Siyasət

44 günlük döyüşlərdə üzə çıxan zəif tərəflərimiz – Bəs sonra?

Azərbaycanın işğal olunmuş ərazilərin azad olunması üçün başladığımız son hərbi əməliyyatlar güclü tərəflərimizlə bərabər zəif tərəflərimizi də üzə çıxartdı. Uğurlarımız fonunda bir sıra sahələrdəki boşluqlarımız nəzərə çarpmasa da, dövlətin straterji mərkəzləri bu məsələyə mütləq diqqət etməlidir. Ənənəvi olaraq yenə də əsas problemimiz xarici ölkələrdə fəaliyyət göstərən diplomatik qurumlarımız, o cümlədən diaspor təşkilatlarının fəaliyyətinin erməni tərəfi ilə müqayisədə əhəmiyyətli dərəcədə zəif olması ilə bağlıdır. Qeyd etməkdə yenə də fayda var ki, bu sahələrdə zəif olmağımızın həm obyektiv, həm də subyektiv səbəbləri var.

Obyektiv səbəblərdən ən əsası kimi ermənilərin inkişaf etmiş qərb ölkələrində uzun müddət əvvəldən yerləşməsini qeyd edə bilərik. Məsələn, təxminən 1 əsr bundan qabaq Türkiyədən, Suriyadan, Rusiyadan köçən ermənilərin əksəriyyəti ABŞ-ın Kaliforniya ştatında, o cümlədən bu ştatın mərkəzi olan Los-Ancelesdə kompakt şəkildə yaşayır. ABŞ-da keçirilən seçkilərdə də istər Respublikaçılar, istərsə də Demokratlar Partiyası təbliğatları zamanı ermənilərə jest etmələri də təsadüf deyil. Hazırda Amerikada yaşayan azərbaycanlıların isə əksəriyyəti 90-cı illərdən sonra “Greencard” və başqa yollarla yaxşı yaşayış məqsədi ilə ora köçənlərdir ki, bu ölkənin vətəndaşlar kimi hələ də bütün statuslara malik deyillər. Eyni vəziyyət aşağı-yuxarı başqa qərb ölkələrində də eynidir.

O qədər əhəmiyyətli olmamasına baxmayaraq, xristianlıq faktoru da bu məsələdə ermənilərin xeyrinə işləyən amildir.

Qərb ölkələri ermənilərə niyə dəstək vermədi?

Bütün bu üstünlüklərə rəğmən, 44 günlük döyüşlər zamanı erməni diasporu fəaliyyət göstərdiyi ölkələrin işğalçı tərəfə güclü dəstək verməsinə nail ola bilmədi. Bir-iki nüansı çıxmaq şərti ilə ermənilərə verilən dəstək quru bəyanatlardan o tərəfə keçmədi. Halbuki, ermənilər həmin ölkələrin mətbuatında hakimiyyətlərə qarşı güclü təzyiq qurmuşdu. Bununla belə dünyanın ən güclü ölkələrinin ermənilərə ciddi dəstək verməməsi bizi rahatlaşdırmamalıdır. Çünki sentyabrın 27-dən noyabrın 10-a kimi davam edən əməliyyatlardan əvvəl rəsmi Bakı beynəlxalq hüququn üstünlüklərindən yararlanmaqla apardığı xarici siyasətlə sözügedən ölkələrin ən azından neytral qalmasına nail olmuşdu. Amma bu üstünlüyümüzün gələcəkdə davam edəcəyinə heç bir təminat yoxdur. Tarixboyu böyük dövlətlərin maraqlarından maksimum istifadə etməklə regionda istəklərini həyata keçirməkdə “peşəkar” olan ermənilərin yaxın perspektiv üçün planlarının olduğunu unutmamalıyıq. Ən başlıcası Azərbaycanın xarici siyasətinin milli maraqlar əsasında qurulduğunu nəzərə aldıqda gec-tez bu ölkələrin təzyiqi ilə üzləşəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil.

Diaspor və diplomatiyamız daha fəal işləməlidir

Bu baxımdan, Azərbaycanın diplomatiyası və diasporu Cənubi Qafqazda maraqları olan ölkələrdə daha fəal işləməli, həqiqətlərlə ictmai rəyin dəyişməsinə nail olmağa çalışmalıdır. Bunun üçünsə ermənilərin istifadə etdiyi alətlərdən yararlanmaqda fayda var: İlk növbədə inkişaf etmiş qərb ölkələrinin nüfuzlu media qurumları ilə fəal işləmək, ictimai rəyə təsir edə biləcək məşhur siyasətçilərinə, elm adamlarına, idmançılarına, aktyorlarına və s. bu qəbildən olan insanlara erməni yalanlarını çatdırmaq, dünyanın nüfuzlu ali məktəblərində Qarabağ münaqişəsinin səbəbləri ilə bağlı tədbirlər keçirmək, elmi tədqiqatların aparılmasına və s. bu kimi tədbirlər təşkil etmək, bu ölkələrin vətəndaş cəmiyyətlərinin Azərbaycan QHT-ləri ilə işləməsinə nail olmaq lazımdır.

Cənubi Qafqazda güclü təzyiq rıçaqlarına sahib olan Rusiyada həm də ictimai rəyi Azərbaycanın lehinə çevirmək üçün dəqiq düşünülmüş texnologiyalardan istifadə edilməlidir. Həmçinin, Rusiyada olduqca dağınıq vəziyyətdə olan diasporumuzun mütəşəkkil bir gücə cevrilməsinə çalışmaq və bu prosesə mane olan amilləri sıradan çıxarmaq gərəkir…

Nəzərə almaq lazımdır ki, Azərbaycan üçün indi daha çətin mərhələ başlayır. Bu mərhələdən qalib çıxmağımız üçün ölçülüb-biçilmiş tədbirlərə ehtiyac var…

Orxan Əhmədli

Bənzər yazılar

Back to top button