşməsi iddialarını dəstəkləsələr də, ortaya dəlil qoyan olmayıb.

Elə Azərbaycan Prezidenti İlham Əliyev də son günlər xarici media orqanlarına müsahibələrində bu iddiaları əsaslandıracaq dəlil gözlədiyini vurğulayıb.

“Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir”, – Prezident Əliyev oktyabrın 24-də “France 24” televiziyasına müsahibəsində deyib.

Bir neçə gün öncə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin xəbərdarlıq edib ki, region “beynəlxalq terrorçu təşkilatların” Rusiyaya və qonşu ölkələrə girməsi üçün yeni tramplinə çevrilə bilər.

Türkiyə və Azərbaycan rəsmiləri isə belə iddiaları rədd edib. Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan oktyabrın 14-də deyirdi ki, “suriyalıların öz ölkələrində görməli olduqları iş var, oraya getməyəcəklər”.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Suriyadan silahlıların Azərbaycana göndərilməsi haqda şayiələri Ermənistan tərəfinin daha bir provokasiyası və tamamilə cəfəngiyat adlandırıb.

Elə azərbaycanlılar da suriyalı döyüşçülərlə bağlı iddiaları təsdiqlənməmiş sayır, ölkəni gözdən salmağı hədəfləyən dezinformasiya kampaniyasının bir hissəsi hesab edirlər.

İnsan haqları fəalı Anar Məmmədli bu iddialar ortaya çıxanda tvitində yazırdı ki, Türkiyənin Azərbaycana siyasi dəstəkdən savayı hərbi dəstəyinə konkret fakt yoxdur.

“Təsdiqlənməmiş və naməlum mənbələr hesabına belə manipulyasiya vasitəsilə onlar münaqişəyə dini don geyindirməyə çalışırlar”, – o yazıb.

Jurnalist Seymur Kazımov münaqişə zonasından radioya müsahibəsində deyib ki, “biz tərəfdə suriyalıların döyüşməsi haqda şayiələr həqiqətə uyğun deyil. Buna dəlil yoxdur”.

Kazımovun sözlərinə görə, qalmaqalı bir xarici jurnalist başladıb, o, “adsız, fotosuz bir nəfərin dedikləri əsasında məqalə yazıb. Başqa heç nə. Bunu heç kəs təsdiqləməyib”.

“Hətta bir jurnalist olaraq mənim üçün bu informasiya əldə etmək mümkün deyil”, – deyən Kazımov Azərbaycan tərəfdə öldürülən, yaxud yaralanan suriyalı muzdlunun olmadığını vurğulayıb.

Müəllif qeyd edir ki, suriyalı muzdlulardan təkcə beynəlxalq media təşkilatları və müstəqil təhlilçilər danışmır. Sosial mediada yayılan bəzi videolarda münaqişədə suriyalı döyüşçülərin iştirakı iddia olunur. Ancaq aydındır ki, sosial media postlarının həqiqiliyini təsdiqləmək çətin olur, yəni fərqli oyunçular dezinformasiya kampaniyasının bir hissəsi kimi saxta videolar yaya bilərlər.

“Azad Avropa” radiosunun Şimali Qafqaz xidməti oktyabrın 4-də sosial mediaya yerləşdirilmiş bir qısa videonu təhlil edib. Həmin videoda guya çeçen döyüşçülərin Dağlıq Qarabağ zonasında olduğu görünürdü. Radio 37 saniyəlik videonun əslində Krımda çəkildiyini müəyyən edib. Ukraynanın Qara dəniz region olan Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib.

Britaniyada mənzillənən “Bellingcat” araşdırma saytı oktyabrın 7-də açıqladığı hesabatda bir “Telegram” kanalından bəhs edirdi. Rusiyanın “Vaqner” muzdlu şirkətinə bağlı həmin kanal Suriyada çəkilmiş fotolardan istifadə edərək Dağlıq Qarabağ üzrə təhlilçilərdə rusiyalı döyüşçülərin münaqişədə iştirakı fikrini yaradıb.

Bənzər yazılar

Back to top button