İqtisadiyyatManşet

Həyat yoldaşı Nizami Piriyevdən boşanıb – Milyonluq əmlakların kiçik hissəsi geri qaytarıldı

Məşhur azərbaycanlı oliqarx, “PNN Group” şirkətinin rəhbəri Nizami Piriyev həyat yoldaşından boşanıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nizami Piriyevlə həyat yoldaşının boşanmasına səbəb iş adamının əmlaklarının müsadirə olunması və aralarında buna görə problemlərin yaranması olub. Belə ki, “PNN Group” rəhbəri özünə və həyat yoldaşına məxsus əmlakları girov qoyaraq Beynəlxalq Bankdan külli miqdarda kredit götürüb. Amma krediti ödəmədiyi üçün əmlaklar müsadirə edilib və hərrac yolu ilə satışa çıxarılıb.

Nizami Piriyev 2014-cü ildə bankdan 4.2 milyon manat kredit götürüb. Bu məbləğdə kredit ona 2019-cu ilədək illik 14 faizlə verilib. Lakin Nizami Piriyev kredit borcundan bir qəpik belə ödəməyib və borc faizlərlə birlikdə 5.203.472,49 manata yüksəlib.

Bundan sonra Nizami Piriyevin adına olan müxtəlif daşınmaz əmlaklar, o cümlədən Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu yaxınlığında yerləşən 3 mərtəbəli qeyri-yaşayış binası hərraca çıxarılıb və 2.500.419,80 manata satılıb. Sözügedən məbləğ bankın kredit borcuna yönəldilib. Bundan sonra onun banka 2.705.966,25 manat borcu qalıb. Bu məbləğin ödənilməsi üçün ona vaxt verilib. Lakin yenə də ödəniş edilməyib.

Aparılan araşdırma zamanı Nizami Piriyevin adına yenidən müxtəlif daşınmaz əmlaklar, o cümlədən boşandığı həyat yoldaşı C.Əsədova ilə birgə nigah dövründə aldıqları Səbail rayonu, Nizami küçəsində yerləşən 50 saylı evin 28/31 saylı mənzili və Nizami küçəsindəki 50 saylı evin 29/30 saylı mənzili aşkar edilib. Sözügedən əmlaklar 20 iyul 2022-ci ildə “Bakı Hərrac Mərkəzi” MMC tərəfindən satışa çıxarılıb. 28/31 saylı mənzil üçün bazar dəyəri 413.000 manat, 29/30 saylı mənzil üçün 212.000 manat müəyyən edilib. Hərraca çıxarılmış mənzillərin alıcısı olmadığı üçün eyni məbləğə Beynəlxalq Banka satılıb.

Nizami Piriyevin keçmiş həyat yoldaşı məhkəmədə iddia qaldıraraq sözügedən mənzillərin satışının qanunsuz olduğunu bildirib. Həmin mənzillərin mülkiyyət hüququnun 1/2 hissəsinin ona məxsus olduğunu deyib. O, Nizami Piriyev ilə birgə nikah dövründə əldə etdikləri əmlakların özünə məxsus paylarını heç bir banka girov və ya ipotekaya qoymadığını, eləcə də Nizami Piriyev tərəfindən girov və ya ipotekaya qoyulmasına razılıq vermədiyini bildirib. C.Əsədova məhkəmədən “Bakı Hərrac Mərkəzi” MMC-nin qərarının ləğv olunmasını tələb edib.

Məhkəmənin qərarı ilə C.Əsədovanın iddiası təmin edilib və 20 iyul 2022-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə müqavilə etibarsız hesab olunub.

Qeyd edək ki, bir neçə il əvvəl Nizami Piriyev “Beynəlxalq Bank işi” ilə bağlı həbs edilib. Sonra azadlığa buraxılan “kredit oliqarxı”nın hazırda xaricdə dəyəri milyonlarla ölçülən biznes obyektlərinin olduğu deyilir. Oğlu Nəsib Piriyevin Londonda 560 milyon dollara futbol klubu alması ilə bağlı da KİV-də dəfələrlə məlumat yayılıb.

Azərbaycanlı iş adamı, “Butastone” şirkətinin sahibi Namiq Əsədov isə Namiq Piriyevin qaynı olub. O, həmçinin piriyevlərə məxsus “AzMeCo” şirkətinə və digər biznes qurumlarına rəhbərlik edib.

Bənzər yazılar

Back to top button