“QARDAŞIM KƏRƏMLƏ ELDARIN QURBANI OLDU…” – MTN şərindən bəraət alan Mustafayev

Print Friendly, PDF & Email

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin saxta ittihamları ilə şərlənərək, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə barəsində 2 il azadlıqdan məhrumetmə cəzası verilmiş Mətləb Mustafayev bəraət alıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş əməkdaşı olan M.Mustafayev, 2014-cü ildə mətbuatda komitə sədri Kərəm Həsənovun əleyhinə kompromatlarla zəngin yazılar dərc etdirəndən sonra MTN tərəfindən həbs olunmuşdu. M.Mustafayevin həbsindən sonra isə onun elə MTN-də şöbə rəisi işləyən qardaşı, polkovnik Malik Mustafayev yaşadığı evdə üzünü asaraq intihar etmişdi. M.Mustafayev bütün bu baş verənlərə görə ƏMDK sədri Kərəm Mustafayevi ittiham edir.

Artıq bəraət alaraq təmizə çıxmış M.Mustafayev Gununsesi.info-ya müsahibəsində bir daha keçmişə nəzər salıb. “Eldar Mahmudov və onun dəstəsi sizdən nə istəyirdi” sualına Mustafayev belə cavab verib: “Bu barədə istər istintaq, istərsə də məhkəmə materiallarında geniş danışmışam. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsində çalışırdım. Orada hüquqlarım pozulduğu üçün qanuni vasitələrdən istifadə edib, haqqımı tələb edirdim. Ancaq bu Kərəmin və ətrafındakıların xoşuna gəlmirdi. Həmişə məni yaxın dostu olan Eldar Mahmudovla hədələdib. Mən səhv bir iş görsəydim, onun bu hədələrindən çəkinərdim. Amma hüquqlarım uğrunda mübarizəmi davam etdirdim. Dediyi kimi də etdi və məni şərlətdi. Eldar Mahmudov nazir olanda prokurorluq və məhkəmə sistemi onun gücünün qabağında aciz idi. O zaman bu şərdən qurtula bilmədim. Məni silahla şərləyib cəzaya məhkum etdilər. Məndən bəzi adamların əleyhinə ifadə istəyib, şərləmək planları vardı. Mən də onların bu oyununa getmədim. Tələb edirdilər ki, Kərəm Həsənovdan yazdıqlarımı guya kimlərinsə sifarişi ilə etdiyimi etiraf edim”.

M.Mustafayev MTN polkovniki olan qardaşının intiharı haqda bunları deyib: “Mən Malikin intiharını çox sonralar bildim. O məni qoruya bilmədiyinə görə, bu addıma getdi. İntihar etdiyi gün Anti-terror Mərkəzinin rəisi Elçin Quliyev və müavini İlqar Əliyev mənə dedilər ki, qardaşın sənlə görüşmək istəyir. Qardaşım MTN-nin ən peşəkar zabitlərindən olub. O, rüşvətdən kənar adam idi. Məni qolu qandallı öz çalışdığı binada görəndə üzümə baxmadı və bir anlıq susub pıçıltı ilə “30 il xidmət etdiyim qurum mənə xəyanət etdi” dedi. İkimiz də kövrəldik. Mənə bildirdi ki, bu əclaflardan səni qoruya bilmədim, bağışla məni. Bu sözündən sonra gedib intihar etmişdi. Çox sonralar bunu bildim. Dəli kimi olmuşdum. Mənim qardaşım korrupsioner Kərəmin, alkaqolik Eldarın qurbanı oldu”.

M.Mustafayevin fikrincə, bu gün də Eldar Mahmudovun əlaltıları dövlət qulluğunda qalırlar. “Hakim Novruz Kərimov, müstəntiq Elşən Murtuzov… Hesab edirəm ki, indi həbs növbəsi onundur. Bəraət almağıma gəlincə, bu uzun mübarizə bahasına başa gəldi. Olaylardan sonra Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etmişdi. Dünən isə Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə bəraət hökmü çıxarılıb.

Yeri gəlmişkən, ədalətli qərara görə Prezident İlham Əliyevə, Ali Məhkəmənin hakimi Gülzar Rzayevaya, DTX rəisi Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova, Prokurorluğun Ağr Cinayətlərə dair üşlər üzrə istintaq idarəsinin müstəntiqi Kamil Zeynalova və hakim Rizvan Səfərova təşəkkür edirəm”.