Dünya

Yaponiya müharibəyə başlaya bilmək üçün referenduma hazırlaşır

Yaponiyada ötən həftə keçirilən parlament seçkilərində qalib gələn Şinzo Abe ölkədə ciddi dəyişikliyə hazırlaşır.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, baş nazir II dünya müharibəsindən sonra qəbul edilən və müharibəyə başlamağı qadağan edən pasifist konstitusiyanı dəyişdirməyi planlaşdırır. Ölkənin hazırkı konstitusiyasına əsasən Yaponiya yalnızca hücuma məruz qaldıqda özünümüdafiə məqsədilə müharibəyə qatıla bilər. Abe açıqlamasında bildirib ki, parlamentdəki yerlərin 80%-ni qazanmağımıza baxmayaraq əvvəlcə müxalifət nümayəndələri ilə münasibətləri normallaşdırmalı və razılığa gəlməliyik, daha sonra keçiriləcək referendumda xalqın dəstəyini qazanmağa ümid edə bilərik.

1946-cı ildə tərtib edilən konstitusiyanın 9-cu maddəsində müharibənin beynəlxalq problemlərin həll yolu olmadığı vurğulanır və Yaponiyanın silahlı qüvvələrə sahib olmayacağı bildirilir. Lakin Yaponiyanın müdafiə məqsədilə hərbi qüvvələri var. Yaponiya və ABŞ arasında imzalanan müdafiə paktında isə bildirilir ki, əgər Yaponiya hücuma məruz qalsa, ABŞ müttəfiq kimi hərəkətə keçəcək və bu ölkəni müdafiə edəcək.

Qeyd edək ki, hazırkı konstitusiya ölkənin hərbi sənayeyə böyük pullar ayırmamasına və ölkənin kəskin iqtisadi yüksəlişinə səbəb olub. Ölkədəki mühafizəkarlar isə müharibədən sonrakı konstitusiyanın təhqir olduğunu deyirlər.

2015-ci ildə parlamentdə qəbul edilən qərarla Yaponiya müttəfiq qüvvələrinə kömək etməyə başlamış və bu hadisə böyük səs-küyə, fikir ayrılığına səbəb olmuşdu.

Son anketlərə əsasən, ölkənin 32%-i pasifist konstitusiyanın dəyişdirilməsini, 21% insan isə əksini istəyir. Əhalinin 39%-i bu barədə qərarsızdır.
Yaponiyada konstitusiya dəyişikliyini həyata keçirmək üçün parlament üzvlərinin 2/3-si bu qərarı dəstəkləməli, daha sonra isə əhali referendumda dəyişikliyə “Hə” deməlidir.

Bənzər yazılar

Back to top button