Azərbaycan Karate Federasiyasında böhran: “Onları saxlaya bilmirik”

Print Friendly, PDF & Email

Azərbaycanda idman federasiyaları ətrafında yaşanan qalmaqalların sırasına daha biri əlavə olunub. Boks, basketbol, güləş federasiyalarının ardınca, Azərbaycan Karate Federasiyasında da maddi problemlər yaşanır. Uzun zamandır sponsorsuz qalan federasiya, 6 aydan çoxdur ki, işçilərinə maaş ödəmir. Vəziyyət o həddə çatıb ki, federasiya maliyyə problemlər səbəbindən bir çox beynəlxalq yarışlara qatıla bilmir.

AzToday.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, sayta faktı Azərbaycan Karate Federasiyasının mətbuat katibi Sənan Məhərrəmov da təsdiqləyib. O deyib ki, maaşların verilməsində, təxminən 6 aylıq gecikmə var: “Biz may ayında aprel ayının maaşını almışıq. Həmin aydan sonra bizə əməkhaqqı verilməyib”.

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov da xəbəri təsdiqləyib. O bildirib ki, federasiyada çalışanlar 6 aydır maaş almırlar: “Beynəlxalq Bank maddi vəziyyətinin yaxşı olmadığı üçün, federasiyaya sponsorluq etməkdən imtina etdi. Ona görə də, federasiya sponsorsuz qaldığı üçün maddi problemlərlə üzləşib”.

“Amma zaman olub ki, biz 2 il əməkhaqqı almadan işləmişik. Düşünürəm ki, bu da müvəqqəti çətinlikdir. Gənclər və İdman Nazirliyi də bu məsələnin həlli üçün çalışır. Ümid edirəm, tezliklə bizi maliyyələşdirəcək sponsor tapılacaq” — R. Hətəmov bildirib.
Vitse-prezident qatıldıqları yarışların maliyyəsinin nazirlik tərəfindən ayrıldığını qeyd edib: “Mətbuatda yazılır ki, karate millisi yarışlara getmir. Bu, doğru xəbər deyil. Gənclər və İdman Nazirliyi bizim yarışlara getməyimiz üçün maliyyə vəsaiti ayırır. Hazırda da yarışa hazırlaşırıq”.

“Federasiyanın maliyyə sıxıntısına görə bəzi işçilər ərizə yazaraq işdən ayrılıblar. Çünki neçə aydır işçilərə maaş verə bilmirik. Onları işdə saxlamaq hüququmuz yoxdur. Həm də işçilərin vergi xərcləri də federasiyaya əlavə borc yaradır. Ona görə də, müvəqqəti olaraq işdən ərizə yazaraq ayrılıblar. Sponsor cəlb olunandan sonra, iş tapmayan və bizimlə işləmək istəyən əməkdaşlarımızı yenidən sıralarımıza dəvət edəcəyik” – deyə R.Hətəmov əlavə edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da yaranmış vəziyyətə münasibət bildirib. O, Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, Gənclər və İdman Nazirliyi heç bir federasiyaya maaş vermir.

“Nazirlik idmançıların təlim-məşq toplanışlarında iştirakına, beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmələrinə görə maliyyə vəsaiti ayırır. Bu da hər ilin əvvəlində təqdim olunan təqvim planına əsasən hazırlanır” — S. Məmmədova vurğulayıb.

Onun sözlərinə görə, həmin təqvim planı federasiyalar tərəfindən verilən yarışların siyahısı əsasında hazırlanır: “Nazirlik də siyahını nəzərə alaraq federasiyaların təlim-məşq toplanışlarına və beynəlxalq yarışlarda iştirakına büdcə ayırır. Eyni zamanda, federasiyalar tibbi ləvazimatlarla təmin edilir”.