İqtisadi proqnoz: Gələn il Azərbaycanı nə gözləyir? (ŞƏRH)

by Aztoday Xəbər Portalı

“Gələn il Azərbaycanı kifayət qədər çətin dövr gözləyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, bu cür ağır iqtisadi vəziyyət tək Azərbaycanda deyil, bütün dünyada hökm sürəcək:

“Həm pandemiya, həm də neftin qiymətinin düşməsindən doğan təsirlər və əlavə büdcə xərcləmələri var”.

Natiq Cəfərli hesab edir ki, buna səbəb iqtisadiyyatın bir çox sahələrinin qapalı olmasıdır:

“Açıq olan sahələrdə də dövriyyə azalıb, insanların alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Düşünmürəm ki, bu böhrandan həm dünya, həm də Azərbaycan asanlıqla çıxa biləcək. Azərbaycan ayrıca bir ada kimi deyil, dünyada gedən proseslər istər-istəməz Azərbaycanın iqtisadi göstəricilərinə ciddi təsir edir. Ona görə də iqtisadiyyatda yaranacaq dalğalara indidən hazır olmaq lazımdır”.

Natiq Cəfərli qeyd edib ki, bu həm manata olan basqıları gücləndirəcək, həm də büdcə xərcləri artacaq:

“İşğaldan azad olunan ərazilərin bərpasına 100 milyonlarla vəsait tələb olunacaq. Bu vəsaitlə bağlı mənbələrin tapılması vacibdir. Yəni, iqtisadiyyatın özünün çarxlarının yenidən dönməsi üçün təklif proqramlarına ehtiyac yaranacaq. Yəni, bizi cətin bir dövr gözləyir”.

Bənzər Yazılar