BŞBPİ-dən Aslan İsmayılovun barəsindəki cinayət işinə dair açıqlama

Print Friendly, PDF & Email

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) vəkil Aslan İsmayılovun ona qarşı qondarma cinayət işinin açılması və saxta ittiham irəli sürülməsi barədə fikirlərinə münasibət bildirib.

BŞBPİ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il oktyabrın 2-də səhər saatlarında Binəqədi rayon Məhkəməsinin inzibati binasında Bakı şəhər sakini H. Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərarına vəkil Aslan İsmayılov iclas zalında yüksək tonla etiraz edib, yalnız hakimlər üçün nəzərdə tutulmuş qapıdan inzibati binaya keçməyə cəhd göstərib, bu da alınmadıqda üzünə bağlanmış qapıya əli ilə zərbələr endirib.

“Başqa vaxt qanunların aliliyindən danışan, hüquqlarını qoruduğu vətəndaşlara örnək olmalı olan bu şəxs qanunsuz hərəkətlərini məhkəmənin həyətində də davam etdirib, işə baxan hakimin və məhkəmə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr söyləyib”, – deyə məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, Aslan İsmayılovun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, məhkəmənin iş rejimini pozan xuliqanlıq hərəkətləri barədə Binəqədi rayon Məhkəməsinin işçiləri tərəfindən müvafiq akt tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib.

Toplanmış materiallar əsasında prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilib.

İstintaq zamanı A.İsmayılov və şahidlər dindirilib, hadisə yerinə baxış keçirilib, ekspertizalar təyin olunmaqla müvafiq rəylər alınıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.