İqtisadiyyat

Mərkəzi Bankı sabiq deputatın məşhur restoranını satdırır

Mərkəzi Bank sabiq deputat və biznesmen Fərhad Qəribovun sahibi olduğu “Şəki” restoranının hərraca çıxarılaraq satılması üçün məhkəməyə müraciət edib.

AzToday.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Səbail rayon Məhkəməsinə ünvanlanan iddia ərizəsinə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılıb.

Mərkəzi Bank iddia ərizəsində F.Qəribovun oğlu Zöhrab Qəribovu cavabdeh şəxs kimi qoyub və qeyd edilib ki, Z.Qəribova məxsus olan “Debüt Kommersiya Bankı” ASC-yə 2007-2008-ci illərdə 3 dəfə verilən 7 milyon manat məbləğində kreditdən ümumilikdə 3 milyon 215 min 65 manat əsas və 581 min 992 manat faiz borcu qalıb.

Z.Qəribov kredit üçün Nərimanov rayonu, Əhməd Rəcəbli 38a ünvanında yerləşən “Şəki” restoranı və ona bitişik yarımtikilini girov qoyub. AMB də ərizəsində kredit borcunun ödənilməsi üçün ipoteka yüklü edilən həmin obyektə yönəldilməsini, restoranın açıq hərracla satışa çıxarılaraq satılmasını və əldə edilən vəsait hesabına borcun ödənilməsini istəyib.

2010-cu il dekabrın 15-də 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarı ilə “Debüt Kommersiya Bankı” ASC müflis elan olunub, ləğvedicisi isə bankın vəsaitinin olmaması səbəbindən borcu ödəyə bilməyib.

Qəribovların dövlətdən aldığı 7 milyon manat bankın xəzinəsində tapılmayıb. 2016-cı ilin III rübü üzrə təzələnmiş siyahıya əsasən Mərkəzi Bankın “Debüt” KB ASC-yə qarşı qeydə alınmış kreditor tələbi 4 milyon 921 min 922 manat və 51 min 779 manat ABŞ dolları təşkil edib.

Mərkəzi Bankın bu iddiasından sonra Zöhrab Qəribov da məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsi verib və kredit müqavilələrində adıçəkilən obyektin 2008-ci ilin oktyabrın 8-nə kimi ipotekada qalmasının nəzərdə tutulduğunu qeyd edib. İddia edib ki buna görə də həmin əmlak “Debüt Kommersiya Bankı” ASC tərəfindən ödənilməyən kredit borcunun təminatı kimi çıxış edə bilməz.

Z.Qəribov bildirib ki, 2011-ci ildə ona bildiriş təqdim edilərkən, borcunu ödəməzsə, 30 gün ərzində məhkəməyə müraciət ediləcəyi qeyd edilib. O, AMB-nin 5 il sonra məhkəməyə müraciət etməsini iddia müddətinin ötürülməsi kimi qiymətləndirib.

AMB isə bu iddiaya cavab olaraq qeyd edib ki, Mülki Məcəllənin 380-ci maddəsinə görə borclu şəxs borcunu etiraf edərsə, iddia müddətinin axımı kəsilir. Z.Qəribov da 2011-ci ilin aprelin 19-da borcun “Şəki” restoranının yerləşdiyi obyektin üzərinə yönəldilməsi barədə razılaşma imzalayıb. Həmin vaxt 3 kredit müqaviləsi üzrə 6 milyon 649 min 907 manat borcu qaldığını etiraf edib. 2016-ci ilin noyabrın 22-də isə 2007-ci il 24 dekabrında götürdüyü kredit borcuna görə 45 min manat ödəniş edib.

Bu illər ərzində Mərkəzi Bank bir neçə dəfə “Şəki” restoranının açıq hərracla satılması üçün hərəkətə keçsə də, Qəribovlar satışın müəyyən müddət təxirə salınmasını xahiş edərək borcu ödəyəcəklərini vəd ediblər. Buna görə də məhkəmə iddiası gecikdirilib.

Hər iki iddia ərizəsi üzrə iş baxışa təyin edilib. Cavabdeh Z.Qəribov məhkəmə baxışının vaxtı və yeri haqqında xəbərdar olmasına baxmayaraq, məhkəmədə iştirak etməyib və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməyib. Bu səbəbdən işə onun iştirakı olmadan baxılıb.

Məhkəmənin 2016-cı il 22 dekabr tarixli iclasında Z.Qəribovun nümayəndəsi iştirak edərək vəsatət verib və ipoteka müqavilələrindəki imzanın Z.Qəribova aid olmadığını bildirib. Bununla bağlı məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilib.

Ekspert rəyində bu iddianın doğru olduğu təsdiqlənsə də, Qəribovun başqa bir “tryuk”u ortaya çıxıb. İpoteka müqaviləsinin imzalandığı 6 saylı notariusdan məhkəməyə təqdim edilən sənədlərdən bəlli olub ki, həmin imzalar Qəribov Xalid Fəxrəddin oğluna məxsudur. Həmçinin, sənədlərin içində bu müqaviləyə qol çəkməsi üçün Zöhrab Qəribovun X.Qəribova etibarnamə verdiyi də aşkarlanıb. Bununla da, məsuliyyət yenə də Z.Qəribovun üzərində qalıb.

Bütün bunlar araşdırıldıqdan sonra məhkəmə qərarını verib. Mərkəzi Bankın iddiası təmin edilib. Qərarda qeyd edilib ki, “Debüt Bank”ın MB-yə olan kredit borunun ödənilməsi “Şəki” restoranının yerləşdiyi 640 kvadratmetrlik obyekt və ona bitişik 11 kvadratmetrlik yarımtikiliyə yönəldilsin. Hər iki obyekt açıq hərracla satışa çıxarılmalı və əldə edilən məbləğlə borc ödənilməli, qalan pul isə Z.Qəribova qaytarılmaldır.

Z.Qəribovun qarşılıqlı iddiası isə rədd edilib. Həmçinin, AMB-nin iddia qaldırılmaq üçün ödədiyi 10 manat və ekspertiza keçirilməsi üçün dövlət büdcəsindən ayrılan 100 manatı da Z.Qəribovun ödəməsinə qərar verilib.

Bənzər yazılar

Back to top button