İqtisadiyyat

Bakıdakı 600 terminaldan 200-ü işləmir

Bakıdakı avtobus dayanacaqlarında quraşdırılan Avtobus İnformasiya terminallarının çoxu işləmir.

Report xəbər verir ki, hazırda dayanacaqların bəzilərində terminal ümumiyyətlə yoxdur, olanların çoxu işləmir, işləyənlərin isə yalnız monitoru ekranı yanır, monitorda ya reklam gedir, ya da Bakı Nəqliyyat Agentliyinin logosu yazılıb. Bir sözlə, işləyən terminalların da çoxu təyinatı üzrə xidmət göstərmir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev report-a açıqlamasında bildirib ki, dayanacaqlardakı Avtobus İnformasiya terminalları BNA yaradılmazdan əvvəl quraşdırılıb: “Hazırda təxminən 600 belə terminal quraşdırılıb. Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlayan kimi şəhərin ümumi nəqliyyat sistemi ilə bağlı mövcud vəziyyəti təhlil edib, bir çox çatışmazlıqlar aşkarlanıb. O cümlədən də Avtobus İnformasiya terminalları ilə bağlı çatışmazlıqlar var. Hazırda Avtobus İnformasiya terminallarının təyinatı üzrə işləyərək sərnişinlərimizə xidmət göstərməsi üçün zəruri iş aparılır”.

Onun sözlərinə görə, quraşdırılan 600 terminaldan 400-ə yaxını işləyir: “Sistemdə müəyyən problemlər var onların həll edilməsi üçün iş aparılır”.

Qeyd edək ki, Avtobus İnformasiya terminallarını 2011-ci ildə Nəqliyyat Nazirliyi quraşdırıb. Bu terminallar vasitəsilə sərnişinlər gözlədikləri avtobusun dayanacağa nə qədər vaxtdan sonra gələcəyini öyrənirlər.

Bənzər yazılar

Back to top button