AnalitikaGündəmManşetSiyasət

Ermənilər niyə silahlanırlar?

Ermənistanın Fransa və Hindistandan silah alması uzun müddətdir ki, media məkanında əsas mövzulardan biri olaraq qalır. Bir sıra digər mövzular da dolayısı ilə bununla bağlıdır: Bakının sərhədlər üzrə danışıqlarda sərt mövqeyi, “Qərbi Azərbaycan” anlayışının aktuallaşması, Bakı və Qərb (ABŞ və Fransa) arasında münasibətlərin kəskin pisləşməsi.

Rəsmi Bakı Ermənistanı ərazi iddialarında ittiham edir, dövlət təbliğatı isə silah alışını revanşizmin təzahürü adlandırır və Azərbaycana təhdid kimi qiymətləndirir.

Ermənistanın silah almaq cəhdi nə dərəcədə əsaslandırılıb?
Beynəlxalq hüquq baxımından Ermənistan sanksiyalar altında deyil (məsələn, İran və ya Şimali Koreya kimi). Buna görə də formal olaraq ölkənin istənilən silahı almaq hüququ var və ona bunu qadağan etmək mümkün deyil.

Azərbaycanla müharibənin nəticələrindən çıxış etsək, sülhün bağlanması üçün Azərbaycanın təklif etdiyi beş bənddə Ermənistana silah alınmasını qadağan edən bənd yoxdur. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatlarında, eləcə də Avropa və Amerika meydançalarında Bakı və Yerevanın qəbul etdikləri birgə bəyanatlarda belə qadağa yoxdur. Odur ki, silah alışının dayandırılması barədə tələblər hüquqi baxımdan əsassızdır. Bakı Yerevanın Rusiyadan silah almasına qəzəblənmir, ancaq Fransa və Hindistandan tədarüklərdən narazılıq edir ki, bu da məntiqli deyil.

Yerevan öz hərəkətlərini xarici təhlükədən qorunmaq istəyilə izah edir ki, istənilən suveren dövlətin belə hüququ var.

İkinci Qarabağ Müharibəsi və İkinci Dünya Müharibəsinin yekunları arasında paralellər aparmaq mümkün deyil. O zaman Almaniya qeyd-şərtsiz kapitulyasiya aktını imzaladı və tamamilə tərksilah olmaq məcburiyyətində qaldı. İkinci Qarabağ Müharibəsinin nəticələri üzrə Ermənistanın belə öhdəlikləri olmayıb.

Bu, bizim xoşumuza gəlsə də, gəlməsə də, Ermənistan öz ordusunu bərpa edəcək və silah əldə edəcək. Artıq aydındır ki, Fransa, Hindistan və ehtimal ki, ABŞ və digər ölkələrdən silah əldə etmək Yerevan üçün mümkün olacaq.

“Ermənilər revanşizmdən əl çəkməsələr, peşman olacaqlar”
Bu, televiziya ekranlarından çıxmayan ekspertlərin təkrarladıqları ən populyar tezisdir. Konkret olaraq nəyi nəzərdə tutduqları dəqiqləşdirilmir. Deyək ki, ermənilər Qarabağı geri almağa qərar verəcəklər və döyüş əməliyyatlarına başlayacaqlar. Zəngəzurdan Naxçıvana yolun açılması ilə bizim adekvat cavabımız işğalçılara növbəti dərs kimi görünəcək. Ancaq BMT-nin və bütün digər qurumların timsalında beynəlxalq birlik bizi qınayacaq. ABŞ, Fransa və başqaları sanksiyalar tətbiq edə və Ermənistanın BMT tərəfindən tanınmış suveren ərazisinin azad olunmasını tələb edə bilər. 1920-ci il şərti sərhədinə və xəritələrinə istinadlar çətin ki kimisə inandırsın. Bizə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladacaqlar ki, Bakı 30 il ərzində buna əsaslanaraq Ermənistanın ərazi bütövlüyü prinsipini kobud şəkildə pozduğunu göstərib.

Bu o deməkdirmi ki, biz Naxçıvana yolun açılmasına nail olmayacağıq? Əlbəttə, yox. Sadəcə, Zəngəzurdan keçən yolda Ermənistan gömrüyünün və sərhədçilərin fəaliyyət göstərəcəyilə bağlı Yerevanın indiki təklifi bizi qane etmir. Bəs, Yerevanı bundan imtina etməyə və yolda sərbəst rejim qurmağa inandırmaq mümkündürmü?

Məsələ burasındadır ki, belə rejim Ermənistan malları və vətəndaşları üçün də qüvvədə olacaq. Hazırda Yerevan-Moskva sərnişin qatarının Azərbaycan ərazisindən keçəcəyini təsəvvür etmək çətindir. Ancaq yük qatarları, şübhəsiz ki, bizdən keçəcək. Onlar üçün gömrük və sərhəd rejiminin olması Ermənistana və geriyə malların daşınmasını bahalaşdıracaq və ləngidəcək.

Eyni şey Ermənistanın Naxçıvan vasitəsilə İranla dəmir yolu əlaqəsinə də aiddir. Bu halda sərnişin daşımaları real görünür, lakin Ermənistan vətəndaşları Naxçıvana girişdə (Sədərək) və çıxışda (Culfa) iki dəfə nəzarətdən keçməli olacaqlar.

Zəngəzur yolunda sadələşdirilmiş rejimin yaradılması Türkiyə və Ermənistan arasında kommunikasiyaların və sərhədlərin açılmasına da müsbət təsir göstərəcək.

İran vasitəsilə Naxçıvana paralel dəmir yolu Bakını Ermənistandakı vəziyyətdən müstəqil edir (əgər orada hakimiyyət dəyişərsə).

Çindən Avropaya tranzitin artması nəzərə alınmaqla, iqtisadi baxımdan Zəngəzur dəhlizi Yervan üçün faydalıdır. Nəzərə alsaq ki, Ermənistanın Rusiya ilə yeganə quru əlaqəsi – Yuxarı Larsdan keçən yol ildə 4-5 ay bağlı olur, Zəngəzur dəhlizinin faydası Çin tranziti olmadan da aydın görünür. Ancaq burada mühüm intriqa var. Ermənistan Zəngəzur yoluna nəzarəti Rusiya sərhədçilərinə vermək istəmir. Üstəlik, Yerevan Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması üçün addımlar atır. Odur ki, onların Zəngəzurda olması Ermənistanın Rusiyanın himayəsindən “azad olmaq” strategiyasına ziddir.

Niyə razılığa gəlmək mümkün olmur?
Hər iki ölkənin rəsmi şəxslərinin son bəyanatlarından aydın olur ki, sülh müqaviləsi təkcə Zəngəzur dəhlizinin yox, həm də sərhədlərin delimitasiyasının və Ermənistan Konstitusiyasının məzmununun girovuna çevrilib.

Qarabağın Ermənistana məxsusluğunu nəzərdə tutan bəndlərin Konstitusiyadan çıxarılması ilə bağlı Bakının Yerevana tələbləri məntiqli görünür. Bu xatırlatmanın aradan qaldırılması Ermənistanı Qarabağa legitim iddialardan məhrum edir. Ancaq Konstitusiya dəyişdirilərsə, bu o demək deyil ki, ermənilər bu cür iddialardan birdəfəlik əl çəkəcəklər. Ermənistan Konstitusiyasında Qarabağın xatırlanmaması o demək deyil ki, gələcəkdə ərazi iddiaları irəli sürülə bilməz. Bunu Paşinyanı əvəz edəcək istənilən hakimiyyət edə bilər.

Etiraf etmək lazımdır ki, erməni cəmiyyətində Qarabağın qaytarılmasını öz müqəddəs işi hesab edən siyasi qüvvələr həmişə tapılacaq. Bunu müalicə etmək mümkün deyil. Ancaq elə etmək olar ki, bu ideya ermənilər üçün əks-məhsuldar olsun ki, əməkdaşlıq düşmənçilikdən daha yaxşı olsun.

Sərhədlərin delimitasiyası etirafa söykənir: kim nəyi tutub
Biz 90-cı illərin əvvəllərində işğal olunmuş 8 kəndi qaytarmağı tələb edirik, ermənilər bizim onların 150 kilometr ərazisini işğal etdiyimizdən danışırlar. Barter ideyası işləmir və tərəflərin heç biri birtərəfli qaydada nəsə etməyə hazır deyil.

Belə fikir var ki, delimitasiya ikinci dərəcəli məsələdir və birinci planda Zəngəzurdan keçən yol gəlir. Görünür, Zəngəzur üzrə razılaşma olmadan delimitasiya məsələsi havadan asılı qalacaq. Bakı və Yerevan arasındakı münasibətləri müzakirə edərkən unutmaq olmaz ki, oyunçuların sayı daha çoxdur. Bunlar Brüssel, Vaşinqton, Paris, Tehran və Ankaradır. Bu paytaxtların hər biri bölgədəki vəziyyətə və danışıqların gedişinə təsir göstərir. Bir tərəfdən Moskva, digər tərəfdən Vaşinqton və Parislə ziddiyyətlər Azərbaycan və Ermənistanın razılığa gəlməsinə kömək etmir.

Yerevanın son addımları göstərir ki, Moskva ilə pozuluşma kursu qaçılmaz olub. Bu, regiona sabitlik vəd etmir, bu və ya digər dərəcədə bizə də təsir edəcək.

Nə qədər vaxt lazımdır?
İndiki vəziyyətin illərlə uzanacağını düşünməyə dəyməz. Geosiyasi vəziyyətdəki istənilən dəyişiklik yeni destabilizasiya təhlükəsi və qeyri-müəyyənlik yaradır. Ermənistan məsələləri təkcə Azərbaycanla yox, Rusiya ilə də həll edir. Daha dəqiqi, Yerevan əsr boyunca Rusiyadan asılılığından qurtulmağa çalışır. Pisdir və ya yaxşıdır, bu, başqa məsələdir. Lakin başqalarının imperiya maraqları naminə Ermənistana təzyiq aləti olmaq çətin ki strateji cəhətdən əsaslı olsun. Necə deyərlər, siyasətdə əbədi dostlar və düşmənlər olmur, ancaq əbədi maraqlar var.

Bakı tələsməlidir. Sülh müqaviləsinin bağlanması vəziyyəti xeyli sağlamlaşdıracaq. Kommunikasiyaların açılması silahlı münaqişəni bərpa etməyə qadir çox amilləri aradan qaldıracaq. Sərhədlərin delimitasiyası anklavların saxlanmasını istisna edən qarşılıqlı məqbul formul üzrə aparılacaq, Azərbaycana təzyiqlərə son qoyulacaq.

Buna alternativ gərginlik və əlverişsiz beynəlxalq mühit, sanksiyalar təhlükəsi və böyük güclərin vəziyyətə müdaxilə etmək imkanıdır.

Şahin Hacıyev
Turan İnformasiya Agentliyinin redaktoru

Bənzər yazılar

Back to top button