GündəmManşetSiyasət

Son bir ildə jurnalistlər 25 dəfədən artıq məhkəmələrə çəkilib, azadlıqdan məhrum edilmə halları da olub

Milli Mətbuat günü ərəfəsində ASTNA media məsələləri üzrə ekspert, Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyevlə media və jurnalistlərin son bir ildəki durumu barədə söhbət edib.

* * *

Sual: Xalid bəy, son bir ildə mediada nələr baş verdi? Bu il media sahəsində nə ilə yadda qaldı?

Cavab: Ümumi duruma baxanda, xüsusi ciddi dəyişikliklərdən danışmaq olmur, medianın fəaliyyəti üçün şərait baxımından, necə deyərlər, “köhnə hamam, köhnə tas” durumudur. Azərbaycanda media azadlığı problemlidir. Bunu həm müxtəlif indekslərdə, həm də hökumətin son illərdə atdığı addımlarda görə bilərik. Media qanunvericiliyi büsbütün dəyişdirilib, hökumətin nəzarətində olan tənzimləyici qurumlarda institusional dəyişikliklər edilib. Bütün bunların hamısı durumu yaxşılaşdırmaq niyyəti ilə izah edilib. Bu dəyişikliklərə baxmayaraq, hansısa pozitiv dəyişikliklərin olduğunu söyləyə bilmərik. Qanunvericilik də dəyişib, onu tətbiq edən qurumların forması da. Son bir ildə, eləcə də hazırda Azərbaycan mediası, jurnalistlər yeni düzənə uyğunlaşmaq prosesindən keçirlər.

Sual: Bu bir il ərzində jurnalistlər, blogerlər haqqında həbslər və təhdidlər baş verdimi? Həmin həbslərin motivi və təhdid faktlarının araşdırılması haqda nə demək olar? Ümumiyyətlə, bu bir il ərzində ifadə azadlığının pozuntusu, jurnalistlərə qarşı basqılar, media orqanlarının susdurulması, jurnalistlərə qarşı məhkəmə prosesləri ilə bağlı hansı hadisələr baş verib?

Cavab: Böhtan və təhqirə görə, hələ də cinayət cəzaları mövcuddur. Belə cəzaların dəyişdirilməsi gözləntisinin qarşılığında qanunvericilik sisteminə ifadə azadlığı ilə əlaqəli müxtəlif inzibati cəza növləri daxil edilib. Belə qanunlar sıx, yayğın tətbiq edilməsə də işləkdir, vaxtaşırı istifadə edilir. Son bir ilə baxsaq, jurnalistlər 25 dəfədən artıq məhkəmələrə çəkiliblər. Böhtan və təhqirə görə, azadlıqdan məhrum edilmə halları da olub. Jurnalistlərin peşə fəaliyyətlərinə görə, şübhəli, bəzən də qurama olduğu iddia olunan ittihamlarla həbs edilmələri, azadlıqdan məhrum olunmaları təcrübəsi təəssüflər olsun ki, ortadan qaldırılmayıb, bu problem hələ də ifadə azadlığından yararlananları təhdid etməyə, onların gözünü qorxutmağa davam edir. Müstəqil media, jurnalistlərin əsas problemlərindən biri ictimai olaylardan bilgi toplamaları zamanı müxtəlif növ basqılara məruz qalmalarıdır. Son bir ilə nəzər salanda, jurnalistlərin 15 dəfədən çox belə təzyiqə məruz qaldığını görürük. Onlar peşə fəaliyyətlərini yerinə yetirərkən zorakı davranışlara, saxlanılmalara, polisə aparılmalara məruz qalıblar. Jurnalistlərə münasibətdə onları qoruya biləcək qanunların işləyişi də problemlidir. Böhtan və təhqirlə bağlı məhkəmə təcrübəsi mütərəqqi deyil. Belə işlərin heç birində məhkəmələrimiz onların peşəsinə, oynadıqları önəmli rola istinad etməyiblər. Jurnalistlərin üzləşdikləri təzyiq hallarının araşdırılmasında da pozitiv nüansların olduğunu deyə bilmirik. 10-dan artıq işdə jurnalistlər onlara təzyiq edənlərin cəzalandırılması üçün müvafiq qurumlara şikayət ediblər, ancaq onların şikayətləri bütün hallarda rədd edilib. Jurnalistlərə qarşı əvvəllər baş vermis təhdidlərin, hücumların araşdırılması da problemlidir. Məsələn, ötən il hücuma, təhdidə məruz qalan jurnalist Aytən Məmmədovanın işi açılmamış qalmaqdadır.

Sual: Bəs bu bir il ərzində Azərbaycanda medianın durumu ilə bağlı hər hansı müsbətə doğru irəliləyiş olubmu?

Cavab: Xüsusi sistemli pozitiv dəyişikliklərdən danışmaq olmur. Bəzi kövrək irəliləyişləri, daha doğrusu, azad media nümunələrinin çətinliklərə, problemlərə rəğmən, fəaliyyətlərini davam etdirə bilmələrini qeyd edə bilərik. Son 4-5 ildə yaranan, azad jurnalistlərin qurduqları, eləcə də daha əvvəldən fəaliyyət göstərən onlayn media resurslarının işlək olduğunu qeyd edə bilərəm. Eyni zamanda son aylarda AzadlıqRadiosu, Meydan TV kimi cəmiyyətin dürüst bilgi qaynağı olan mediaların internet resurslarının üzərinə qoyulmuş blokun fasilələrlə də olsa qaldırılması baş verib. Yeni media qanunvericiliyi olduqca mürtəce məzmun daşıyan qanundur. Həmin qanunun tam gücü ilə tətbiq edilməməsini də bu kontekstdə pozitivə yazmaq olar.

Sual: Ötən il Azərbaycanda yeni media qanunu qüvvəyə mindikdən sonra Media Reyestri fəaliyyətə başladı. Reyestrdən keçməyən, keçə bilməyən media qurumlarına, jurnalistlərə qarşı hansısa addımlar atıldımı?

Cavab: Qeyd etdiyim kimi, yeni qanun tam gücü ilə işə düşməyib. Bu kontekstdə ən nəzərə çarpan iş reyestrin yaradılmasıdır. Yeni qanun qüvvəyə minənədək mövcud olan medialara münasibətdə reyestrin yaradılması işi başa çatıb. 6 aylıq müddət müəyyən edilmişdi, həmin müddət ərzində medialar, jurnalistlər reyestrə düşmək üçün müraciət etməli idilər. Həmin müddətin aprelin 15-də başa çatdığı bildirilir. Həmin tarixə qədər neçə media, jurnalist reyestrə daxil edilmələri üçün müraciət edib, onlardan neçəsi daxil edilib, neçəsi haqda imtina qərarı verilib, bəlli deyil. Bizə yalnız reyestrə daxil edildiklərini publik elan edənlər və yenə publik şəkildə imtina qərarı aldıqlarını bildirən media, jurnalistlər haqda məlumatlar məlumdur. Bundan başqa 2023-cü ilin əvvəlində reyestrin formalaşdırlmasına rəhbərlik edən Media Agentliyinin açıqlaması olub. Bu bilgilərin işığında 200 civarında medianın reyestrə daxil olmaq üçün müraciət etməsi, onların 40-dan çoxuna imtina cavabı verildiyi məlumdur. Bunlar da təsdiqlənmiş dəqiq bilgilər deyil. Baxmayaraq ki, reyestrlə bağlı belə ümumi məzmunlu bilgilər topluma açıq olmalıdır, agentlik bu sahədə şəffaflığı təmin etməyib. Apreldə müraciət etmiş xeyli media var ki, onların müraciətləri aylardır ki, baxılmamış saxlanılır. Onlarla media var ki, reyestrə ümumiyyətlə müraciət etməyiblər. Olduqca qeyri-müəyyən durum yaranıb. Reyestrdə olmayanların aqibətinin necə olacağı bəlli deyil. Bəlli olan odur ki, həmin medialar akreditasiya imkanından, eləcə də digər qanunların jurnalistlərə verdiyi imtiyaz və haqlardan məhrum olublar. Yeni media qanunvericiliyi olduqca dolaşıq mexanizmlər müəyyən edib, mümkündür ki, reyestrdə olmayanların fəaliyyətinin qanuni olub-olmması məhkəmə müstəvisində mübahisələndirilsin, bu, hər an baş verə bilər. Bütün bunlar akreditasiya və digər haqq və imtiyazlardan məhrum olmaları azad media, jurnalistlər üçün ciddi təhdidlər doğurmaqdadır.

Sual: Son olaraq ifadə azadlığının, media azadlığının qorunması üçün Azərbaycan hansı addımları atmalıdır? Necə etmək olar ki, heç bir jurnalist basqıya, təzyiqə məruz qalmasın?

Cavab: Media güclü olmalı, asılılığı olmamalıdır. Yalnız belə xüsusiyyətlərə malik olduğu zaman medianın, jurnalistlərin problemləri cilovlanacaq. Asılı olduqca, gərəkli resurslara malik olmadıqca, bu problemlər ortalıqda olacaq, jurnalistlərə təzyiqlər olacaq, jurnalistlər sifarişli məhkəmə qərarları ilə zərərsizləşdiriləcək. İndi biz baxanda texniki baxımdan, jurnalistlər qoruma ilə əhatələniblər – qanunlar onları qoruyur, özünütənzimləmə qurumu da var və.s. Ancaq bu mexanizmlər işləmir. Sözdə özünütənzimləmə qurumları da hökumət nəzarəti ilə əhatə olunub. Jurnalistləri qoruyan qanunlar tətbiq edilmir. Durumu dəyişmək üçün mütərəqqi media qanunları qəbul edilməli, onların işləməsi təmin olunmalıdır. Hökumət medianın üzərindən əlini götürməli, onların azad və müstəqil fəaliyyət göstərməsinə, məzmunlarının keyfiyyətinə uyğun reklam gəlirləri cəlb edə bilmələrinə imkan yaratmalıdır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button