Mədəniyyət

Şahbaz Xuduoğlu: “Məhkəmə bizdən xəbərsiz keçirilib, indi sizdən eşidirəm”

“Belə bir məhkəmə prosesindən xəbərim olmayıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Təhsil Nəşriyyat Poliqrafiya” MMC-nin şikayəti əsasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1027/2020-012 nömrəli, 18.03.2020-ci il tarixli qırarından danışarkən deyib. Direktor xəbərsiz keçirilən məhkəmə iclasının qərarına etiraz etdiyini qeyd edib:

“Mənim belə bir məhkəminin keçirilməsindən xəbərim olmayıb. Məhkəmə qararı almamışam, üstəlik bizim iştirakımız təmin olunmayıb. Ümumiyyətlə, bu proseslə bağlı bizə məhkəmədən bildiriş də gəlməyib. Nə üzr istəmək? Bizim məhkəmədə iştirakımız təmin olunmayıbsa, bu işə necə baxılıb? Məhkəmə öncə qarşı tərəfin iştirakını təmin etməlidir”.

“Bu nəşriyyatlar ölkə başçısının sərəncamlarından sui-istifadə edib, pirat kitab nəşr edirlər” başlığı altında dərc olunmuş müsahibəyə gəlincə Şahbaz Xuduoğlu söhbətin hansı yazıdan getməsindən xəbərsiz olduğunu vurğuladı:

“Yadımda deyil, bilmirəm söhbət hansı yazıdan gedir. Ola bilər ki, müəyyən kitabların qanunsuz, qeydə almadan nəşri ilə bağlı olub. İndi də nəşriyyatlarda belə kitablar var. Əgər məni məhkəməyə dəvət etsəydilər, müqavilələri təqdim edərdim”.

Şahbaz Xuduoğlu sonda nəinki məhkəmədən, hətta Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin Qaynarinfo-ya ünvanladığı bildirişindən də məlumatsız olduğunu dedi:

“Bunlar nəyi icra edəcək? Belə bir sənəddən də xəbərsizəm”.

Qeyd edək ki, “Təhsil Nəşriyyat Poliqrafiya” MMC Qaynarinfo.az internet saytını və “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunu məhkəməyə verib. Tərəflərdən heç birinin xəbəri olmadan qarşı tərəfin iddiasını təmin edən Nəsimi rayon Məhkəməsi Şahbaz Xuduoğlu və “Qaynarinfo” saytını 100 manat cərimələyib. Bundan əlavə, məhkəmə qərarında göstərilib ki, Qaynarinfo.az saytında həmin müsahibənin verildiyi yerdə və eyni ölçülü şriftlə təkzib verilməklə “Təhsil Nəşriyyat Poliqrafiya” MMC-dən üzr istəməsi vəzifəsi borclular Qaynarinfo.az saytına və Xuduoğlu Şahbaz Xudu oğluna həvalə edilməlidir.

Xatırladaq ki, «Bu nəşriyyatlar ölkə başçısının sərəncamlarından suiistifadə edib, pirat kitab nəşr edirlər” başlığı altında dərc olunmuş material başqa bir saytda dərc olunub. Qaynarinfo.az isə həmin yazını istinadla verib.

Bənzər yazılar

Back to top button