Hadisə

Yoluxanların sayı artır, iş vaxtı qısaldıla bilər?

Metropolitenin koronavirus pandemiyasında kəskin artım səbəbindən müvəqqəti bağlanması Bakıda yenidən marşrut avtobuslarının yükünü artırıb. Xüsusən pik saatlarda onsuz da sıx olan sərnişin sayına metrodan gün ərzində istifadə edən 800 minə yaxın sərnişinin böyük bir hissəsini də əlavə eləsək, vəziyyətin nə qədər acınacaqlı olduğunu görərik. Digər tərəfdən, Bakıda həm komendant saatı, həm də karantin rejimi tətbiq olunur. Əksər iş yerləri saat 18:00-da bağlandığından komendant saatının bitməsinə, yəni 21:00-dək evə çatmağa tələsən böyük kütlə dayanacaqlara üz tutur.

AzToday.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti virusa yoluxma hallarını azaltmaq məqsədilə oktyabr ayının 19-dan etibarən dövlət qurumlarında çalışan işçi sayının 30 faizədək azaldılması ilə bağlı qərar verib. Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur. Digər tərəfdən, ötən gün Bakı Nəqliyyat Agentliyi pik saatlarda sərnişin tələbatının qarşılanması üçün xəttə əlavə 100 avtobusun cəlb olunacağını elan etmişdi. Lakin görünən odur ki, bütün tədbirlərə rəğmən sərnişin sayında sıxlıq azalmayıb.

Bu problem sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Dayanacaqlarda sıxlıq halında sərnişinlərin marşrut avtobusları uğrunda mübarizəsini əks etdirən fotoşəkillərə rast gəlirik. Bu vəziyyətdə avtobusa daxil olmaq mümkün olsa belə, mənzil başına sağlam gedib çatma mübahisə mövzusudur.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Yoluxanların sayının son günlər 700-ə yaxınlaşdığını nəzərə alsaq hazırkı vəziyyətdən başqa çıxış yolu mümkündürmü? İş yerləri, xüsusən də, dövlət idarələri əməkdaşların işdən çıxma saatlarını tənzimləyə bilməzlərmi?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov hesab edir ki, bu məsələni tənzimləmək üçün bir çox iş yerləri, o cümlədən, özünün çalışdığı təşkilat işçiləri bir saat tez işdən buraxır. Mütəxəssis hesab edir ki, burada işəgötürənlər əmək kollektivlərilə bağlı müxtəlif razılaşmalara gələ bilərlər. İş saatı bir qədər tez başlaya və tez bitə bilər. Və yaxud da işəgötürən qısaldılmış iş rejimi tətbiq edə bilər: “Daha uzaqda yaşayan işçilər işdən bir qədər tez buraxıla bilər. Hər şey qərarla, qanunla edilməli deyil. İşəgötürənlər, istər dövlət orqanı olsun, istər kommersiya qurumu olsun, anlayışla yanaşmalıdırlar. Hətta imkanlı təşkilatlar işçiləri evə aparmaq üçün avtobus da ayıra bilərlər. Yoxdursa, sadaladığım tədbirlərdən birini görməlidir. Gözləmək lazım deyil ki, hökumət kommersiya qurumlarının əvəzinə qrafik tərtib edəcək. Tövsiyə edibsə, buna əməl olunmalıdır”.

S. Məmmədov həmçinin bildirib ki, dövlət idarələrinin əksəriyyətində işçilərin 30 faizi işə çıxarılır və bu məsələdə hər hansı problem olmamalıdır. Özəl qurumlara isə bununla bağlı göstəriş verilə bilməz. Əgər Operativ Qərargaha şikayətlər olarsa əlavə tədbirlər görülə bilər.

Millət vəkili Vüqar Bayramov da bildirib ki, burada iki istiqamətdə fəaliyyətin gücləndirilməsinə ehtiyac var. BNA tərəfindən avtobusların sayının artırılması məqsədəuyğundur və Agentliyin məlumatlarına əsasən bu istiqamətdə işlər gedir. Digər məqam isə Nazirlər Kabineti tərəfindən dövlət qurumlarında işçi sayının azaldılması ilə bağlıdır.

“Bizim monitoriqlərimiz göstərdi ki, dövlət idarələrində belə problem yoxdur. Demək olar ki, bütün dövlət idarələrində 30 faizədək azaldılması həyata keçirilir. Çünki bu dövlət qurumları üçün tövsiyə olunmamışdı, qayda olaraq müəyyənləşmişdi. Nəzərə alsaq ki, işçi qüvvəsinin əhəmiyyətli hissəsi özəl sektorda çalışır, burada tövsiyələrə əməl olunmasına ehtiyac var”.

Millət vəkili bildirib ki, pandemiya dövründə real sektorun da fəaliyyətini davam etdirməsi vacibdir. Buna görə də, Nazirlər Kabineti özəl sektor üçün işçi sayını tövsiyə edib, bu məcburi xarakter daşımır. Artıq özəl sektor öz fəaliyyət coğrafiyasının imkanları, eləcə də, dövriyyəsinə uyğun olaraq işçilərin sayını ixtisar etmədən azalda bilər: “Düşünürəm burada sahibkarların da, vətəndaşların da üzərinə xüsusi vəzifə düşür. Çünki sahibkarlar tərəfindən onlayn iş rejiminə keçid vacibdir. Amma hələ də özəl sektorda çalışan sahibklarların böyük bir qismi onlayn deyil, birbaşa ofis fəaliyyətinə üstünlük verirlər. Bizim apardığımız monitorinqlər göstərir ki, tövsiyənin olmasına baxmayaraq, özəl sektorda işçilərin sayının qismən azalması belə müşahidə olunmayıb”.

V. Bayramov həmçinin bildirib ki, bunun məcburi xarakter daşımasının tərəfdarı deyil. Lakin pandemiya davam edən aylarda iqtisadi artımın qorunub saxlanılmasına ehtiyac var. Əgər sahibkar üçün onun işçilərinin bir neçəsinin ofisdə işləməsi vacib deyilsə, onlar onlayn şəkildə işini davam etdirə bilər: “Özəl sektorda onlayn iş rejimi təklif oluna bilər. Bu da sıxlığı azalda bilər. İstisna edilmir ki, əgər kütləvi şəkildə narazılıqlar olarsa, Operativ Qərargah bu məsələnin tənzimlənməsi üçün təsir mexanizmi işləyib hazırlaya bilər. Biz millət vəkili olaraq yenidən real sektorda sərt qaydalar tətbiq edilməsinin tərəfdarı deyilik. Çünki nəzərə alsaq ki, ölkədə savaş var, pandemiyanın nə zamanadək davam edəcəyi məlum deyil. Təbii ki, qərarı Operativ Qərargah verir, əgər vəziyyət pisləşsə, bu məsələyə baxılması mümkündür. İstisna edilmir ki, virus sayı artsa özəl sektorda da işçi sayı ilə bağlı kvotaya baxıla bilər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə “Qafqazinfo”ya bildirilib ki, Nazirlər Kabinetinin qərarı əsasında dövlət idarələrində iş saatı fərqli saatlarda başlayır və fərqli saatlarda bitir: “Həmçinin dövlət orqanlarında işləyənlərin işçi sayı 30-dək azaldılıb, məktəblər, təhsil müəssisələri bağlanıb. Bu o deməkdir ki, karantin tətbiq edilən şəhərlərimizdə sıxlığın azaldılması üçün kifayət qədər tədbirlər görülüb. Özəl təşkilatlara bu tövsiyə edilib və bir çoxu diqqətlə yanaşırlar”.

Bənzər yazılar

Back to top button