İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanıldı

by Aztoday Xəbər Portalı

Noyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Res­pub­likası istiqamətində 2 nəfərin dovlət sərhədini pozması əlamətləri aşkarlanmışdır.

Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılmış, onun yaşadığı mənzilə baxış keçirilərkən 0,5 kq narkotik vasitə “heroin” və 115 ədəd “Metadon-40” həbləri aşkar olunaraq götürülmüşdür.

Dindirmə zamanı M.Məmmədov dövlət sərhədini qardaşı Astara rayonunun Rüdəkəran kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Seymur Təyyubulla oğlu ilə birlikdə qanunsuz olaraq keçdiyini etiraf etmişdir.

Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov yaşadığı evdə saxlanılmış, araşdırma zamanı onun əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunması müəyyənləşdirilmişdir.

Fakt üzrə cinayət işi başlanılmış, vətəndaş M.Məmmədov və S.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bənzər Yazılar