Hadisə

Şirin su xətti çirkab su altında: Bakıxanovlular təhlükə qarşısında (ŞİKAYƏT)

Bakıxanov qəsəbəsində 5 nömrəli binanı zirzəmisi su ilə dolub.

Bu haqda Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094-cü məhəllə, 5 nömrəli binanın sakinlərinin Qaynarinfo-ya ünvanladığı məktubda yer alır. Bina sakinləri noyabr ayının 24-dən böyük bir problemlə əlaqədar aidiyyatı qurumlara məlumat versələr də, bu günə kimi səslərinə səs verən olmayıb:

“Ötən bir həftə ərzində bina sakinləri “Azərsu” QSC-nin 955 qaynar xəttinə, orada əhalinin qəza ilə bağlı müraciət etmələri üçün yaradılmış 0552099559, 0124314767 nömrələrinə, Sabunçu rayonu Sukanal İdarəsinə hər gün zəng etməyimizə baxmayaraq, bu problemlə heç kəs maraqlanmayıb. Zəng etdikdə bildirilir ki, müraciətiniz qeydə alındı, iş əmri açıldı və müvafiq şöbələrə göndərilib. Bununla bağlı bina sakinlərinin hər birinə açılmış iş əmrinin nömrəsi mobil nömrəyə göndərilib. Amma nə faydası. Nəinki qəza aradan qaldırılmır, ümumiyyətlə, heç maraqlanmırlar”.

Bina sakinləri qeyd edib ki, məsələ ilə əlaqədar aidiyyatı şəxslərlə görüşmək imkanı da yaradılmır:

“Belə olduğu halda vətəndaş nə etməlidir, kimə müraciət etməlidir? Bu soyuq günlərdə birinçi mərtəbədə suyun üzərində bir həftə yaşamaq olar? Zirzəmi çirkab su ilə dolduğundan evdə üfunət iyindən oturmaq çətindir. Eyni zamanda zirzəmidə şirin su xətti bu çirkab suyun altındadır. Bu halda yarana biləcək xəstəliyin məsuliyyətini kim daşıyacaq?”.

Sabunçu rayon Sukanal idarəsinin əməkdaşı Elman Mansurov Qaynarinfo-ya açıqlamasında bildirib ki, son günlər yağan yağışlardan sonra Bakıxanov qəsəbəsində yaşayış binalarının 90%-nin zirzəmisində eyni problem yaranıb:

“Bu problem əməkdaşlarımız tərəfindən növbəli şəkildə icra olunur. Tələb olunan bütün texniki işlər görülür. Həmin bina da gözləyir. Bakıxanovda 1000-dən çox hündürmərtəbəli bina var. Yağışdan sonra hamısının zirzəmisi dolub. Yəqin ki, yaxın günlərdə onların da problemi həll olunar”.

Bənzər yazılar

Back to top button