İqtisadiyyat

Azad olunan torpaqlarda quruculuq: XXI-ci əsrin gözü ilə baxış – Ekspert

“Əslində işğaldan azad olunan ərazilərin sakinlərinin qayıdış mərhələsi geniş plan çərçivəsində həyata keçiriləcək. İnsanlar yurdlarına mərhələ-mərhələ köçürüləcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, ilkin mərhələdə müharibənin izlərinin minalardan təmizlənməsi, təhlükəsizlik qaydalarına tam riayət olunması, sərhədlərin, xüsusi ilə Ermənistanla sərhədlərin möhkəmlənməsi prosesi olacaq:

“Bu, bir az zaman alan prosesdir. Düşmənin xislətini bildik, hətta çıxarkən də geridə qalanları yandırırlar. Ona görə də 10 minlərlə minaların basdırılması ehtimalı kifayət qədər yüksəkdir. Bundan sona komminikasiyaların çəkilişlərinə başlanılacaq. Ümid edirəm ki, orada bütün torpaqlara ayrı-ayrı şəhərlərin bərpası kimi yox, bütün işğaldan azad olunan torpaqların bir-biri ilə əlaqəli şəkildə bərpası və iqtisadi əlaqələrin qurulmasına öncədən rəvac verən qərarların alınması ilə olacaq. Bizim bu istiqamətdə təkliflərimiz olub və bundan sonra belə təklifləri tez-tez səsləndirəcəyik. Yəni, şəhərlər müasir tipli salınmalıdır. Bərpa olunan enerjilərdən istifadə genişlənməlidir. Biz XXI-ci əsrin Ağdam, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl və Laçınını qurmalıyıq. İşğaldan azad olunan torpaqlara XXI-ci əsrin gözü ilə baxmalıyıq”.

Natiq Cəfərli bildirib ki, yaxın kəndlərin birləşdirərək böyük qəsəbələrin yaradılması ilə bağlı da qərarın olması gözlənilir:

“Məncə, bu daha doğru olar. Bu, həm iş yerlərinin potensialının artırılması, həm torpaqlardan daha səmərəli istifadə üçün önəmlidir. Məlumdur ki, bəzi kəndlər bir-birinə çox yaxındır. Hamısı da dağıdılıb. Həmin kəndləri 10-20 minlik qəsəbələr şəkilində birləşdirilməsi daha məntiqlidir. Bu iş yerlərinin yaradılması və aqrar sektorun inkişafı nöqteyi-nəzərindən də yaxşı olacaq. İşğaldan azad olunmuş ərazilərinə bəzi dövlət strukturlarının köçürülməsi də mümkündür. Bu, həm iş yerlərinin yaradılmasına, həm də idarəetmənin effektivliyin artırılmasına kömək olacaq. Bundan əlavə, universitetlərin köçürülməsi məsələsi də var. Biz təklif etmişdik ki, işğaldan azad edilmiş bir və ya iki şəhərdə böyük xarici nifuzlu universitetlərin filialını açmaq olar. Əsasən də Türkiyə ilə danışıqlar aparmaq lazımdır. Orada “Boğaziçi”, “İstanbul” universitetləri var. Böyük tələbə şəhərciyi də salmaq olar. Universitetlər ətrafında iqtisadi aktivlik də artacaq”.

Natiq Cəfərli hesab edir ki, işğaldan azad edilən ərazilərin sakinlərinin köçürülməsi könüllülük prinsipi əsasında olmalıdır:

“Bunu dövlət orqanları da açıqladı, bu, doğru yanaşmadır. Azərbaycan qanunlarına da uyğundur, heç kimi bir yerdən digər yerə məcbur köçürmək Azərbaycan daxilində doğru deyil. Torpaqlarına həsrət qalan insanların böyük bir qismi evinə qayıdacaq”.

Bənzər yazılar

Back to top button