Siyasət

JMK jurnalist Vüqar Məmmədovu azad etməyə çağırıb

“Azərbaycan hakimiyyəti jurnalist Vüqar Məmmədovu həbsdən azad etməli və ictimaiyyətin maraqlarına cavab verən məsələlər barədə məlumat yaydıqlarına görə jurnalistlərdən qisas almağı dayandırmalıdır”.

Bu barədə qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) iyulun 28-də yaydığı bəyanatda deyilir.

https://cpj.org/2023/07/azerbaijani-journalist-vugar-mammadov-sentenced-to-30-days-in-jail-over-interview/

Sənəddə deyilir ki, iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi “Hürriyyət” müstəqil xəbər agentliyinin baş redaktoru Vüqar Məmmədovu hərbiçilərlə bağlı qadağan olunmuş məlumatları yaydığına görə 30 sutka həbs edib.

Məhkəmə qərarında Məmmədovun keçmiş polkovnik Elnur Məmmədovla ən azı üç müsahibəsinə istinad edilib, ən son iyulun 19-da keçmiş hərbiçi ölkə ordusunda vəziyyəti tənqid edib, müdafiə naziri Zakir Həsənovu pis idarəetmədə və korrupsiyada ittiham edib. Elnur Məmmədov da eyni ittihamla 30 sutka həbs edilib.

“Elnur Məmmədovun da Azərbaycan hərbi rəsmiləri haqqında tənqidi fikirlər səsləndirdiyinə görə həbs edilməsi tamamilə qəbuledilməzdir və məhkəmə qərarı dərhal ləğv edilməlidir”, deyə JMK-nin Avropa və Mərkəzi Asiya proqram koordinatoru Gülnoza Səid bildirib.

“Hakimiyyətlər söz azadlığı ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməli və sadəcə öz işlərini gördükləri üçün jurnalistlərdən qisas almağı dayandırmalıdırlar”, deyə o, əlavə edib.

Vəkil bildirib ki, məhkəmə zalında həbs edilən Məmmədov hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır. O, müsahibələr zamanı Azərbaycan qanunvericiliyinə əsasən dövlət sirrini ehtiva edə bilən qadağan olunmuş məlumatların yayılmadığını və Məmmədovun qonağının tənqidi fikirlərini səsləndirdiyinə görə cəzalandırıldığını bildirib.

Media hüquqları üzrə hüquqşünas Xalid Ağalı JMK-yə mesajlaşma proqramı vasitəsilə bildirib ki, jurnalistlər müsahibələrdə ifadələri ilə bağlı Azərbaycan qanunlarına görə təqib oluna bilərlər, lakin bu işdə hakimiyyətin məqsədinin “jurnalistləri və sadə insanları tənqid etməkdən çəkindirmək” olduğuna inanır.

Elnur Məmmədov 2022-ci ilin oktyabrında 6 aylıq həbs cəzası ilə nəticələnən Müdafiə Nazirliyinin rəsmilərini tənqid etməsi ilə məşhurdur.

“Hürriyət”in məlumatına görə, Baş Prokurorluğun əməkdaşları Vüqar Məmmədovu çağıraraq dindirib və məhkəməyə veriblər.

“Hürriyyət”in əməkdaşları yerli və regional mediaya bildiriblər ki, hakimiyyət bir neçə saat ərzində jurnalistin həmkarlarına və ya ailəsinə onun harada olması barədə məlumat verməyib və ona vəkil seçməsinə icazə verilməyib.

Məhkəmə qərarında deyilir ki, Məmmədov “silahlı qüvvələrin vəziyyətini sistemli, ardıcıl və davamlı olaraq” müzakirə edib və bununla da “ölkənin müdafiə qabiliyyəti ilə bağlı qadağan olunmuş məlumatlar yayıb”. Nə hökmdə, nə də baş prokurorun bəyanatında qadağan olunduğu iddia edilən məlumatla bağlı əlavə təfərrüatlar göstərilməyib.

JMK şərh üçün Azərbaycan Baş Prokurorluğu və Ədliyyə Nazirliyinə e-poçt göndərsə də, heç bir cavab almayıb.

JMK hazırda Azərbaycanda jurnalist Polad Aslanovun da həbsdə olduğunu bildirir.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov və hərbiçi Elnur Məmmədov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) təqsirli bilinib.(Turan)

Bənzər yazılar

Back to top button