CəmiyyətSiyasət

Brejnevə yazmışdılar ki, Rəsul Rza Səhl Sumbatın timsalında ermənilərin satqın obrazını ümumiləşdirib – Cəmil Həsənli

Cəmil Həsənli
Milli Şuranın sədri, professor

1986-cı ildə nəşr olunmuş “Qafqaz Albanayasının siyasi tarixi və tarixi coğrafiyası” monografiyasının müəllifi Fəridə Məmmədovanı uzun müddət ittiham edirdilər ki, guya bu kitab ermənilərin maraqlarına uyğun yazılıb.

Tarixçi dostum Eldar Abbasovla Rusiya Dövlət Ən Yeni Tarix Arxivində çalışarkən erməni akademiklərinin Fəridə Məmmədovanın əleyhinə Mixail Qorbaçova yazdıqları şikayət məktubunun surətini çıxardıq. Deməli, Fəridə xanımın doktorluq dissertasiyasının müdafiəsi 1987-ci ilin aprel ayının 15-nə təyin edilib.

Aşağıda gördüyünüz sənəddə 3 erməni akademiki müdafiədən bir həftə əvvəl – aprel ayının 7-də Sov.İKP MK-nın Baş Katibi Qorbaçova müraciət edir ki, Qafqaz Albaniyasının siyasi tarixini və tarixini coğrafiyasını “saxtalaşdıran” bu doktorluq dissertasiyasının müdafiə olunmasının qarşısı alınmalı, elmi və siyasi baxımdan “zərərli” olan bu əsər qəti şəkildə mühakimə olunmalıdır.

Əlbəttə, ermənilər Fəridə xanımın doktorluq dissertasiyasının müdafiəsinin qarşısını ala bilmədilər. Amma onların tələblərinin ikinci hissəsini Azərbaycan “tarixçiləri” yerinə yetirdilər.

Tarix İnstitunda Qafqaz Albaniyası haqqında bu sanballı monoqrafiyaya və onun müəllifinə əməlli-başlı toy tutdular və əsəri isə erməni akademiklərinin təklif etdikləri kimi “ən sərt şəkildə mühakimə etdilər”.

Bununla da Azərbaycanda Albanşünaslığın belini qırdılar.

***

Bir müddətdir Moskvada yaşayan tarixçi dostum Eldar Abbasovla birlikdə “Qarabağ Rusiya işğalından Sovetlərin çöküşünə qədər” adlı (ad təxminidir) təxminə 2 əsri əhatə edən kitab üzərində işləyirik.

Bu kitaba hazırlıq işlərinin gedişində çox nadir arxiv sənədləri toplamışıq. Onlardan birini bu gün Sizə təqdim edirəm. 1980-ci ilin may ayının 18-də Xalq Şairi Rəsul Rzanın “Bakinskiy Raboçiy” qəzetində “Babək” haqqında bir şeiri dərc edilmiş, az sonra – iyun ayının 7-də Moskvada “İzvesitiya” qəzetində Naxçıvan haqqında “Tyoplaya zemlya” adlı bir məqalə dərc olunmuşdu.

“İzvestiya”nın yazısında Naxçıvan doğru olaraq qədim Azərbaycan torpağı kimi göstərilmişdi. Bunlarla bağlı ermənilər haray qaldırdılar. 1980-ci ilin oktyabr ayının 15-də Ermənistan EA-nın Tarix İnstitutunun əməkdaşları G. Gegamyan, P.Mailyan və V. Martirosyan Leonid Brejnevə şikayət məktubu göndərdilər ki, Rəsul Rza Babəki ərəblərə satmış Səhl Sumbatın timsalında erməni xalqının satqın obrazını ümumiləşdirmişdir.

Eyni zamanda xatırladırdılar ki, Rəzul Rza 1965-ci ildə, erməni “genosidinin” 50 illiyi qeyd ediləndə “Azərbaycan” jurnalında “ermənilərin milli qəhrəmanı” Androniki də təhqir edən şeir yazmışdı.

Onlar Brejnevə yazırdılar ki, Azərbaycan tarixçilərindən Ziya Bünyadov və Rəşid Göyüşov erməni tarixini saxtalaşdırır, Qafqaz Albaniyasını Azərbaycan əraziləri kimi təqdim edirlər.

Bənzər yazılar

Back to top button