Mehman Əliyev: “Pul yoxdur və əməkdaşlar öz hesabına işləyir”

Print Friendly, PDF & Email

“Biz sentyabrın 1-dən etibarən fəaliyyətimizi dayandırmışıq. Demək olar ki, bu vəziyyətdəyik. Uşaqlar öz hesabına işləyir. Çünki bizim hesablarda pul və heç bir şey yoxdur”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında “Turan ” Agentliyinin direktoru Mehman Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırda agentliyin fəaliyyətində durğunluq var: “Əsas məhkəmələrimiz dekabrın 5-nə təyin olunub. Çox gec vaxt seçiblər, bu da anlaşılan deyil. Avqustun 14-də şikayət etmişik. Hazırlıq məhkəməsi sentyabrın 27-də keçirilib. Məhkəmə isə dekabrın 5-i olacaq. Belə şey olar? Hansı ölkədə iki aydan sonra məhkəmə keçirilir? Bir dəfə də 16 avqust qərarı ilə bağlı məhkəmə olub. Yəni, 17 illik yoxlamanın keçirilməsi ilə bağlı ayrıca şikayət vermişdik. Həmin şikayət təmin olunmadı və bununla bağlı apellyasiya şikayəti verəcəyik. Amma bizə qərar hələ verilməyib. Belə anormal bir durum var”.

Mehman Əliyev bildirib ki, hər şeyə rəğmən, şikayətlərinin təmin olunacağına ümidlidirlər.

Cebhe.info xatırladır ki, “Turan” agentliyinə qarşı cinayət işinin açılması barədə 7 avqust tarixli qərarın qanunsuz olması ilə bağlı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı iddiasya dekabrın 5-də baxılacaq. Avqustun 7-də Bakı Lokal Vergilər Departamenti agentliyin 31 iyul 2014-cü ildən 31 iyul 2017-ci ilə qədər olan dövrdə 26 907 manat məbləğində vergi ödənişindən yayınması və təxminən 10 000 manat cərimə tətbiq edilməsi haqqında qərar çıxarıb. Agentlikdən tələb olunan ümumi məbləğ təxminən 37000 manat təşkil edib.

Avqustun 8-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb. Buna paralel olaraq, agentliyə qarşı cinayət işi açılıb, onun direktoru Mehman Əliyev isə avqustun 24-də həbs edilmişdi. Sentyabrın 11-də isə ona qarşı “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmişdi. Daha sonra Mehman Əliyev azadlığa buraxılıb və Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” informasiya agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.