“Bu baş versə, istehlak bazarı daha pis vəziyyətə düşəcək” (ŞƏRH)

Print Friendly, PDF & Email

Dövlət Gömrük Komitəsinin sərdi Aydın Əliyev bildirib ki, istehsal olunan məsulların idxal dərəcələrinin 10-15 dərəcəyə qaldırmaqla daxili istehsalı qorumağa çalışırlar: “Yerli istehsal üçün tələb olunan xammalın idxal rüsumlarının azaldılması məsələsinə də baxılacaq. Ölkədə istehsal olunan məsulların idxal dərəcələrinin 10-15 dərəcəyə qaldırılması normal haldır. Biz bununla daxili istehsalı qorumağa çalışırıq”.

Bu addım həqiqətən daxili istehsalın artıma, inkişafa səbəb olacaq? İqtisadçı-ekspert Nazim Bəydəmirlinin fikrincə, rüsumları artırmaqla inkişafa nail olmaq mümkün deyil. Bunun üçün monopolya götürülməli, sağlam rəqabət mühiti formalaşdırılmalıdır:

“Adətən ölkələrdə daxili istehsalı iqtisadi fəaliyyəti artırmaqla, sahibkarlara şərait yaratmaqla stimullaşdırırlar ki, sahibkarlar daxili təlabatı ödəyə bilsinlər. Çünki xaricdən idxal olunan məhsullar həm nəqliyyat baxımından əlavə xərclərə səbəb olur, həm vaxt aparır, həm də ölkədən xarici valyutanın çıxmasına gətirib çıxarır. Bu baxımdan dövlət daxili istehasalın stimullaşdırılmasında maraqlıd olmalıdır. Ancaq bunu məcburi ödənişlər tətbiq edərək, idxal dərəcələrini artırmaqla həyata keçirmək mümkün deyil. İndiyə qədər heç bir dövlət bu yolla daxili istehsalı artırmağa nail olmayıb. Azərbaycanın gündəlik tələbat mallarının 70-80 faizi, bəlkə də daha böyük bir qismi xaricdən idxal olunur. Lakin necə olur ki, uzaq bir Avropa ölkəsində istehsal olunan məhsul həm yol xərci, həm ƏDV, həm gömrük rüsumu ödənilməklə Azərbaycan bazarına gətirilir və Azərbaycan sahibkarının bazara çıxartdığı daxili məhsulun qiymətindən ucuz olur?! Kənd təsərrüfatı məhsullarının vergidən azad edilməsini də nəzərə alsaq, yenə də yerli məhsul xarici məhsuldan daha baha qiymətə satılır. Aydın Əliyev bizə bu sualın cavabını izah etsə, daha yaxşı olar. Bunun yeganə səbəbi inhisarçılıqdır. Bu gün Azərbaycanın gömrük sərhəddindən mal keçirmək müharibəni udmaq kimi bir şeydir. O baxımdan hesab edirəm ki, əslində daxili istehsal belə müxtəlif yerli monopolistlərin məhsullarıdır ki, Gömrük Komitəsi rüsumları artırmaqla həmin şəxslər üçün daha münbit şərait yaratmış olur. Bu yolla onlar rəqiblərini daha tez sıradan çıxarır və məhsulun qiymətini müəyyənləşdirmək üçün qanuni yol keçmiş olurlar. Əslində bu, monopolistlər üçün atılan bir addımdır. Əgər bu, baş versə, çox təəssüf edirəm ki, istehlak bazarımız daha pis vəziyyətə düşəcək. Ona görə mən hesab edirəm ki, rüsumları artırmaqdansa, aşağı salmaq lazımdır. Gömrük rusumu ən çox (15 faiz) Azərbaycanda tətbiq olunur. Bu rəqəm təqribən 2 dəfə aşağı salınmalıdır. Ölkədə istehsal olunmayan və ya istehsal faizi kifayət qədər olmayan məhsullara isə ümumiyyətlə rüsum tətbiq edilməməlidir. Dediyim kimi iqtisadi fəaliyyəti artırmaqla sahibkarlığa daha da böyük dəstək verilməli, məmur sahibkarlığı isə ümumiyyətlə ləğv edilməlidir”.

Məlum olduğu kimi, aksiz vergilərinin artırılması da nəzərdə tutulur. Ekspertlər bunun ölkədə bahalaşmaya səbəb olacağını bildirir. Nazim Bəydəmirlinin fikrincə, insan sağlamğını düşünərək bu addımı atmaq olar. Amma bu yolla büdcəyə daha çox vəsaitin axmasını təmin etmək doğru yol deyil:

“Aksiz vergiləri əsasən tütün məhsulları və spirtli içkilərə tətbiq olunur. Əslində hökumətlər səhiyyə problemini, ekologiya və insanların sağlamlığını düşündükləri üçün bu rəqəmləri yüksək səviyyədə müəyyənləşdirirlər. Bunu edə bilərlər, yəni bu anlaşılandır. Lakin aksiz dərəcəsini artırmaqla, rüsumları, vergiləri qaldırmaqla dövlət büdcəsini təmin etmək mümkün deyil! Birdəfəlik başa düşmək lazımdır ki, cərimələri artırmaqla dövlət büdcəsinin gəlirlərini artırmaq yetərli deyil. Bu yanlışdır, iqtisadi fəaliyyəti sıxışdıran yoldur və korrupsiyaya yol açır. Əslində bu iqtisadi siyasət bütün ölkələrdə tənəzzülə uğrayıb. Ona görə də əksər ölkələr büdcə gəlirlərini artırmaq istəyirlərsə, kölgə iqtisadiyyatını azalmaq yönündə islahatlar aparırlar. Bu səbəbdən də Gürcüstanda olduğu kimi gömrük-vergi islahatları aparılmalıdır. İndi Gürcüstan hökumətinin əvvəlki illərdə apardığı siyasət nəticəsində büdcə gəlirlərinin 94 faizi təkcə vergilər hesabına formalaşır. Fiziki şəxslərin əmək haqqlarından gəlir vergisi ilə sığorta haqları birləşdirilərək vahid sosial vergi tutulur və sosial müdafiə fondları ləğv olunub. Bu islahatlar onu göstərir ki, əvvəllər Gürcüstanda əmək haqqını 200 manat göstərib vergi verənlər indi artıq yoxdur, amma Azərbaycanda bu, hələ də qalmaqdadır və kölgə iqtisadiyyatı Azərbaycanın ÜDM-un 80 faizindən yuxarıdır. Yəni ciddi islahatlar aparılmalı, bunun üçün də sahibkar məmurlar işdən kənarlaşdırılmaları, liberal siyəsət üçün yeni kadrlar cəlb edilməlidir. Bunun başqa yolu yoxdur”.

Aydın Əliyev

Gömrük Komitəsinin sədri son açıqlamasında həmçinin bildirib ki, hazırda mövcud olan beşpilləli sistem aradan qaldırılacaq. Ekspertin fikrincə, bu heç nəyi dəyişməyəcək. Nazim Bəydəmirli bildirib ki, ümumiyyətlə Gömrük Komitəsi ləğv olunmalı, bu qurum Vergilər Nazirliyinin tabeçiliyində fəaliyyət göstərməlidir:

“Gömrük Komitəsində bir neçə ildir ki, islahatlar adı altında “yaşıl koridor”, “bir neçə pilləli” müxtəlif gömrük prosedurları həyata keçirilir. Bunların hamısı texniki prosedurlardır və mahiyyət etibarilə heç nəyi dəyişmir. Müşahidələrimiz onu göstərir ki, dünya ölkələrinin demək olar 99 faizində gömrük komitə olaraq fəaliyyət göstərmir. Həmin ölkələrdə bu, gömrük xidmətidir. Xidmət də müxtəlif prosedurları həyata keçirməklə məşğul olmalıdır. Əksər ölkələrdə gömrük ya Vergilər Nazirliyinin, ya da Maliyyə Nazirliyinin tabeçiliyində olan departamentdir. Mən bunu dəfələrlə demişəm və yenə də təklif edirəm ki, Gömrük Komitəsi ləğv edilib departament kimi ilkin olaraq Vergilər Nazirliyinin tabeliyinə, gələcəkdə də başqa qurumun tərkibinə verilsin. Təsəvvür edin ki, ən böyük problem sahibkarın ödədiyi ƏDV-ni sonradan əvəzləşdirə bilməməsidir. Çünki 2 qurum vergi toplayır: idxaldan olan vergini ƏDV adı ilə Gömrük Komitəsi, satışa görə isə haqlı olaraq Vergilər Nazirliyi yığır. Gömrük Komitəsi öz proqnoz göstəricilərini yüksək göstərmək naminə bu rəqəmləri şişirdərək verir ki, əslində elə həmin rəqəmlər ƏDV ilə bağlı rəqəmlərdir. BMT-nin müvafiq qurumu hər il dünya ölkələri üzrə ixrac və idxal rəqəmlərini açıqlayır. Bunları tutuşdurduqda görürük ki, Azərbaycanda gömrük rüsumundan ƏDV adı ilə son 5 ildə hər il ərzində 1 milyard dollara yaxın yayındırmalar olub. Ona görə mən Gömrük Komitəsinin faktiki olaraq inhisarçılığa şərait yaratdığının qənaətindəyəm və onun vergi yığma funksiyalarının əlindən alınaraq, Vergilər Nazirliyinə verilməsinin tərəfdarıyam”.