DünyaHadisəÖnə çıxanlar

ABŞ-da yaşayan soydaşımızdan xeyirxah addım

Vəfat edən azərbaycanlıya sahib çıxdı

Amerika Birləşmiş Ştatlarında Azad Seyidov adlı azərbaycanlı vəfat edib. Bu haqda redaksiyamıza hazırda Nyu-Yorkda yaşayan tanınmış musiqiçi Əlihüseyn Cəfərov məlumat verib.

Elnur Ələkbərov

Onun sözlərinə görə, mərhum 1965-ci il dekabrın 11-də Bakıda anadan olub, bir neçə il öncə okeanın o tayına köçüb. Lakin orda da işləri yaxşı alınmayıb və ağır xəstəlik tapıb. Müalicələr nəticə verməyincə 53 yaşlı soydaşımız vəfat edib. Qəribəsi də budur ki, 15 günə yaxın morqda qalan Azad Seyidova sahib çıxan olmayıb. Əlihüseyn Cəfərovun dediklərindən:

Əlihüseyn Cəfərov

“Azadın rəhmətə getdiyi barədə xəbəri eşidən kimi Vaşinqtondakı səfirliyimizə, ABŞ-da fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarımıza müraciət etsək də mərhumun nəşinin vətənə yola salınması üçün lazım olan dəstəyi ala bilmədik. Aradan 15 günə yaxın zaman keçsə də mərhumun meyitini morqdan götürmək mümkün olmurdu. Nəhayət 20 ildir Amerikada yaşayan və burada beynəlxalq hava limanlarının birində çalışan Elnur Vaqif oğlu Ələkbərova müraciət etdik”.

Elnur Ələkbərov soydaşlarımızın müraciətinə dərhal müsbət reaksiya verib və Azad Seyidovun nəşinin morqdan götürülüb Bakıya yola salınması üçün lazım olan 3 min ABŞ dollarına yaxın vəsaiti ödəyib.

Əlihüseyn Cəfərovun sözlərinə görə, Amerikadakı azərbaycanlılar arasında böyük hörmət qazanmış Elnur Ələkbərovun bu xeyirxah addımından sonra ABŞ-da yaşayan bəzi soydaşlarımız da müəyyən miqdarda ianə toplayıblar: “Mərhum Azad Seyidovun Bakıda yaşayan anasına pul toplayıb göndərdik. Buradakı azərbaycanlıların ayırdığı vəsait Azadın dəfn mərasiminə xərclənəcək”.

Əldə etdiyimiz son məlumata görə, mərhum soydaşımızın nəşi sentyabrın 1-də vətənə yola salınacaq.

Bənzər yazılar

Back to top button