Zərdüşt Əlizadə: “Ermənistanın keçmiş KQB rəhbəriylə görüşdə ona dedim ki…”

by Aztoday Xəbər Portalı

“David Şahnazaryanı yaxşı tanıyaram. O, ağıllı olsa da, çox vicdansız adamdır. Onun üçün əsas uğur vəzifə və karyeradır. Bunun naminə milli mənafeləri də qurban verməyə hazırdır”.

Bu sözləri Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryanın “Sputnik Ermənistan”a verdiyi müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Zərdüşt Əlizadə Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları barədə səslənən fikirləri ciddi hesab etmir:

“Ermənistanın xoşbəxtliyi Azərbaycan üzərində qələbə deyil, Azərbaycanla dostluqdadır, bərabər hüquqlu münasibətlərdədir. Belə olacaqsa, Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələr qurub, xalqının firavanlığını təmin edə bilər. Və təhlükəsizlik də tam təmin olunar. Bunun əvəzində David Şahnazaryan kimi vicdansız adamların səyi nəticəsində Ermənistan Azərbaycan və Türkiyəyə potensial düşmən kimi baxır və düşmənə qarşı müharibəyə hazırlaşır. Biz onlarla müharibə etmək istəmirik, mehriban qonşu olmaq istəyirik”.

Zərdüşt Əlizadə David Şahnazaryanı uzun illər əvvəl tanıdığını və beynəlxaql tədbirlərdə görüşdükləri zaman onun fikirlərinə etirazlar etdiyini bildirdi:

“Mən ona ermənilərlə azərbaycanlıların bir yerdə dinc yanaşı yaşaya və işləyə biləcəyinin konkret nümünələrini göstərib bunun yenə də mümkün olduğunu deyirdim. Görünür, belə olan halda Şahnazaryanın karyera ümidləri həyata keçməzdi. Ona görə var-gücü ilə çalışırdı ki, düşmənçilik olsun. Bizim cəmiyyətdə də belə yanlış fikirlər səsləndirənlər var. Məsələn, Naxçıvanla Azərbaycan arasındakı dəhlizə münasibətdə uzağa gedən və reallıqla əlaqəsi olmayan iddialar səslənir. Rusiya sərhədçilərinin nəzarət edəcəyi dəhlizin İrana və Turana heç bir təsiri olmayacaq. Sadəcə, bu dəhlizlə Azərbaycan Naxçıvanla daha səmərəli kommunikasiya əlaqələri quracaq. Bunu şişirtmək lazım deyil. Birdəfəlik başa düşmək lazımdir ki, iki qonşu ölkə arasında düşmənçiliyin davam etməsindən kənar qüvvələr faydalanır”.

David Şahnazaryanın kimliyi ilə bağlı danışan Zərdüşt Əlizadə onu əqidəsiz adam kimi xarakterizə edir:

“İxtisasca fizikdir, fizika elmlər namizədidir. 1988-1989-cu illərdə Ermənistanda Qarabağ Komitəsinin fəallarından olub və Levon Ter-Petrosyanın yaxın silahdaşlarından sayılıb. Onlar hətta bir müddət quda da oldular. Oğluna Levonun qızını almışdı. Sonra Petrosyanla yollarını ayırdı və uşaqları da boşandı. Sonra bir müddət mötədil müxalifət mövqeyində dayandı, Robert Koçəryan və Serj Sarkisyana qarşı kəskin tənqid edərək qərbpərəst mövqe tutmağa başladı. Paşinyan hakimiyyətə gəldikdən sonra nifrətlə yanaşdığı Sarkisyanın partiyasına keçdi…”

Xatırladaq ki, David Şahnazaryan sözügedən müsahibəsində 9 noyabr razılaşmasını Ermənistan üçün biabırçı kapitulyasiya sayaraq qeyd edıb ki, Azərbaycan Zəngəzur bölgəsini də almaq istəyir:
“…Bizim cəmiyyətə elə gəlir ki, bununla müharibə qurtarıb. Əslində müharibədə fasilə elan edilib. Rus sülhməramlılarını salamlayıram, onlara əhsən. Amma müharibə üçün əsl mövzu-Sünik (Zəngəzur – red.) hələ də qalır”.

Bənzər Yazılar