Siyasət

Qalan ermənilər haqqında dövlət sirri səviyyəsində məlumat

Azərbaycanın heç bir rəsmi məlumatında Qarabağda qalan ermənilərin dəqiq sayı, onların ad-soyadları, təvəllüdləri açıqlanmır. Eyni zamanda, onların saxlanmasına ayrılan dövlət vəsaiti, qalan hər bir erməni üçün müavinət norması gizlədilir. Onların harada və necə yaşadığı, onları kimin qoruduğu və onların hansı qaydalara riayət etməli olduğu məlum deyil.

Turan bu suallarla Azərbaycanın dövlət orqanlarına və beynəlxalq təşkilata müraciət edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi İlahə Hüseynova Turan-a deyib ki, təşkilatın mandatına uyğun olaraq o, Qarabağda 2023-ci ilin sentyabrından sonra qalan ermənilər haqqında heç bir məlumat verə bilməz.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə də Qarabağda qalan qeyri-azərbaycan milliyyətli mülki şəxslərin kimliyi, yaşayış yeri, şəraiti və qaydaları, sosial təminatı haqqında məlumat verə bilməyəcəklərini deyib.

Martın 28-də Azərbaycanın insan hüquqları üzrə ombudsmanı Səbinə Əliyeva Xankəndinin erməni sakinləri ilə görüşüb. Mətbuat xidmətinin məlumatına görə, o, Xankəndinin erməni əsilli sakinləri ilə söhbət edib, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “həssas əhali qrupları üçün” yaradılmış sığınacağa baş çəkib.

Səbinə Əliyeva sığınacaqda və müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməni əsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, deyə Ombudsman Aparatının mətbuat xidmətinin məlumatında bildirilir.

Psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub. Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıq ediblər.

Başçəkmə zamanı Ombudsmanın 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar müəssisəyə təqdim olunub, deyə təşkilatın press-relizində yazılıb.

Lakin ombudsman xidmətinin məlumatında heç bir ad və rəqəm göstərilməyib, sanki bu məlumat açıqlansa ermənilərə ağır zərbə vurulacaq.

Turan-ın müxbiri qeyd edilən 916 nömrəsinə zəng edib, operator mətbuat xidmətinə qoşub. Sualları dinləyən əməkdaş onları yazılı qaydada elekron poçt ünvanına göndərməyi xahiş edib və yeddi gün ərzində cavab verməyi vəd edib. “Cavablar üç gün sonra da gələ bilər. Biz daha əvvəl gələn sorğulara cavab hazırlamaqla məşğuluq”, deyə Ombudsman Aparatının nümayəndəsi dörd gün əvvəl bildirib.

Eyni suallar Azərbaycan Respublikasının Əmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də göndərilib, lakin onlar heç məktubu əldə etdikləri barədə belə məlumat verməyiblər.

2023-2024-cü illərdə Azərbaycanın rəsmi orqanları 2023-cü ilin sentyabrında region sakinlərinin kütləvi şəkildə Ermənistana getməsindən sonra qalan ermənilərin sayını açıqlamayıb. Azərbaycan KİV-ləri Ermənistan KİV-lərinin və beynəlxalq təşkilatların açıqladığı rəqəmlərdən sitat gətirmək məcburiyyətində qalırlar, lakin bu rəqəmlərin doğru olduğundan əminlik yoxdur. Dövlət KİV-lərinin və fərdi şəxslərin – Azərbaycan vətəndaşlarının çəkdiyi ayrı-ayrı video- və telereportajlardan aydın olur ki, Xankəndində ermənilər şəhərdə sərbəst şəkildə hərəkət edirlər. Həmçinin Xankəndində fərdi evlərdə tək yaşayan erməni əsilli kişi və qadın haqqında iki videosüjet olduğu məlumdur. Onların sözlərinə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Qızıl Xaç Komitəsinin əməkdaşları gəlib onlara ərzaq məhsulları təqdim edir, ehtiyac olduqda tibbi yardımla təmin edirlər.

İki ay əvvəl Real TV-nin müxbirləri Xankəndində sığınacaqda Bakıda doğulan erməni Kamo Ayrepetyan Eduardoviçlə söhbət edirdilər. O, təmiz Azərbaycan dilində sığınacaqda yaşayış şəraitindən, qidalanmadan, təmiz yataqlardan tamamilə məmnun olduğunu deyib.

Yarım il əvvəl Baku TV telekanalı Xankəndində beş erməninin və Qarabağın kəndlərində 2 erməninin Azərbaycan vətəndaşlığı almaq üçün bu ölkənin Miqrasiya Xidmətinin stasionar və səyyar məntəqəsinə müraciət etdikləri haqqında məlumat yayıb. Onların adı açıqlanmırdı.

Qarabağda ermənilərlə bağlı hər şeyin gizli olmasının səbəbi aydın deyil. Hətta Azərbaycanda ötən ilin sentyabrında Qarabağı tərk edən ermənilərin sayını Yerevan mənbələrindən öyrəniblər. Azərbaycan Səhərd Xidmətiinin əməkdaşları ölkəni tərk edənlərin ətraflı qeydiyyatını aparsa da, ictimaiyyətə hesabat verilməyib.

Bənzər yazılar

Back to top button