Bizim seçimGündəmManşetÖnə çıxanlar

“Qarğa, məndə qoz var” və ya Vüqar Səfərlinin özünü ifşa edən şikayət məktubu

Azərbaycan mediasında özləri üçün toxunulmazlıq statusu yaradan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bizi Mətbuat Şurası vasitəsilə susdurmaq istəyir. Belə ki, Vüqar Səfərli və Əli Həsənovdan yazı yazılan kimi birdən-birə AzToday.az saytı ilə bağlı Mətbuat Şurasına 3 şikayət ünvanlanıb.

Maraqlısı odur ki, Mətbuat Şurası bizim şikayətlərlə tanış olmağımıza vaxt vermədən qərar çıxarır. Bizi də iclasda iştirak etmək istəməməkdə günahlandırır. Əslində isə şikayətlərlə tanış olub, öz mövqeyimizi hazırlamaq üçün Əflatun Amaşovdan 1 gün vaxt istəsək də, xeyri olmadı. Görünür, Əflatun Amaşova yuxarıdan əmr verilib…

Ən qəribəsi isə odur ki, Mətbuat Şurasının Şikayətlər Komisiyyasının iclası barədə qurumun saytında yerləşdirilmiş xəbərdə Vuqar Səfərlinin adı çəkilmir. Halbuki bizdən şikayət edən məhz Vüqar Səfərlidir, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yox.

Vüqar Səfərli Mətbuat Şurasına ünvanladığı şikayətdə AzToday.az-da 13 oktyabr 2017-ci il tarixində yerləşdirimiş ““Seleksiyaçı” Səfərova qarşı korrupsiya iddiaları niyə yoxlanılmır?” yazısında şərəf və ləyaqətini təhqir etdiyimiz və işgüzar nüfuzuna xələl gətirdiyimizi iddia edir.

Onun iddiaları və gətirdiyi dəlillərin, hamısı əsassızdır. Birincisi, biz adıçəkilən yazıda böhtan xarakterli heç bir cümləyə yol verməmişik. Bunun sübut edilməsi üçün qərəzsiz, obyektiv ekspertə də yoxlada bilərsiniz. Onun “seleksiya” sözündən düzgün istifadə etmədiyini yazmışıq və fikirimizdə də haqlıyıq – belə nüfuzlu qurumun, özü də jurnalistikaya birbaşa dəxli olan qurumun rəhbərinin dilimizdən xəbəri olmaması faciəmizdir.

Səhvlərlə dolu məktub

Onun və məktubu hazırlayan tabeliyində olanların hələ də Azərbaycan dilindən – orfoqrafiyasından, qrammatikasından, sintaksisindən məlumatlı olmadıqları yazdıqları məktubdan da bəllidir. Məsələn, məktubun 2-ci abzasının 5-ci sətrində “adıçəkilən” sözü “adı çəkilən” kimi, 5-ci abzasın 7-ci sətrində “aidiyyəti” sözü “aidiyyatı” kimi gedib (bütün qanunvericilik sənədlərində də “aidiyyəti” kimi işlədilir). 5-ci abzasın 4-cü sətrində “kriteriya” sözü işlədilib ki, bu söz bizim lüğətdə yoxdur, qarşılığı isə var: Meyar. Məni “reket jurnalist” adlandırdığı məktubunun 4-cü abzasında V.Səfərlinin daha bir səhvi cümlənin ortasında “reket jurnalist” ifadəsinin birinci “R” hərfini böyük yazmasıdır. Rəsmi quruma ünvanlanan və jurnalistika ilə bağlı təşkilatın adından yazılan cəmi 2 səhifəlik məktubda bu qədər səhvin olması doğrudan da acınacaqlıdır.

Bununla yanaşı, məktubun 5-ci abzasının 1-ci cümləsi, həm məna, həm də quruluş baxımından tamamilə səhvdir. İfadəli dildə desək, Vüqar Səfərli bu cümlədə “sintaktik qəza”ya yol verib. Diqqət yetirin: “Müəllif iftira xarakterli yazısında 2017-ci ilin iyul ayında kütləvi informasiya vasitələrinin əməkdaşları arasında mənzillərin bölgüsü prosesinin obyektivliyinə məqsədli şəkildə şübhə salmağa cəhd göstərmişdir”. İndi başa düşə bilmirik ki, Azərbaycan dilindən xəbərsiz olduğunu dediyimiz üçün V.Səfərli bizdən nəyə görə inciyir? Belə görürük ki, V.Səfərli bu məktubu ilə özü öz savadına “şübhə salır”. Gülümsəyin, cənablar!..

Digər bir məsələ budur ki, elə başdan-ayağa səhvlərlə dolu 5-ci abzasda bizim iddiamız kimi təqdim edilən “KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələrə mənzil verilməyəcək” ifadəsi V. Səfərlinin özünə məxsusdur. Belə ki, mənzillərin veriləcəyi jurnalistlərin seçimi zamanı bu fikri onun özü bəyan etmişdi. Biz də başqa mənbələrə istinadən (https://www.24saat.org/ev-alan-saxta-jurnalistlərin-siyahisi-vuqar-səfərlinin-katibə-ev-verib-137233.html) yazmışıq ki, bu prinsip və meyarlara əməl olunmayıb. Bunu niyə böhtan kimi qiymətləndirirsiniz? Belə obyektivsinizsə, sizə qarşı iddialara cavab olaraq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu adından ev alan şəxslərin vəzifə və ixtisasını açıqlayın.

Vüqar Səfərlinin soyadını dəyişdirməsi barədə fikirləri təhqir kimi qəbul etməsinə gəlincə, mən iddia etməmişəm ki, hansısa məmur ondan soyadını dəyişməsini tələb edib. Mən belə güman edirəm ki, Vüqar Səfərli soyadındakı şəkilçini məhz hazırda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı olan Vüqar Səfərova görə dəyişdirib. Burada təhqir sayılcaq nə var? Ola bilər ki, 2001-ci ildən bu vəzifədə olan V.Səfərovla bizim V.Səfərli arasındakı xətir-hörmətə görə və ya soyadlarına görə səhv salınmamaq üçün belə addım atılıb.

…Özünə qarşı bütün tənqidləri “mənimsəmə” kimi görür!

Qəzetlərə ayrılan maliyyə yardımının mənimsənilməsi məsələsinə gəlincə, haqqında danışılan yazıda konkret olaraq belə bir iddia yoxdur. Nədənsə Vüqar Səfərli əmindir ki, onun haqqında yazılan bütün tənqidi yazılarda mütləq onun “dövlət vəsaitlərini mənimsəməsi” iddia edilməlidir. KİVDF rəhbəri niyə özündən bu qədər xoflanır?..

Özünün qəzetlərinə maliyyə yardımı ayırmaq məsələsinə gəlincə, hamı bilir ki, “Mövqe”, “Futbol+qol” qəzetləri V.Səfərliyə məxsusdur və bütün bölgülərdə bu qəzetlərə digərlərindən daha çox vəsait ayrılır. Tutaq ki, biz bunu “korrupsiya” adlandırmırıq, bəs Siz özünüz bunu nə adlandırırsınız, cənab Səfərli?

Jurnalistlər üçün tikilən 1-ci və 2-ci binada neçə mənzil olması, ikinci binanın inşasına maliyyə vəsaitinin həddindən çox istifadəsi, jurnalistlərə çıxarışların verilməsində maneələrin yaradılması, KİV əməkdaşlarının ölkə başçısına müraciət etmələri, kommunal ödəniş və digər neqativ hallarla bağlı narazılıqları müxtəlif vaxtlarda ayrı-ayrı saytlarda gedən məqalələrdən götürmüşəm. İkinci binada mənzilə ehtiyacı olmayanların (bir neçə mənzili olduğu halda əlavə mənzil alanların), dövlət qurumlarında dövlət qulluqçusu kimi çalışanların və meyarlara uyğun gəlməyən digərlərinin siyahısı bir çox saytlarda var. Bəs saytlarda gedən yazılar V.Səfərlini niyə narahat etməyib? (https://storage.googleapis.com/qurium/azadliq.info/197526.html, http://www.abzas.net/2017/07/evsiz-jurnalist-adi-ilə-katibəyə-məmura-surucuyə-evi-olanlara-verilən-mənzillər-siyahi, http://gundemxeber.az/gundemxeber/32558-kvdf-jurnalistlere-deyil-neden-katibelere-ustunluk-verdi.html), https://www.24saat.org/əli-həsənov-mənzil-məsələsində-cinahi-səhv-saldi-ziddiyyətli-aciqlama-137244.html, https://www.cumhuriyyet.net/sonxeber/5375-ev-alan-jurnalistler-prezidentin-hediyyesinden-imtina-ede-bilerler.html).

Jurnalistləri Prezidentin adı ilə şantaj edən qruplaşma

Əli Həsənovun həbsinə start verildiVüqar Səfərli Mətbuat Şurasına ünvanladığı şikayətdə Prezidentin adından da istifadə edir. Güya biz Prezidentin mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün gördüyü işlərə gölgə salmışıq. Halbuki Prezidentin bu nəcib əməlinə məhz Əli Həsənov və Vüqar Səfərli kölgə salır. Hər dəfə jurnalistlərə ev veriləndə yaşanan narazılıqlar və səslənən haqlı iradlar bunu göstərir. Əvəzində isə Əli Həsənov və Vüqar Səfərli narazı jurnalistləri sanki şantaj edirlər ki, “sizi Prezidentin düşməni elan edərik haaa”… Bu məmurlar “Prezidentin nəcib təşəbbüsünə kölgə salmaq” barədə ittihamlardan məhz bu məqsədlə istifadə edirlər. Yəni öz ünvanlarına səslənən ittihamları məqsədli şəkildə Prezidentə yönəldirlər. Əksinə, narazı jurnalistlər Ə.Həsənov və V.Səfərlini məhz Prezidentin nəcib təşəbbüsünü gözdən salmaqda günahlandırırlar. Reallıq da göz qabağındadır…

Özünün şərəf və ləyaqətini qorumağa cəhd edən V.Səfərli məni təhqirdə günahlandırdığı halda əlində heç bir əsas olmadan və heç bir sübut gətirmədən mənə “reket” deyərək ən azı peşə fəaliyyəti ilə məşğul olan jurnalistin şərəf və ləyaqətini hədəfə alıb. Cənab Səfərli, “reket jurnalist”in Sizin kimi villası, maşını, yaxşı pulu olur. Daha mənim kimi kirayədə yaşayıb uşaqları üçün məktəb ləvazimatını borc pulla almır…

Əflatun Amaşov şəhid ailələrinə qarşı…

AzToday.az-la bağlı Mətbuat Şurasına şikayət edən qurumlardan biri də İsmayıllı İcra Hakimiyyətinin başçısı Mirdamət Sadiqovdur. Halbuki yazdığımız bütün yazılara görə saytımızda İsmayıllı İcra Hakimiyyətinin mövqeyini işıqlandırmışıq. Biz Mirdamət Sadiqovla bağlı hazırladığımız məqalələrdə icra başçısını şəhid ailəsinin problemlərini həll etməməkdə və böyük torpaq sahəsini əldə etdiyini faktlarla tənqid etmişik. Göründüyü kimi, Mətbuat Şurası milli-mənəvi dəyərlərimizə, xüsusilə də şəhid ailəsinin problemini işıqlandırdığımıza görə üstümüzə gəlməkdən belə utanmır…

Vüqar Səfərli və Əflatun Amaşovun ortaq himayədarı bizi bu yollarla susduracağını güman edir. Biz bundan sonra da hakimiyyətin media siyasətini həyata keçirənlərin Prezident İlham Əliyevə münasibətdə yol verdikləri xəyanətləri ifşa etməkdə israrlıyıq. Bundan sonra İudalara qarşı mübarizə aparmaq bizim üçün bir şərəf məsələsidir…

Vüqar Səfərlidən mətbuata mövzu təklifi

Bu arada qeyd edək ki, V. Səfərli öz şikayətində bizə maraqlı bir ideya da verib – jurnalistlər üçün binaların tikintisində korrupsiyanın olmadığını əsaslandırmaq üçün xərclərə nəzarət edən qurumların mövcudluğunu xatırladıb. Ola bilsin ki, Hesablama Palatasını nəzərdə tutur, baxmayaraq ki, Palatanın bu mövzuda hesabatı mövcud deyil. Ümumiyyətlə, bu binalara ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı maliyyə hesabatlarının şahidi olmamışıq. Proses zamanı “Dövlət satınalmaları haqqında” AR Qanununun tələbləri kobud şəkildə pozulub. Mal və xidmətlərin hansı şirkətlərdən alındığı barədə şəffaf bir hesabat yoxdur. Araşdırmalar üçün maraqlı mövzudur. Təşəkkürlər, cənab Səfərli, özünüz də bilmədən maraqlı bir mövzu verdiniz…

Əflatun Amaşov isə deputatı olduğu rayonda baş verənləri araşdırsa, pis olmaz. O rayonda lazımsız yerə yaradılmış vahimə mühitinə, 80 min əhalisi olan bütöv bir rayonun himayəli özəl maraqlar naminə dövlətdən narazı salınmasının səbəblərinə diqqət yetirsə, daha vicdanlı görünər. Əgər Əli Həsənovdan qorxmayıb bu məsələləri araşdırmaq istəsə, biz də mətbuat olaraq yardım göstərə bilərik…

Hələlik, görüşənədək!

Elmidar Əliyev

Bənzər yazılar

Back to top button