Siyasət

Şahin Mustafayev İran səfirini qəbul edib

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib.

İran səfirliyinin yaydığı məlumata görə, qəbulda noyabrın 9-da Daşkənddə Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüş zamanı müzakirə edilən ikitərəfli münasibətlərin gündəliyində olan məsələlərə nəzər salınıb.

Bundan əlavə, iki ölkə arasında əməkdaşlıq məsələləri, birgə enerji və nəqliyyat layihələri müzakirə edilib.

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında görüş olub.

Azərbaycan prezidentinin rəsmi internet səhifəsində yayılan xəbərə görə, görüşdə Araz çayı üzərində Ağbənd istiqamətində dəmir yolu və avtomobil yolu körpülərinin tikilməsi və İran ərazisindən dəhlizin çəkilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə Azərbaycan ərazisində dəmir yolu infrastrukturunun ötürmə qabiliyyətinin artırılması və bunun tikintisinin Rəşt-Astara dəmir yolu ilə sinxron qaydada həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, 3+3 formatının əhəmiyyəti qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button