GündəmManşetSağlamlıq

Azərbaycan hələ də “AstraZeneka”, “Pfayzer” və “Moderna” peyvəndlərini ala bilmir – fərqli baxışlar

Rəsmi statistikaya görə, Azərbaycanda hazırda 526 401 nəfər yeni növ koronavirusa qarşı peyvənd olunub.

Səhiyyə Nazirliyi bildirir ki, ölkədə vaksinasiya prosesi yalnız Çin istehsalı olan Sinovak peyvəndi ilə həyata keçirilir.

Rəsmilər deyir ki, Azərbaycana vaksinasiya üçün digər peyvəndlərin gətirilməsi üçün keçən il müqavilələr bağlansa da, hələlik həmin vaksinlərdən səs-soraq yoxdur.

Prezident İlham Əliyev fevralın 26-da keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan lap əvvəldən “COVAKS” layihəsinə qoşulub. “Bu layihə üzrə biz “AstraZeneka”, “Pfayzer” və “Moderna” peyvəndlərini almalıyıq…. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb.”

Rəsmi media orqanlarında son bir neçə gündə 50 ölkəni birləşdirən “COVAKS” platforması vasitəsilə Azərbaycana vaksinlərin göndərilməməsi qərəzli bir addım kimi dəyərləndirilir.

Azərbaycana “COVAKS” platforması vasitəsilə vaksinlər nə vaxt göndərilməli idi? Vaksinlər niyə göndərilmir? Yaxın zamanda peyvəndlər göndərilməsə Azərbaycanda vaksinasiya prosesi dayana bilərmi?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı Turan-a bildirib ki, “COVAKS” çərçivəsində bu ilin yanvar-mart aylarında Azərbaycana vaksinlərin ilk partiyası təqdim edilməli idi.

“Ancaq hələ də “COVAKS” platforması çərçivəsində Azərbaycana vaksin təqdim edilməyib. Deməli, Azərbaycanla bağlı öhdəlik yerinə yetirilmir”.

Deputat qeyd edib ki, bir neçə gün əvvəl “COVAKS”ın Azərbaycana vəd ediləndən daha az sayda vaksin veriləcəyi məlum olub.

“Hətta bu vaksinlərin verilmə vaxtı da qeyri-müəyyəndir. Bu, qəbuledilməzdir. “COVAKS” tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edib, 30 ölkəyə yardım edib, koronavirusa qarşı mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə edib. Amma, yenə də Azərbaycana münasibətdə ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verilir”.

Komitə üzvü vurğulayıb ki, “COVAKS” koronavirusa qarşı vaksin inkişaf səviyyəsindən, dini mənsubiyyətindən asılı olmayaraq, bütün ölkələrə münasibətdə ədalətli bölüşdürülmə missiyasının öhdəsindən gələ bilməyib.

“İnkişaf etmiş bir sıra ölkələr əhalisinin sayı ilə müqayisədə hətta bir neçə dəfə çox vaksin alır, ancaq bir çox kasıb ölkələr hələ də vaksin əldə edə bilməyib”.

M.İbrahimqızı hesab edir ki, “COVAKS” vasitəsilə Azərbaycana peyvəndlərin verilməsi yubansa da, bu, vaksinasiya prosesinə təsir göstərməyəcək.

“Azərbaycan Prezidenti hər zaman uzaqgörən və müdrik siyasətçi olduğunu təsdiqləyib. “COVAKS”ın vədlərinə baxmayaraq, Azərbaycan öncədən Çin şirkəti ilə müvafiq müqavilə imzalayıb, bu sahədə riskləri sığortalayıb. Rusiyadan da vaksin alınması üçün müqavilə bağlanıb. Artıq yarım milyona yaxın vətəndaşımıza Çindən gətirilmiş vaksin vurulub və proses uğurla davam edir. Dövlət başçısının müdrik siyasəti və zamanında atılan addımlar Azərbaycanda vaksinasiya prosesinin nəzərdə tutulan müddətdə və uğurla həyata keçiriləcəyinə təminat verir”.

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl AzadlıqRadiosu-na bildirib ki, peyvənd istehsalçıları lazım olan həcmdə vaksinləri istehsal etməkdə çətinlik çəkir.

“7 milyard insan üçün peyvənd istehsal etmək o qədər də asan deyil. Nəzərə alsaq ki, peyvənd iki dozalıdır, iş ikiqat çətinləşir”.

Ekspert deyib ki, “COVAKS” platforması ölkələr arasında peyvəndin ədalətli bölgüsünü təmin etməli idi.

“Burada varlı, kasıb ölkə söhbəti olmamalıdır. Amma bu platformada təmsil olunan böyük dövlətlər hərəsi öz gücündən istifadə edərək öz əhalisinin xeyrinə qaydaları pozmağa başladılar. Peyvəndi istehsal edən zavodlar həmin dövlətlərin ərazisində yerləşir və onlar həmin şirkətləri ilk növbədə bu ölkələrin vətəndaşlarına xidmət etməyə məcbur ediblər. Bu da “COVAKS”ın əsas missiyasını pozub. Lakin bu ədalətsiz yanaşma yalnız Azərbaycana qarşı yox, digər ölkələrə qarşı da mövcüddur”.

Siyasi təhlilçi Azər Qasımlı da AzadlıqRadiosu-na bildirib ki, vaksinlərin bölüşdürülməsi məsələsi Avropadan asılı olmayan, Ümumdünya Səhiyyə Təşkilatının bilvasitə nəzarəti altında keçən bir prosesdir.

O qeyd edib ki, Azərbaycana hələ də “COVAKS” platforması üzərindən vaksinlərin verilməməsi məhz Azərbaycana qərəzli mövqeyin göstəricisi deyil.

“Bu yanaşma məntiqli deyil. Düzdür, Gürcüstana müəyyən bir partiya vaksin göndərilib. Amma Gürcüstanda vaksinasiya təzə başlayıb. Azərbaycanda artıq 500 mindən çox vətəndaş vaksinasiyadan keçib. Bu, ölkə əhalisinin 6 faizi deməkdir. Uşaqların vaksinasiyaya ciddi ehtiyacı olmadığını nəzərə alsaq, bu, o deməkdir ki, 18 yaşından yuxarı olan əhalinin 10 faizindən çoxu vaksinasiyadan keçib. Hətta Avropa ölkələrinın nəticələrinə baxsaq, bu, yaxşı nəticədir”.

Ekspert qeyd edib ki, dünyada vaksin çatışmazlığı var.

“AstraZeneka” Avropa Birliyinə bu il ərzində 600 milyona yaxın vaksin verməli idi, amma şirkət öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib və ilin ilk rübündə 120 milyon doza əvəzinə 30 milyon, ikinci rübündə isə 180 milyon doza əvəzinə yalnız 70 milyon doza verə biləcəyini açıqlayıb. Yəni Avropa Birliyi özü də bu problemi yaşayır”.

Qasımlı vurğulayıb ki, belə olan təqdirdə vaksinləri ilk növbədə inkişaf etmiş ölkələr istifadə edəcək, ondan sonra isə digər ölkələr.

“Bunu ədalətsiz də hesab etmək olar, amma vaksin istehsalçıları həmin inkişaf etmiş və əsasən Qərb ölkələrdir. Onlar çalışacaqlar vaksinlərdən əvvəl özləri istifadə etsinlər, sonra isə digər ölkələrə versinlər. Bu, ədalətli görünməsə də, onların haqqıdır”, deyə ekspert qeyd edib.

Bənzər yazılar

Back to top button