Sağlamlıq

Qadınların COVİD-ə daha çox yoluxmasının səbəbi nədir? – Adil Qeybulla

“Qadınlar kişilərə nisbətən daha çox təmasda olurlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Azərbaycanda COVİD-19-a yoluxanlar arasında qadınların üstünlük təşkil etməsinə aydınlıq gətirərkən deyib. O bildirib ki, qadınların koronavirusa yoluxmasında üstünlük təşkil etməsi təəccüb doğurmur:

“Bazar, market məsələri bütünlüklə qadınların ixtiyarındadır. Qadınların böyük əksəriyyəti həm də işə gedir. Onların hər biri ictimai nəqliyyatdan istifadə edir. Bu baxımdan qadınların virusa yoluxmasında üstünlük təşkil etməsi təəccüblü deyil. Əsas səbəb karantin qaydalarının gözlənilməməsidir ki, bu da rekord yoluxma sayına gətirib çıxartdı. Bu isə indiki şəraitdə, vətən uğrunda gedən döyüşlərdə sərt tədbirlərin görülməsi zərurəti yaradır. Vətəndaşlar bunu dərk edib, onun fərqində olmalıdırlar. Dəfələrlə deyilib ki, qapalı mühitdə karantin qaydalarının gözlənilməsi mühüm şərtdir. Amma buna əməl edən yoxdur”.

Aqil Qeybulla bildirib ki, bir koronaviruslu xəstənin marketdə peyda olması yetərlidir ki, ora gələn sağlam adamları yoluxdursun:

“Məsələ çox ciddidir. Pandemiya üçün ön və arxa cəbhə yoxdur. Ön cəbhə sağlam olmalıdır ki, arxa cəbhə işini görə bilsin. Digər tərəfdən pandemiyanın ön cəbhədə yayılması əsgərlərimizin uğurlu işinə ziyan vura bilər. Bu da ciddi məsuliyyətdir. Hesab edirəm, insanlar cox diqqətli və məsuliyyətli olmalıdır”.

Qeyd edək ki, Azərbaycanda COVİD-19-a yoluxanlar arasında yenə də qadınlar üstünlük təşkil edir. Ümumi yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir.

Bənzər yazılar

Back to top button