Siyasət

Makronu xeyrimizə danışdıran nədir və ya Qarabağ işində Rotşildlərin rolu…

“Makron hazırda erməni diasporau ilə oyun oynayır”.

Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Fransa prezidentinin “Qarabağ Azərbaycanındır” fikrini şərh edərkən deyib. O, qeyd edib ki, Fransanın Makronun bu sözlərindən də əvvəl Paris Qarabağı Azərbaycanın tərkib hissəsi sayırdı:

“Beynəlxalq hüquq və eləcə də Fransanın özü Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Fransa ATƏT-in Minsk Qrupunun üzvüdür, həmsədr ölkədir. Bu baxımdan Fransa Qarabağı beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi sayır. Bunu Makron və ondan əvvəlki bütün Fransa prezidentləri bilir. Bununla bağlı Fransa Xarici İşlər naziri Jan İv Le Drianın da açıqlaması var. Nazirin bir müddət öncə parlamentdəki çıxışına diqqət eləsək, bunu görmüş olarıq. O, çıxışda Fransanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını etiraf etmişdi. Yəni, Fransa prezidentinin indiki halda “Qarabağ Azərbaycanın tərkib hissəsidir” deməsi təəcüblü deyil. Qaldı ki, onun “biz Qarabağa müdaxilə edə bilmərik” məsələsinə, Qarabağ Azərbaycanın ərazisi olduğu üçün, yalnız Azərbaycanın icazəsini aldıqdan sonra Fransa sülhməramlıları Qarabağa daxil ola bilər. Yəni indiki halda Qarabağ müstəqil respublika kimi tanınmadığına görə Fransanın bura daxil olmaq haqqı yoxdur. Makronun erməni diasporunun könlünü almaq istədiyi istiqamətlərdən biri də budur. Makron ermənilərə bildirmək istəyir ki, biz bu məsələdə çarəsizik. Həm bunu bir tərəfdən ermənilərə çatdırmaq istəyir, bir tərəfdən isə problemi erməni tərəfinin özünün üzərində qurmaq istəyir. Yəni, beynəlxalq aləm tərəfindən tanındığına görə, biz bu məsələdə çarəsizik”.

İlkin Həsənli Fransanı əsas narahat edən məsələlərdən birinin Qarabağın həlli prosesində Avropa Birliyinin kənarda qalacağı qorxusu olduğunu bildirib:

“Söhbət Avropa Birliyinin Qarabağ məsələsindəki rolundan gedir. Hazırkı gedişat konfliktin həlli məsələsində artıq Avropa Birliyinin rolu sıfırlaya bilər. Fransa istəmir ki, Avropa Birliyi bu məsələdən tam kənarda qalsın. Ona görə də maksimum səy göstərməyə çalışır. Fransanın digər aktivliyi də Rusiya və Türkiyənin bu konfliktdə önə çıxıb, regionda əsas söz sahibinə çevriləcəyidir. Avropa Birliyi regiondakı payını müəyyən qədər qoruyub saxlamağa cəhd edir. Fransada əsas narahatlıq yaradan məsələlərdən biri budur. Niyə narahatdır? Çünki ATƏT-in Minsk Qrupu konfliktin həlli ilə bağlı yekun fikirini açıqlamayıb. Konfliktin həlli ilə bağlı yekun qərar Azərbaycanın əlindədir. Beynəlxalq hüquq baxımından Rusiya və Türkiyə yox, yalnız Azərbaycan istəsə, Fransa bu prosesdən kənarda qala bilər. Bu da Fransanı narahat edən əsas məqamlardan biridir. Bəs Bakı bunu istəyirmi? Bunu demək çətindir, amma hələlik görünən odur ki, Bakı da AB-nin tam kənarda qalmasında maraqlı deyil.

Burada diqqət ediləsi başqa bir məqam da var. Biz Makronun Qarabağla bağlı müəyyən çıxışlarını görürük. Düzdür, bu, Azərbaycan cəmiyyətinin bir hissəsində narahatlıq yaradır. Azərbaycan cəmiyyəti Fransa dövlətinin indiki sərgilədiyi mövqedən narahatlığını dilə gətirməyə başlayıb. Əslində Makronun indiki davranışları, erməni diasporunun ofisini ziyarət etməsinin əsas səbəbləri daxili siyasətlə bağlıdır. Ermənilər Fransada kifayət qədər çoxdur. Fransanın müəyyən bölgələrində onların say tərkibi daha çoxdur. Onlar bir başa vətəndaş olduqlarına görə, ölkədəki seçki prosesinə təsir edə bilirlər. Makron da bunu nəzərə alır”.

İlkin Həsənli hesab edir ki, Makronun indiki dövrdə bitərəf oyun nümayiş etdirməsi, sırf Azərbaycanın mövqeyinin birbaşa müdafiə etməməsinin səbəblərindən biri də onun ölkədəki erməni diasporunun səsini əldən vermək istəməməsiylə bağlıdır:

“Erməniləri öz tərəflərinə çəkmək işiylə bağlı oyun təkcə Makron tərəfindən yox, Fransanın digər partiyaları tərəfindən də aparılır. Qarabağın müstəqilliyinin tanınması ilə bağlı irəli sürülən məsələlənin əsas müəllifi Respublikaçılar Partiyasının (partiyanın sədri eks-prezident Nikolya Sarkozidir – İ.H.) parlamentdəki deputatı Valeri Buayedir. Bu partiya Fransa parlamentində ikinci ən böyük səs çoxluğu olan partiyadır və bu partiya birbaşa Makrona (Makronun öz partiyası İrəli Respublikadır) rəqib olan partiyadır. Fransada 2022-ci ilə parlament seçkisi keçiriləcək, ondan öncə isə regional seçkilər var. Makron indidən mübarizə aparır, çalışır ki, erməni diasporunun səsini itirməsin, özündə saxlasın. Buna görə də erməni diasporu üçün xoş olan ifadələr səsləndirir. Amma bu o demək deyil ki, Makron sırf Ermənistanı müdafiə etdi, onun tərəfindən çıxış etdi. Bunu belə demək doğru olmaz”.
Analitik həmçinin Fransa ilə bağlı məsələnin potensial təhdid ola biləcəyinin Azərbaycan tərəfindən nəzərə alındığını və bununla bağlı zamanında addımlar atdığını bildirib:

“Savaşdan təxminən 1-1,5 il öncəki dövrdə Azərbaycan rəhbərliyinin müxtəlif platformalarda keçirdiyi görüşlərə nəzər yetirin. Görüşlərin keçirildiyi şəxslər arasında Rotşildlərin də nümayəndələri var idi. Makron 2010-2012-ci illər arasında Rotşildlərin şirkətlərindən birinə menecer təyin edilib və burada çox uğurlu karyera sahibi olub. Məhz buradakı fəaliyyəti sayəsində Makronun sərvəti 3 milyon avro olub. Onun hakimiyyət dairələrində uğurlu karyerası məhz bundan sonra başlayıb. Cəmi bir neçə il kifayət edib ki, Makron Fransada möhtəşəm iqtisadçı kimi tanınıb, prezident seçilsin. Doğrudur, bir az konspirologiya olacaq, amma belə güman etmək olar ki, Bakıda bu amil nəzərə alınıb. Rotşildlərin Fransa hakimiyyətinə təsiri olduğunu güman edən Azərbaycan məhz onlarla Fransanın savaş boyunca potensial təhdid olması riskini neytrallaşdıra bilib. Təsadüfi deyil ki, bütün savaş boyunca Fransa hakimiyyəti elə bir təhdid kəsb etməyən, bir neçə bəyanat verməklə kifayətlənib və heç bir ciddi praktik iş görməyib. Görünən odur ki, Rotşildlərlə görüş öz faydasını verib”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dilə gətirməli olub. Onun bu çıxışı ilə bağlı sosial şəbəkədə videogörüntü yayılıb.

Bənzər yazılar

Back to top button