Rüfət Quliyev ukraynalı deputatların Azərbaycana qarşı səs verməsindən danışdı

Print Friendly, PDF & Email

Avropa Şurası Parlament Assambleyasının iclasında Ukraynadan olan müxalifətçi deputatların Azərbaycanın əleyhinə səs verməsi Ukrayna dövlətinin mövqeyini qətiyyən əks etdirmir.

Bu sözləri Milli Məclisin iclasında çıxış edən Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri R.Quliyev deyib. R.Quliyev çıxışında qeyd edib ki, o bu hadisə barədə məlumat alan kimi Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçi və qrupun ən fəal üzvlərindən olan Oleq Medunitsa ilə dərhal əlaqə saxlayıb və məsələyə aydınlıq gətirilməsini xahiş edib.
M.Kuryaçi tam əminliklə bildirib ki, Ukrayna Ali Radasında olan cüzi sayda müxalif partiyaların bəzi deputatları bu addımı atmaqla Ukrayna-Azərbaycan dostluğuna xələl gətirmək məqsədi güdüblər və bu Ukrayna dövlətinin mövqeyini qətiyyən əks etdirmir. Məsələ ondadır ki, Ukraynanın aparıcı partiyası olan “Petro Poroşenko” partiyasını təmsil edən və AŞPA-nın iclasında iştirak etməli olan böyük deputat qrupu Strasburqa gələn Ukrayna Prezidenti cənab Petro Poroşenkonu qarşılamağa gediblər və iclasda onların olmaması üzündən meydan P.Poroşenko hakimiyyətinin əleyhinə işləyən müxalif deputatların əlinə keçib. M.Kuryaçinin qeyd etdiyinə görə son vaxtlar Ukraynada müxalifətin hakimiyyətlə növbəti siyasi çəkişmələri başlayıb və müxalifət hər vəchlə hakimiyyətə zərbə vurmağa çalışır.

M.Kuryaçi onu da vurğulayıb ki, bu qərəzli səsvermədən dərhal sonra Ukrayna Ali Radasındakı işçi qrupu və Azərbaycana loyal münasibət bəsləyən bir qrup deputat 2 gün dalbadal məsələni müzakirə edib və qəti qərara gəlib ki, belə hal Ukrayna-Azərbaycan dostluğuna qarşı təxribatdır və müxalifətin bu cür hərəkəti hər bir mütərəqqi fikirli ukraynalını təəssüfləndirir. Onlar müxalifətin hərəkətini ölkə siyasətinə zidd olduğunu bildirərək, onu qətiyyətlə pisləyiblər.

Həmçinin qərara alınıb yaxın günlərdə işçi qrupunun üzvləri və bir sıra digər deputatlar başda olmaqla bu məsələ ilə əlaqədar birgə bəyanat verəcəklər və həmin bəyanatda Ukrayna ilə Azərbaycanın köklü tarixi olan dostluq əlaqələri öz əksini tapacaq və bir neçə müxalifətçi deputatın bu bədnam hərəkəti qətiyyətlə pisləniləcəkdir.

Görülən işlər barədə mətbuata əlavə məlumat veriləcəkdir. Deputat Rüfət Quliyev ümidvar olduğunu bildirib ki, bundan sonra da Azərbaycan-Ukrayna dostluğu yüksələn xətlə davam edib yeni çalarlar alacaqdır.