İran millisinin sabiq futbolçusu Bakı klubuna keçidinin səbəbini açıqladı

by Aztoday Xəbər Portalı

“Hamı mənim hekayəmi bilir. İstədiyim vəziyyətin yaranmasını gözləyirdim. Ailə problemlərinə və ölkə xaricində oynamaq istəyimə görə legioner olmağa qərar verdim”.

“Report”un məlumatına görə, bu fikirləri “Səbail”in yeni transferi Bəxtiyar Rəhmani “Parsfootball” nəşrinə saçıqlamasında Bakı klubuna keçidi barədə danışarkən deyib.

İran millisinin sabiq üzvü koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqasını seçdiyini bildirib: “Əsas heyətə düşmək üçün uzun müddət gözləsəm də, bunun baş verməyəcəyini gördüm. Başqa ölkələrdən də 100 faizlik təkliflərim var idi. Amma koronavirus problemi üzündən viza ala bilmədim və buraya gəldim”.

Azərbaycan futbolunda yaxşı şərait olduğunu söyləyən 29 yaşlı yarımmüdafiəçi çempionatın gərgin keçdiyini vurğulayıb: “Burada İran liqasında olmayan xarakter var. İstənilən halda, çempionat asan deyil. 1-2 komanda Avropada uğurlu çıxış edir. Bizim kimi ortabab klubların da şəraiti yaxşıdır və rəqiblərimizlə başabaş mübarizə aparırıq. Buraya gələndə müqavilə şərtlərini uzun müddət müzakirə etdik. Çünki mənim üçün əsas olan ailəmdir”.

Təcrübəli oyunçu pandemiya başa çatdıqdan sonra başqa kluba keçə biləcəyini istisna etməyib: “Fasiləyə hələ 4 tur qalıb. Şərtlər yaxşı olsa, burada qala bilərəm. Amma hər şey vəd edilən kimi olmasa və koronavirus başa çatsa, başqa ölkəyə də gedə bilərəm. Koronavirus imkan versə, özüm və ailəm üçün daha yaxşı yol seçəcəyəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Bura gələndən əzmlə çalışıram. Müqaviləmin sonuncu gününədək də belə olacaq. Qalan şeylər Allahın əlindədir”.

Qeyd edək ki, Bəxtiyar Rəhmani “Səbail”lə 2020/2021 mövsümünün sonunadək müqavilə imzalayıb.

Bənzər Yazılar